Ana Sayfa > Siyasət > Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında

Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında


Bu gün, 14:48. Yazar: azer
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında

Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər və xalqlar qarşısında yeni çağırışlar yaratmaqla yanaşı, əməkdaşlığın ənənəvi formalarının da yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu baxımdan Türk dünyası və İslam ölkələri arasında münasibətlərin tarixi, dini və mədəni yaxınlıq üzərində deyil, həm də konkret siyasi, humanitar və institusional əməkdaşlıq mexanizmləri əsasında inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda keçirilməsi də məhz bu çərçivədə diqqət çəkir. Bu iki tədbirin bir məkanda və eyni zaman kəsiyində keçirilməsi tarixlə müasirliyin, milli-mədəni irslə beynəlxalq əməkdaşlığın bir-birini tamamlayan istiqamətlər kimi təqdim olunmasına imkan yaradır. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz tarixi şəxsiyyətləri və zəngin mədəni irsi ilə fəxr edən ölkə olmaqla yanaşı, bu irsi daha geniş coğrafiyada tanıtmağa və onun ətrafında dialoq mühiti yaratmağa çalışır.

Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunda Türk dünyasının birliyinin möhkəmləndirilməsi strateji prioritetlərdən biridir və “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” prinsipi bu əməkdaşlığın ideoloji əsasını təşkil edir. Bu siyasi xəttin məntiqi davamı olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında dini sahədə əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi, ortaq dini-mənəvi dəyərlərin qorunması və müasir çağırışlara qarşı əlaqələndirilmiş yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 2026-cı ilin iyun ayında Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi Türk dünyasının inteqrasiya proseslərinin dini sahədə də sistemli əməkdaşlıq müstəvisinə keçdiyini göstərən vacib təşəbbüs kimi xarakterizə oluna bilər.

Azərbaycan tarixinin böyük mütəfəkkirlərinin irsi milli sərhədlərlə məhdudlaşmayan mühüm mənəvi sərvətdir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrin vacib hissəsini təşkil edir. Bu irsin aktuallığı keçmişin xatırlanması ilə bağlı deyil. Əksinə, həmin irs bu gün müxtəlif xalqlar və cəmiyyətlər arasında dialoq üçün intellektual və mənəvi zəmin formalaşdıra bilər. Seyid Yəhya Bakuvinin irsinin beynəlxalq konfrans çərçivəsində müzakirə olunması da bu aspektdən önəmli hadisədir. Çünki böyük mütəfəkkirlərin irsinin beynəlxalq elmi və ictimai dövriyyəyə daxil edilməsi mədəni diplomatiyanın imkanlarını genişləndirir. Tarixi şəxsiyyətlərin irsi xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi üçün istifadə edilə bilən əhəmiyyətli humanitar resursdur.

Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqa yönəlmiş tədbirlərə ev sahibliyi etməsi Azərbaycanı müxtəlif platformaların kəsişdiyi məkanlardan birinə çevirir. Azərbaycanın xüsusi mövqeyi həm də onun coğrafi və siyasi kimliyinin çoxşaxəli xarakterindən irəli gəlir. Ölkəmiz Türk dünyasının bir hissəsidir, Qafqaz regionunda yerləşir və İslam dünyasının mühüm siyasi və mədəni aktorlarından biridir. Prezident İlham Əliyevin çıxışında da Azərbaycanın Türk dünyası və Qafqaz arasında tarixi əlaqələrə malik olması xüsusi vurğulanır. Bu xüsusiyyət Azərbaycanın beynəlxalq əməkdaşlıq gündəliyinə əlavə imkanlar qazandırır. Müxtəlif regional təşkilatlar və platformalar arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində çoxvektorlu əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edə bilər.

İslam həmrəyliyi anlayışı uzun müddət əsasən mənəvi və dini birlik kontekstində işlədilib. Halbuki müasir beynəlxalq münasibətlərdə bu anlayışın daha geniş məzmun qazanması mümkündür. Həmrəylik ortaq problemlərə münasibətdə qarşılıqlı məsuliyyət, dialoq və əməkdaşlıq mexanizmlərinin formalaşdırılması deməkdir. Cənab prezident İlham Əliyevin çıxışında Azərbaycanın İslam həmrəyliyini “əməli-praktiki addımlarla” gücləndirmək siyasətinə xüsusi diqqət yetirilir. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirilən tədbirlər, eləcə də 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları bu yanaşmanın nümunələri kimi göstərilir. Burada əsas məsələ həmrəyliyin institusional xarakter almasıdır. Əgər dövlətlər və cəmiyyətlər arasında münasibətlər təkcə bəyanatlar səviyyəsində qalırsa, onların uzunmüddətli nəticə yaratmaq imkanları məhdud olur. Əksinə, müntəzəm görüşlər, birgə layihələr, humanitar proqramlar, akademik mübadilələr və ictimai diplomatiya mexanizmləri həmrəyliyi davamlı prosesə çevirə bilər.



