Ana Sayfa > Siyasət > Qarabağ həqiqətlərinə dözümsüz münasibət

Qarabağ həqiqətlərinə dözümsüz münasibət


Bu gün, 12:03. Yazar: azer
Qarabağ həqiqətlərinə dözümsüz münasibət

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə sentyabrın 11-12-də təşkil olunmuş səfərində 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərin iştirakı Ermənistan cəmiyyətinin müəyyən dairələrində narazılıq yaradıb. Halbuki səfərin mahiyyəti aydındır: Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri ölkəmizin suveren ərazisində gedən bərpa-quruculuq prosesini, sosial-iqtisadi layihələri və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işləri yerində müşahidə ediblər. Ermənistan mediasında və siyasi dairələrində səfərdə iştirak edən diplomatlara qarşı təzyiq xarakterli çağırışların səsləndirilməsi isə bu reallığı qəbul etmək istəməməyin göstəricisidir.

Məsələnin əsas tərəfi budur ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Xarici diplomatların Azərbaycan ərazisində hərəkətinə görə hədəfə alınması Ermənistanın özünün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir. Digər dövlətlərin nümayəndələrinə Qarabağa səfərə görə təzyiq göstərilməsi Azərbaycanın daxili işlərinə müdaxilədir. Səfərin diplomatik korpusun azad edilmiş ərazilərə 2020-ci ildən bəri 22-ci ziyarəti olması bunun davamlı diplomatik praktika olduğunu göstərir.

Gəncəsər və Xudavəng kimi abidələr ətrafında birtərəfli etnik-siyasi narrativ formalaşdırmaq cəhdləri tarixə münasibətdə obyektivlik problemini gündəmə gətirir. Ermənistanın Azərbaycan ərazisindəki xristian irsi ilə bağlı iddiaları önə çıxararkən, indiki Ermənistan ərazisində əsrlər boyu mövcud olmuş Azərbaycan-türk və müsəlman mədəni izlərinin taleyi barədə danışmaması ikili standart təsəvvürü yaradır. Tarixi yaşayış məntəqələrinin, qəbiristanlıqların, məscidlərin və digər mədəni obyektlərin taleyi ilə bağlı Azərbaycan tərəfinin qaldırdığı məsələlər də məhz bu kontekstdə qiymətləndirilməlidir. Mədəni irs siyasi manipulyasiya vasitəsinə çevrilməməli, onun qorunması bütün tərəflər üçün eyni meyarlarla ölçülməlidir.

Beynəlxalq hüququn bu sahədə prinsipləri də aydındır. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üçün dövlətlər qarşısında öhdəliklər müəyyən edir. Azərbaycan həmin Konvensiyanın və protokollarının iştirakçısıdır. Buna görə tarixi və mədəni irsin qorunması qarşılıqlı ittihamlar üzərindən deyil, beynəlxalq hüququn müəyyən etdiyi məsuliyyət çərçivəsində müzakirə olunmalıdır.

Təəssüf doğuran digər məqam Ermənistan daxilindəki siyasi ritorikanın sülh gündəliyi ilə ziddiyyət təşkil etməsidir. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın diplomatik korpusun səfəri ilə bağlı açıqlaması da bu baxımdan diqqət çəkir. Belə bəyanatlar Azərbaycanın suveren ərazisi ilə bağlı müzakirəni yenidən qarşıdurma müstəvisinə keçirmək riski yaradır. 2022-ci ilin sentyabr döyüşlərində həlak olan hərbçilərin Ermənistan parlamentində yad edilməsi də həmin hadisələrin siyasi ritorikada necə təqdim olunduğu məsələsini gündəmə gətirir. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, cəmiyyətlərdə qarşı tərəfin suverenliyinə və ərazi bütövlüyünə hörmət edən mühitin formalaşdırılması ilə möhkəmlənir. Azərbaycan ərazisində fəaliyyət göstərən diplomatik nümayəndələrin öz səfərlərinə görə hesabat verməli tərəf kimi təqdim edilməsi isə bu yanaşmaya xidmət etmir.

Azərbaycanın mövqeyi isə aydındır: Qarabağ ölkəmizin ayrılmaz hissəsidir və burada aparılan bərpa-quruculuq işləri Azərbaycanın öz ərazisində həyata keçirdiyi legitim fəaliyyətdir. Diplomatik nümayəndələrin bölgəyə səfərləri dünyaya yeni reallığı, dağıdılmış yaşayış məntəqələrinin dirçəldilməsini, infrastrukturun qurulmasını və mədəni irsin bərpasına yönəlmiş tədbirləri göstərmək baxımından əhəmiyyətlidir.

İndi əsas vəzifə keçmişin təhrif olunmuş narrativlərini yenidən dövriyyəyə buraxmaq deyil, regionda davamlı sülh və əməkdaşlıq üçün sağlam mühit yaratmaqdır. Bunun yolu başqa ölkələrin diplomatlarına təzyiq göstərməkdən, Azərbaycanın öz ərazisində baş verən proseslərə etiraz etməkdən və tarixi irsi siyasi qarşıdurmanın predmetinə çevirməkdən keçmir. Qarşılıqlı suverenliyə hörmət, beynəlxalq hüquqa sədaqət və faktlara əsaslanan dialoq Cənubi Qafqazda yeni münasibətlər sisteminin əsasını təşkil edə bilər.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.

Geri dön