Ana Sayfa > Özəl > “TikTok”un arxasındakı milyarder Asiyanın zirvəsinə yüksəldi: Sərvəti 105 milyard dolları keçdi

“TikTok”un arxasındakı milyarder Asiyanın zirvəsinə yüksəldi: Sərvəti 105 milyard dolları keçdi


Bu gün, 19:43. Yazar: vasif
“TikTok”un arxasındakı milyarder Asiyanın zirvəsinə yüksəldi: Sərvəti 105 milyard dolları keçdi




“TikTok”un sahibi “ByteDance”ın həmtəsisçisi Can İmin sərvətinin 105 milyard dolları keçməsi ilə ilk dəfə Asiyanın ən varlı şəxsi mövqeyinə yüksəldiyi bildirilir. 43 yaşlı çinli sahibkar bu göstərici ilə hindistanlı milyarder Qautam Adanini geridə qoyub.

Canın sərvəti təkcə sentyabr ayında 12 milyard dollardan çox artıb. Buna “BlackRock”, “Fidelity Investments” və “T. Rowe Price” kimi böyük investorların “ByteDance”dakı paylarını daha yüksək qiymətləndirməsi təsir göstərib.

Lakin milyarderin sərvəti ilə bağlı müxtəlif hesablamalar mövcuddur. “Forbes” onun varidatını təxminən 84 milyard dollar qiymətləndirir. Fərqin əsas səbəbi “ByteDance”ın açıq birjada satılmaması və şirkətin dəyərinin fərqli metodlarla hesablanmasıdır.

“ByteDance” son dövrdə sosial media ilə yanaşı, süni intellekt sahəsinə də böyük sərmayələr yatırır. Şirkət “Doubao” çatbotu və “Seedance” video generatoru kimi məhsullar hazırlayaraq qlobal süni intellekt yarışındakı mövqeyini gücləndirməyə çalışır.

Can İminin sərvətindəki yüksəliş olduqca sürətli olub. 2019-cu ildə onun varidatı təxminən 13 milyard dollar qiymətləndirilirdisə, yeddi il ərzində bu göstərici dəfələrlə artıb. Beləliklə, “TikTok”la qlobal texnologiya nəhənginə çevrilən sahibkarın sərvətinin yeni artım mühərriklərindən biri artıq süni intellektdir.
Geri dön