Ana Sayfa > Manşet / Siyasət > Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var

Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var


Bu gün, 14:24. Yazar: azer
Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq aləm tərəfindən qəbul edildiyini bir daha dünyaya nümayiş etdirdi. Lakin bu səfərlə bağlı Ermənistan cəmiyyətinin bəzi nümayəndələrinin və mediasının aqressiv reaksiyaları bu ölkədə hələ də xəstə və revanşist təfəkkürlə yaşayanların olmasından xəbər verir.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, erməni cəmiyyətinin sərgilədiyi aqressiv reaksiya illərdir davam edən şüurlu tarix saxtakarlığının və rasist düşüncə tərzinin təzahürüdür. Ermənistan Gəncəsər və Xudavəng kimi qədim alban dini-memarlıq abidələrini öz irsi kimi qələmə verməyə və mənimsəməyə çalışdığı halda, öz ərazisində əsrlər boyu mövcud olmuş zəngin Azərbaycan tarixi-mədəni irsini tamamilə görməzdən gəlir və inkar edir. Azərbaycan torpaqlarında tarixən guya yalnız ermənilərin məskunlaşdığı nağılını uyduran, lakin müasir Ermənistan ərazisində azərbaycanlıların tarix boyu yaratdığı maddi-mədəni irsi, yaşayış məskənlərini yox sayan bu xəstə təfəkkür kökündən ksenofob xarakter daşıyır.

“Bununla yanaşı, Azərbaycanın tarixi coğrafiyasında silinməz izlər qoymuş Qafqaz Albaniyası irsinə qarşı Ermənistandakı inkarçı reaksiya birbaşa ideoloji irqçilik nümunəsidir. Qafqaz Albaniyasının bu torpaqlardakı tarixi mövcudluğu, onun zəngin memarlığı beynəlxalq tədqiqatçılar tərəfindən təkzibedilməz faktlarla sübuta yetirilib. Ermənistan cəmiyyətində bəzi dairələrin bu tarixi həqiqətləri qəbul edə bilməməsi, elmi faktlara göz yumması isə onların saxtakarlığını göstərir.

Xanlar Fətiyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yaratdığı yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi rəsmi Bakının qlobal miqyasda qazandığı böyük siyasi-diplomatik nailiyyətdir. Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sülh və əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırmaqla yanaşı, heç bir qüvvənin bu reallıqları dəyişdirə bilməyəcəyini də aydın şəkildə göstərir. Ermənistan isə nə qədər tez xəstə və revanşist təfəkkürdən əl çəkib yeni reallıqları qəbul edərsə, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasına bir o qədər real töhfə verə bilər.
Geri dön