Ana Sayfa > Karusel / Siyasət > Revanşizm sülh prosesinə qarşı yönələn zərərli faktordur

Revanşizm sülh prosesinə qarşı yönələn zərərli faktordur


Bu gün, 13:54. Yazar: azer
Revanşizm sülh prosesinə qarşı yönələn zərərli faktordur

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistan daxilindəki reaksiyalar fonunda regionda formalaşmış yeni reallığa münasibətin göstəricisinə çevrilib. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Xankəndi və Şuşada həyata keçirilən quruculuq layihələri, sosial-iqtisadi proseslər, tarixi-mədəni irsin bərpası ilə tanış olub, Ağdərə və Kəlbəcərdə tarixi abidələri ziyarət edib. Bu, 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.

Belə səfərlərin əsas məqsədi diplomatik nümayəndələrin azad edilmiş ərazilərdə gedən proseslərlə yerində tanış olmasıdır. Bərpa-quruculuq işləri, yeni infrastruktur, iqtisadi layihələr, tarixi və mədəni abidələrin qorunması Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi siyasətin nəticələridir. Bu səfərə Ermənistan daxilində müəyyən dairələrin etirazı isə həmin çevrələrdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı köhnə təsəvvürlərin hələ də qaldığını nümayiş etdirir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Belə şəraitdə xarici diplomatların ölkəmizin suveren ərazisinə səfər etməsinə etiraz edilməsi hüquqi və siyasi baxımdan əsassızdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onun ictimai-siyasi məkanında azad edilmiş ərazilərə səfərlərin hələ də etiraz mövzusuna çevrilməsi ciddi ziddiyyət yaradır. Bu yanaşma Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış Qarabağ stereotiplərinin tam aradan qalxmadığını da bir daha təsdiqləyir.

Səfər çərçivəsində Qafqaz Albaniyası irsi ilə bağlı Gəncəsər və Xudavəng kimi tarixi komplekslərin ziyarəti də diqqət çəkib. Ermənistanın müəyyən dairələri Qarabağdakı xristian irsini yalnız erməni irsi kimi təqdim etməyə çalışır, Qafqaz Albaniyasının tarixi və mədəni irsinə isə siyasi-ideoloji mövqedən yanaşırlar. Halbuki Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki Alban məbədləri ölkəmizin tarixinin mühüm hissəsidir.

Məsələnin mahiyyəti tarixi faktların siyasi məqsədlərlə təhrif edilməməsidir. Bu məsələdə qonşu dövlətin mövqeyindəki ziddiyyət xüsusilə indiki Ermənistan ərazisində Azərbaycan xalqının mədəni irsinə münasibətdə görünür. Müxtəlif mənbələrdə həmin ərazidə tarixən mövcud olmuş Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, yaşayış məntəqələrinin və digər mədəni irs nümunələrinin dağıdılması, dəyişdirilməsi, yaxud onların Azərbaycanla bağlı izlərinin aradan qaldırılması ilə bağlı faktlar göstərilir. İrəvandakı Dəmirbulaq və Göy məscidlərinin taleyi, Azərbaycan mənşəli toponimlərin və qəbiristanlıqların silinməsi belə yanaşmanın nümunələri kimi təqdim olunur. Bir tərəfdən Qarabağdakı xristian abidələrinin mənsubiyyəti məsələsi siyasi müstəvidə qabardılır, digər tərəfdən indiki Ermənistan ərazisində Azərbaycan xalqının tarixi izlərinin qorunmasına eyni həssaslıq göstərilmir. Halbuki mədəni irsə münasibətdə əsas prinsip bütün xalqların tarixi və mədəni dəyərlərinin qorunması olmalıdır.

Mədəni irsin qorunması beynəlxalq hüququn da tələbidir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair əsas beynəlxalq sənədlərdən biridir. Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yüzlərlə tarixi abidə, muzey, kitabxana, məscid, qəbiristanlıq və digər mədəni obyekt dağıdılıb və ya ciddi zərər görüb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi də bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə məlumatlar təqdim edib.

Diplomatik səfərə reaksiyalar Ermənistan daxilində revanşist düşüncənin müəyyən təsir imkanlarını qoruduğunu nümayiş etdirir. Revanşist ritorikanın yalnız radikal müxalif dairələrlə məhdudlaşmaması xüsusilə diqqət çəkir. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabr hadisələrində həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də bu baxımdan diqqətçəkən hadisədir. Belə bir siyasi mühit Ermənistanın sülh prosesində mövqeyinin ardıcıllığı ilə bağlı suallar yaradır. Sülh yalnız siyasi bəyanatlarla deyil, cəmiyyətin də yeni reallıqları qəbul etməsi, qonşu dövlətin suverenliyinə hörmət göstərməsi və revanşist yanaşmalardan uzaqlaşması ilə mümkündür. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini şübhə altına alan ritorika və tarixi irslə bağlı birtərəfli iddialar sülh gündəminin ruhuna uyğun gəlmir.

Davamlı sülh üçün sərhəddə silahların susması ilə yanaşı, suverenliyə hörmət, tarixi faktlara obyektiv münasibət, mədəni irsin qorunması və revanşist düşüncədən imtina vacibdir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Geri dön