Ana Sayfa > Siyasət > Diplomatlara qarşı kampaniya Ermənistanın Azərbaycanın suverenliyinə münasibətdə hələ də problem yaşadığını göstərir
Diplomatlara qarşı kampaniya Ermənistanın Azərbaycanın suverenliyinə münasibətdə hələ də problem yaşadığını göstərirBu gün, 15:15. Yazar: azer |
![]() Bəzən illər ərzində formalaşdırılan təbliğatın əsassızlığını ortaya qoymaq üçün bir səfər belə kifayət edir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri də məhz bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Xarici diplomatların bölgədə mövcud vəziyyətlə tanış olması, burada görülən genişmiqyaslı bərpa və quruculuq işlərini öz gözləri ilə müşahidə etməsi, eləcə də tarixi-mədəni irslə bağlı real mənzərəni görməsi Ermənistanın müəyyən dairələrində narazılıq və narahatlıq doğurub. Bu reaksiyanın səbəbi əslində kifayət qədər aydındır: bölgədəki real vəziyyət Ermənistan tərəfindən uzun illər ərzində formalaşdırılmağa çalışılan təhrif edilmiş təsəvvürlərlə uyğun gəlmir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyatın yenidən canlandırılması, şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması artıq danılmaz reallıqdır. Xarici diplomatların bütün bu prosesləri yerində müşahidə etməsi isə saxta və birtərəfli təbliğatın təsir imkanlarını daha da zəiflədir. Elə bu səbəbdən Ermənistan cəmiyyətinin bəzi təbəqələrində həmin səfərə qarşı aqressiv münasibətin yaranması təsadüfi hal kimi qiymətləndirilə bilməz. Ermənistan parlamentinin üzvünün xarici diplomatları Azərbaycanın suveren ərazisinə səfər etdiklərinə görə tənqid etməsi ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə açıq şəkildə ziddiyyət təşkil edir. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması beynəlxalq hüquq və beynəlxalq səviyyədə qəbul edilmiş reallıqdır. Belə olan halda Ermənistan daxilində fəaliyyət göstərən ayrı-ayrı qrupların xarici diplomatların sərbəst hərəkətinə münasibət bildirmək bəhanəsi ilə təzyiq göstərməyə çalışması qəbuledilməzdir. Məsələnin digər mühüm istiqaməti isə tarixi-mədəni irslə bağlı aparılan manipulyasiyalardır. Gəncəsər və Xudavəng kimi tarixi abidələrin yalnız etnik və siyasi iddialar çərçivəsində təqdim edilməsi tarixə birtərəfli və qərəzli yanaşmanın göstəricisidir. Qafqaz Albaniyası irsinin Azərbaycanın tarix və mədəniyyətinin mühüm hissəsini təşkil etməsi elmi mənbələrdə öz əksini tapmış faktdır. Bu səbəbdən həmin irsin siyasi məqsədlərlə inkar olunması təkcə tarixə münasibətdə qeyri-obyektiv yanaşma deyil, eyni zamanda dözümsüz mövqenin ifadəsidir. Ermənistanın mövqeyindəki ziddiyyətlər Qərbi Azərbaycan məsələsində isə daha açıq şəkildə özünü göstərir. Azərbaycan xalqının indiki Ermənistan ərazisində əsrlər boyu mövcud olmuş yaşayış məntəqələri, qəbiristanlıqları, məscidləri və digər mədəni-tarixi izləri uzun müddət ərzində məhv edilib və ya məqsədyönlü şəkildə aradan qaldırılıb. Bu faktlar mövcud olduğu halda yalnız Qarabağdakı abidələr ətrafında müxtəlif iddiaların irəli sürülməsi obyektiv və ədalətli yanaşma kimi qəbul edilə bilməz. Belə bir şəraitdə Ermənistan parlamenti sədrinin səfərlə bağlı açıqlaması da xüsusi diqqət çəkir. Xarici diplomatların Azərbaycanın suveren ərazisində həyata keçirdiyi səfərlərə münasibət bildirmək Ermənistanın səlahiyyət və məsuliyyət dairəsinə daxil deyil. Eyni zamanda, sentyabrın 14-də 2022-ci ilin sentyabr döyüşlərində həlak olmuş erməni hərbçilərin Ermənistan parlamentində bir dəqiqəlik sükutla yad edilməsi revanşist yanaşmaların və əhval-ruhiyyənin yenidən gücləndirilməsi baxımından narahatlıq doğuran məqamdır. Azərbaycan isə öz mövqeyini siyasi bəyanatlardan daha çox konkret faktlar və real nəticələrlə ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramı artıq bölgənin gələcək inkişaf istiqamətini müəyyən edən əsas reallıqlardan birinə çevrilib. Xarici diplomatların bu ərazilərə səfəri də həmin reallıqları beynəlxalq ictimaiyyətin nümayəndələrinin birbaşa yerində görməsinə və qiymətləndirməsinə şərait yaradır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |