Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: "Regionun sabahını həmrəylik və sülh yönümlü gündəm formalaşdırır"

Manaf Manafov: "Regionun sabahını həmrəylik və sülh yönümlü gündəm formalaşdırır"


Bu gün, 12:51. Yazar: azer
Manaf Manafov: "Regionun sabahını həmrəylik və sülh yönümlü gündəm formalaşdırır"

Bakıda təşkil olunan beynəlxalq tədbirlərin iştirakçılarının Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Azərbaycanın Türk dünyasında, İslam aləmində və Cənubi Qafqazda tutduğu mövqenin növbəti dəfə nümayiş etdirilməsi baxımından mühüm hadisədir. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının toplantısı ilə Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda paytaxtda keçirilməsi də xüsusi məna daşıyır. Bu tədbirlərin Bakıda baş tutması Azərbaycanın müxtəlif coğrafiyaları, xalqları və dini-mədəni mühitləri bir araya gətirən mühüm dialoq məkanına çevrildiyini göstərir.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Cənab Prezident görüş zamanı Azərbaycanın beynəlxalq və regional mövqeyini aydın şəkildə ifadə edərək bildirib: “Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir.” Türk dünyası ilə Qafqaz arasında mühüm coğrafi və siyasi kəsişmə nöqtəsində yerləşən Azərbaycan son illərdə bir tərəfdən türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsinə, digər tərəfdən isə Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.
Cənab Prezident İlham Əliyev müsəlman dini liderlərin bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib: “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.” Bu yanaşma Azərbaycanın dini həmrəyliyə verdiyi əhəmiyyəti də açıq şəkildə göstərir. Beləliklə, Bakı dini liderlərin mənəvi və dini məsələlərlə yanaşı, sülh, qarşılıqlı anlaşma və əməkdaşlıq ideyalarını müzakirə etdiyi mühüm beynəlxalq mərkəzlərdən birinə çevrilir.
Görüş zamanı Qarabağ məsələsinə də xüsusi diqqət ayrılıb. Cənab Prezident beynəlxalq qonaqların Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəklərini qeyd edərək onların həm işğal dövrünün ağır nəticələri, həm də bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesləri ilə yerində tanış olacaqlarını bildirib. Dövlətimizin başçısı həmin mənzərəni ifadə edərkən “Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər”, - deyə vurğulayıb.

Bu gün isə həmin ərazilərdə tamamilə fərqli mənzərə formalaşır. İşğaldan azad olunmuş torpaqlarda həyatın bərpası sürətlə davam edir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü təmin olunur. Cənab Prezident İlham Əliyev bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir.”
Bütün bunlar Qarabağ məsələsində yeni tarixi mərhələnin formalaşdığını göstərir. Uzun illər ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mümkün olmadığı barədə müxtəlif fikirlər səsləndirilirdi. Azərbaycan isə öz siyasi iradəsi, gücü və qətiyyəti ilə bu yanaşmanı dəyişdirdi. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı.” Bu gün əldə olunan Zəfərin nəticələri Qarabağın yenidən qurulan şəhər və kəndlərində, çəkilən yeni yollarda, istifadəyə verilən məktəblərdə və salınan yaşayış məhəllələrində öz real ifadəsini tapır.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycan-Ermənistan sülh prosesinə də geniş yer ayırıb. Dövlətimizin başçısı iki ölkə arasında sülh prosesinin davam etdiyini bildirərkən eyni zamanda tarixi yaddaşın qorunmasının vacibliyini xüsusi vurğulayıb: “Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq.” Bununla yanaşı, sülhün keçmişdə baş verənlərin yaddaşdan silinməsi anlamına gəlmədiyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı “Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək”, - deyə bildirib.

Müsahibimiz daha sonra qeyd edib ki, Bakıda keçirilən görüşün əsas siyasi və mənəvi mesajı da məhz bu məqamda özünü göstərir. Azərbaycan müharibədən sonrakı dövrdə yalnız işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq həyata keçirən dövlət kimi deyil, həm də sülhün, qarşılıqlı əməkdaşlığın və həmrəyliyin təşviqinə töhfə verən ölkə kimi çıxış edir. Türk dünyasının və İslam aləminin nüfuzlu nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın bu istiqamətlərdə artan rolunu bir daha nümayiş etdirir. Cənab Prezidentin sözləri ilə desək, “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.” Bakının beynəlxalq əhəmiyyətinin getdikcə artmasının əsas səbəblərindən biri də məhz bu yanaşmadır. Azərbaycan öz tarixi yaddaşını və milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, gələcəyə istiqamətlənir, Qarabağda yeni həyat qurur, Türk dünyası ilə əlaqələrini daha da möhkəmləndirir, İslam həmrəyliyinə öz töhfəsini verir və regionda davamlı sülhün təmin olunması üçün fəal mövqe nümayiş etdirir.Bakının verdiyi mesaj aydın və konkret məzmun daşıyır: müharibənin nəticəsi quruculuq, qarşıdurmanın alternativi əməkdaşlıq, məcburi köçkünlüyün sonu isə doğma yurda qayıdış olmalıdır. Azərbaycanın bugünkü siyasətinin əsas xətti də məhz bu məqsədlər üzərində qurulub-– deyə, Manaf Manafov fikirlərini tamamlayıb.
Geri dön