Ana Sayfa > Siyasət > Ermənistanın Qarabağ səfərinə reaksiyası sülh çağırışları ilə uzlaşmır

Ermənistanın Qarabağ səfərinə reaksiyası sülh çağırışları ilə uzlaşmır


Bu gün, 12:00. Yazar: azer
Ermənistanın Qarabağ səfərinə reaksiyası sülh çağırışları ilə uzlaşmır

Xarici diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri sıradan diplomatik tədbir çərçivəsində qiymətləndirilə bilməz. Bu səfərlər eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda formalaşmış yeni reallıqların beynəlxalq nümayəndələr tərəfindən bilavasitə müşahidə olunması və obyektiv dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin son günlər Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı gördükləri mənzərə Azərbaycanın suverenliyinin tam bərpasından sonra regionda meydana çıxan köklü dəyişiklikləri bir daha aydın şəkildə ortaya qoydu. Səfərin Ermənistanda müəyyən siyasi və ictimai dairələr tərəfindən aqressiv ritorika ilə qarşılanması isə xüsusi diqqət tələb edir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edirsə, o zaman radikal çevrələrin Azərbaycan ərazisində səfərdə olan xarici diplomatları hədəfə almasının hüquqi və siyasi əsasını izah etmək çətindir. Diplomatik nümayəndələrin fəaliyyətinə bu cür müdaxilə yalnız qəbuledilməz davranış deyil, həm də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi görünür. Bu baxımdan Ermənistanın həmin səfərə etirazını əsaslandıracaq tutarlı arqument ortaya qoyması mümkün deyil.

Diplomatların Qarabağda birbaşa şahidi olduqları reallıqlar Ermənistanın uzun illər ərzində apardığı təbliğatın yaratdığı təsəvvürlərlə tamamilə uzlaşmır. Hazırda bölgədə müharibə nəticəsində dağıdılmış yaşayış məntəqələrinin bərpası, müasir yol və infrastruktur layihələrinin icrası, şəhərlərin yenidən qurulması, eləcə də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində böyük həcmli layihələr həyata keçirilir. Görülən işlər Azərbaycanın Qarabağa yanaşmasını bəyanatlardan daha çox real addımlarla nümayiş etdirir. Ermənistanın tarixi və mədəni irslə bağlı iddiaları da bu ziddiyyətli yanaşmanın digər nümunəsidir. Gəncəsər və Xudavəng monastırlarının yalnız erməni irsi kimi təqdim olunması, Qafqaz Albaniyasının Azərbaycan ərazisindəki tarixi və mədəni rolunun inkarına yönələn yanaşmalar elmi məsələlərin siyasi məqsədlərlə şərh edilməsinə gətirib çıxarır. Qafqaz Albaniyasının irsi Azərbaycan ərazisinin qədim tarixinin mühüm tərkib hissələrindən biridir. Tarixi faktların etnik və siyasi məqsədlərə uyğun şəkildə yozulması isə obyektiv elmi araşdırma prinsipləri ilə uzlaşmır.

Parlament üzvü fikirlərini davam etdirərək Ermənistanın öz ərazisində yerləşən Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətinin də ciddi suallar doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, Qərbi Azərbaycanda azərbaycanlıların tarixi izlərinin aradan qaldırılması, məscidlərin, qəbiristanlıqların və yaşayış məntəqələrinin dağıdılması ilə bağlı faktlar mövcuddur. Belə bir vəziyyət fonunda mədəni irsin qorunmasından danışılması ciddi ziddiyyət yaradır. Tarixi irsin müdafiəsinə çağırış edən tərəf ilk növbədə öz ərazisində bu prinsiplərə münasibətini əməli şəkildə göstərməlidir. Ermənistan siyasi mühitində revanşist ritorikanın yenidən güclənməsi isə mövcud ziddiyyətləri daha da dərinləşdirir. Hakimiyyətə yaxın informasiya resurslarında diplomatların səfərinə qarşı aparılan kampaniya, eləcə də parlament sədri Ruben Rubinyanın səsləndirdiyi fikirlər bunu təsadüfi hadisə kimi qiymətləndirməyə əsas vermir. Ermənistan parlamentində sentyabrın 14-də 2022-ci ilin sentyabr döyüşlərində həlak olan hərbçilərin bir dəqiqəlik sükutla yad edilməsi də həmin proses fonunda revanşist yaddaşın siyasi müstəvidə yenidən qabardılması kimi şərh olunur. Bütün bu hadisələr Ermənistanın sülh prosesinə münasibəti ilə bağlı suallar doğurur. Ermənistanın müharibədən sonrakı reallıq fonunda sülh prosesinə yönəlməsinin əsas səbəblərindən birinin hərbi məğlubiyyət olduğu barədə yanaşmalar səsləndirilir. 2023-cü ildən sonra Paşinyan hökumətinin sülh istiqamətində addımlar atmaqdan başqa siyasi imkanlarının məhdudlaşdığı da vurğulanır. Son açıqlamalar və sosial media paylaşımlarının hakimiyyətə yaxın çevrələrin təsiri ilə kampaniya xarakteri daşıdığına dair fikirlər isə Ermənistan daxilində sülh prosesinə qarşı müəyyən müqavimətin mövcudluğunu göstərir.

Azərbaycan isə öz istiqamətini artıq dəqiq müəyyənləşdirib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa prosesi ardıcıl şəkildə davam etdirilir. Diplomatik korpus nümayəndələrinin bölgəyə səfərləri də burada formalaşan reallıqların beynəlxalq ictimaiyyət tərəfindən daha yaxından tanınmasına imkan yaradır. Tarixi faktlardan yayınmaq, onları siyasi məqsədlərlə təhrif etmək və xarici diplomatları hədəfə almaq isə mövcud reallıqları dəyişmək gücündə deyil.

Qudbiddin Qardaşov,
YAP Zaqatala Rayon Təşkilatının sədr müavini.

Geri dön