Dini liderlər böyük sosial auditoriyalara təsir göstərən ictimai aktorlardır. Onların sülh, qarşılıqlı hörmət, barışıq və əməkdaşlıq çağırışları cəmiyyətlərdə münasibətlərin formalaşmasına təsir göstərə bilər. Cənab prezidentin çıxışında dini liderlərin sözlərinin müsəlman icmaları üçün əhəmiyyət daşıdığı və bu sözlərin sülhə, əməkdaşlığa və əmin-amanlığa istiqamətlənməsinin vacibliyi məhz bu reallıqla əlaqələndirilir. Bu yanaşma dini diplomatiyanın müasir beynəlxalq münasibətlərdə artan əhəmiyyətini də göstərir. Din dövlətlərarası münasibətlərin yeganə müəyyənedicisi olmasa da, ictimai diplomatiya, humanitar əlaqələr və sülh quruculuğu baxımından mühüm vasitələrdən birinə çevrilə bilər.

Sülhün əldə olunması ilə onun cəmiyyətlərdə möhkəmləndirilməsi eyni proses deyil. Siyasi razılaşmalar münaqişənin hüquqi və diplomatik çərçivəsini müəyyən edə bilər, lakin uzunmüddətli sülh üçün cəmiyyətlər arasında etimadın formalaşması da zəruridir. Məhz bu çərçivədə dini liderlərin imkanlarından istifadə məsələsi xüsusi diqqət tələb edir. Dini icmaların rəhbərləri insanların dünyagörüşünə, mənəvi təsəvvürlərinə və sosial davranışlarına təsir göstərə bilirlər. Buna görə də onların qarşıdurma deyil, dialoq və qarşılıqlı anlaşma dilindən istifadə etməsi sülh mədəniyyətinin inkişafına töhfə verə bilər.

Prezident İlham Əliyevin çıxışında da regionda sülhün qorunması məsələsinə xüsusi yer ayrılır. Azərbaycan tərəfindən sülh gündəliyinin seçilməsi və bu istiqamətdə praktiki addımların atılması dövlət siyasətinin mühüm istiqaməti kimi təqdim olunur. Bu kontekstdə Türk dünyası və İslam dünyasının dini liderləri arasında dialoq platformalarının genişləndirilməsi sadəcə dini məsələ kimi deyil, həm də regional sabitlik və humanitar əməkdaşlıq məsələsi kimi nəzərdən keçirilə bilər. Prezidentin çıxışında Qarabağ məsələsinə ayrılan geniş yer Azərbaycanın müharibədən sonrakı siyasi gündəliyinin mühüm istiqamətlərini də ortaya qoyur. Burada üç paralel xətt diqqəti cəlb edir: tarixi yaddaşın qorunması, dağıdılmış ərazilərin bərpası və gələcəyə yönəlmiş sülh gündəliyi.

Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış dini-mədəni irsin bərpası bu istiqamətdə ayrıca əhəmiyyət daşıyır. Ağdam məscidinin bərpası prosesindən sonrakı mərhələdə digər məscidlərin də bərpası və yenidən qurulması məsələlərinə toxunulmuşdur. Dini abidələr həm də tarixi yaddaşın, mədəni kimliyin və ictimai məkanın bir hissəsidir. Ona görə də dini irsin qorunması postmünaqişə dövründə sosial reinteqrasiyanın və mədəni həyatın bərpasının mühüm komponentlərindən biri kimi qiymətləndirilə bilər.

Eyni zamanda, Qarabağda həyata keçirilən Böyük Qayıdış prosesi regionun sosial həyatının yenidən qurulmasını qarşıya məqsəd qoyur. Prezidentin çıxışında artıq müxtəlif şəhər və kəndlərdə insanların məskunlaşdığı, keçmiş məcburi köçkünlərin qayıtdığı və regionda həyatın bərpa olunduğu qeyd edilir. Bu prosesin sosial aspekti xüsusi əhəmiyyət daşıyır. Çünki ərazilərin fiziki bərpası ilə yanaşı, insanların həmin məkanlarla mənəvi və sosial bağlarının yenidən qurulması da uzunmüddətli nəticələrin əsas şərtlərindən biridir.

Sülh haqqında danışarkən diqqəti sadəcə dövlətlərarası münasibətlərə yönəltmək kifayət deyil. Sülh həm də insanların gündəlik həyatına, ailələrin gələcəyinə, uşaqların dünyagörüşünə və cəmiyyətlərin bir-birini necə qəbul etməsinə təsir edən sosial hadisədir. Bu nöqteyi-nəzərdən sülh gündəliyinin sosial ölçüsü xüsusi əhəmiyyət kəsb edir. Uzunmüddətli sülh nəsillərin qarşılıqlı düşmənçilik deyil, dialoq və əməkdaşlıq mühitində formalaşmasını tələb edir. Məhz burada ailə və sosial institutların rolu ön plana çıxır. Uşaqların və gənclərin dünyagörüşünün formalaşmasında ailə ilə yanaşı, təhsil, mədəniyyət, media və dini institutlar da mühüm rol oynayır. Sülh mədəniyyətinin gələcək nəsillərə ötürülməsi bu institutların birgə fəaliyyətini zəruri edir. Çünki cəmiyyətin dayanıqlılığı yalnız iqtisadi və siyasi göstəricilərlə ölçülmür. Ailə institutunun möhkəmliyi, uşaqların təhlükəsiz və sağlam sosial mühitdə böyüməsi, qadınların ictimai həyatda fəal iştirakı və gənclərin vətəndaşlıq dəyərlərinin inkişafı dövlətin uzunmüddətli sosial dayanıqlılığının əsas komponentlərindəndir. Bu mənada milli-mənəvi dəyərlər müasir sosial siyasətin mühüm elementlərindən biri olmaqla yanaşı, insan hüquqları, bərabərlik, qarşılıqlı hörmət və sosial məsuliyyət prinsipləri ilə birlikdə nəzərdən keçirilməlidir.

Azərbaycanın yerləşdiyi coğrafi məkan ona müxtəlif regional əməkdaşlıq istiqamətlərini birləşdirən imkanlar verir. Türk dünyası ilə Qafqaz, Qafqazla İslam dünyası, Türk dünyası ilə İslam dünyası arasında tarixi və müasir əlaqələrin mövcudluğu bu imkanların əsasını təşkil edir. Prezidentin çıxışında Türk dünyası, Qafqaz və İslam aləminin birlikdə əməkdaşlıq etməsinin əhəmiyyətinə xüsusi diqqət yetirilir. Burada “birlik” anlayışını təkcə siyasi inteqrasiya kimi başa düşmək düzgün olmazdı. Müasir şəraitdə birlik müxtəlif əməkdaşlıq formatlarının paralel şəkildə inkişaf etdirilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsi deməkdir.

Azərbaycanın qarşısında duran vəzifələrdən biri də məhz bu müxtəlif platformalar arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir. Dini liderlərin mütəmadi görüşləri, parlamentlərarası əlaqələr, gənclər və qadın platformaları, akademik əməkdaşlıq və mədəni diplomatiya bu istiqamətdə başlıca vasitələr ola bilər. Prezident İlham Əliyevin dini liderlərin görüşlərinin ənənəvi formata çevrilməsi, onların hər il və ya iki ildən bir keçirilməsi ilə bağlı irəli sürdüyü fikir də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə platformaların davamlı xarakter alması fikir mübadiləsini epizodik tədbirdən institusional dialoq mexanizminə çevirə bilər.

Müasir dövrdə beynəlxalq tədbirlərin sayından daha çox onların yaratdığı nəticələr əhəmiyyət daşıyır. Bütün bubları nəzərə alsaq və mədəni platformaların gələcək fəaliyyətində nəticəyönümlülük əsas meyarlardan biri olmalıdır. Dini liderlərin görüşləri çərçivəsində sülh mədəniyyətinin təşviqi, dini ayrı-seçkiliyin qarşısının alınması, ekstremizmə qarşı maarifləndirmə, dini-mədəni irsin qorunması, gənclər arasında tolerantlıq və qarşılıqlı hörmətin gücləndirilməsi kimi istiqamətlər üzrə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması mümkündür. Davamlı nəticə üçün müxtəlif sosial qrupların bu prosesdə iştirak imkanlarının genişləndirilməsi vacibdir.

Azərbaycanın bu proseslərdəki mövqeyi onun Türk dünyası, Qafqaz və İslam dünyasının kəsişməsində yerləşən ölkə kimi imkanları ilə sıx bağlıdır. Bu imkanların davamlı nəticələrə çevrilməsi isə dialoqun institusional xarakter almasından, əməkdaşlığın konkret layihələrlə möhkəmləndirilməsindən asılıdır. Bu gün dünyada qarşıdurmaların coğrafiyasının genişləndiyi bir şəraitdə sülhə xidmət edən hər bir platformanın əhəmiyyəti artır. Lakin sülh müharibənin olmaması deyil. Sülh həm də qarşılıqlı etimadın, sosial həmrəyliyin, dialoq mədəniyyətinin və gələcəyə dair ortaq baxışın formalaşmasıdır. Azərbaycanın Türk və İslam dünyası ilə əməkdaşlıq siyasətinin qarşısında duran əsas perspektivlərdən biri də məhz bu anlayışların praktik məzmunla zənginləşdirilməsidir. Bakıda keçirilən dini və mədəni tədbirlər bu istiqamətdə təkcə bir başlanğıc deyil, həm də daha davamlı və institusional əməkdaşlıq üçün imkan yaradan platforma kimi nəzərdən keçirilə bilər.

Həmrəylik tarixdən gələn mənəvi yaxınlığın ifadəsi ola bilər. Lakin onu davamlı siyasi və ictimai resursa çevirən əsas amil ortaq fəaliyyət, qarşılıqlı etimad və konkret əməkdaşlıqdır. Azərbaycanın bu prosesdə irəli sürdüyü yanaşmanın mahiyyəti də məhz həmrəyliyin praktik məzmun qazanmasına yönəlir.

Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor
Geri dön