Ana Sayfa > Siyasət > Zəfərin, qayıdışın və yenidən doğuluşun təntənəsi

Zəfərin, qayıdışın və yenidən doğuluşun təntənəsi


Bu gün, 11:31. Yazar: azer
Zəfərin, qayıdışın və yenidən doğuluşun təntənəsi

Tarixin ən amansız sınaqlarından, 30 illik həsrət və məşəqqətli işğal dövründən alnıaçıq, üzüağ çıxan Azərbaycan xalqı bu gün öz azad torpaqlarında zəfər günlərini böyük qürur və təntənə ilə qeyd edir. Ölkə Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi rəsmiləşdirilmişdir. Qazanılmış bu müqəddəs tarix uzun illər boyu xalqımızın qəlbində alovlanan vətən sevgisinin, dövlətimizin qüdrətinin və minlərlə igid vətən övladının canı, qanı pahasına qazanılmış tarixi ədalətin təcəssümüdür. Separatçılığın kökünün kəsilməsi, Ermənistanın və qondarma rejimin terrorçu silahlı dəstələrinin tör-töküntülərinin torpaqlarımızdan birdəfəlik təmizlənməsi ilə nəticələnən bu möhtəşəm Zəfər Azərbaycanın ayrılmaz hissəsi olan həmin şəhərləri yenidən öz həqiqi sahiblərinə qaytardı.

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Həmin gün Xankəndi şəhərinin mərkəzi meydanında dalğalanan üçrəngli bayrağımız 30 illik həsrətə son qoydu. Dövlətimizin başçısı tarixi çıxışında vurğuladı ki, tam 20 il əvvəl prezident vəzifəsinə seçilərkən Konstitusiyaya və Müqəddəs Qurani-Kərimə əl basaraq verdiyi bütün vədlər, qarşıya qoyulan bir nömrəli vəzifə — bayrağımızın hər bir şəhər və kəndimizdə dalğalanması məqsədi tam şəkildə gerçəkləşmişdir. Hər gün, hər saat bu müqəddəs anı yaxınlaşdıran Azərbaycan xalqı öz liderinin ətrafında dəmir yumruq kimi birləşərək bu unudulmaz tarixi zəfəri bayram etdi.

Zəfərimizin təntənəsi 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm hərbi paradla davam etdirildi. Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmənin təslim olması ilə yekunlaşan müharibə xalqımızın birliyini və ordumuzun yenilməz gücünü bütün dünyaya nümayiş etdirdi. Bakının Azadlıq meydanındakı çıxışında verdiyi sözü Xankəndi meydanında gerçəkləşdirən Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının uzun illər ərzində bir nöqtəyə vuraraq gözlədiyi müqəddəs arzuları tam reallığa çevrildi.

Azad edilmiş ərazilərdə suverenliyimiz bərpa olunduqdan dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa, yenidənqurma və institusional quruculuq işlərinə start verildi. Regionun iqtisadi potensialını, əmək bazarının tələblərini və yüksəkixtisaslı kadr hazırlığı zərurətini nəzərə alaraq Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində “Qarabağ Universiteti” yaradıldı. Eyni zamanda, 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu bərpa olundu. Regiona sosial-mədəni həyatın qaytarılmasının rəmzi göstəricisi olaraq 2023-cü il dekabrın 21-də Xankəndi stadionunda Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final matçı keçirildi və 30 illik fasilədən sonra Qarabağda ilk rəsmi idman yarışı baş tutdu.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə sürətlə yenidən qurulur və öz doğma sakinlərinə qucaq açır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məskunlaşma siyasəti nəticəsində Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində 119 ailə (506 nəfər), Xocalı şəhəri və onun Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq, Xanabad kəndlərində ümumilikdə 1.167 ailə (4.841 nəfər) məskunlaşdırılmışdır. Eyni zamanda, Xocavənd şəhəri, Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos, Güneyxırman, Quzeyxırman, Xanoba və digər kəndlərdə 988 ailə (4.070 nəfər), Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran kəndlərində isə 917 ailə (3.587 nəfər) öz ata-baba ocaqlarına qayıdaraq dinc və qurucu həyata başlamışlar.

Dövlət başçısının azad olunmuş bu ərazilərə mütəmadi səfərləri regionun sosial-iqtisadi və mədəni dirçəlişini daha da sürətləndirir. Ölkə rəhbərinin Xankəndiyə çoxsaylı səfərləri çərçivəsində Zəfər meydanının, məktəb və uşaq bağçalarının, "Qarabağ", "Palace", "Bulud" və "Xankəndi" mehmanxanalarının, Qarabağ Universitetinin korpuslarının, klinikasının, yataqxanasının, Biznes Mərkəzinin, Konqres Mərkəzinin, tikiş fabriklərinin, istehsalat müəssisələrinin, elektrik yarımstansiyasının və Zəfər parkının açılışları, eləcə də təməlqoyma mərasimləri keçirilmişdir. Xankəndi həm də beynəlxalq tədbirlərin, Zirvə görüşlərinin və diplomatik qəbulların keçirildiyi mühüm mərkəzə çevrilmişdir. Eynilə Xocavənd rayonuna edilən səfərlərdə Hadrut və Qırmızı Bazar qəsəbələrində, Tuğ, Azıx, Böyük Tağlar kəndlərində infrastruktur layihələrinin, idarəetmə mərkəzlərinin, yaşayış məhəllələrinin, yol və tunellərin təməli qoyulmuş, məscid və məktəblər istifadəyə verilmişdir.

Xocalı şəhərində və onun kəndlərində sürətlə aparılan bərpa işləri çərçivəsində çoxmənzilli binalar, fərdi evlər yenidən qurulmuş, Xocalı Soyqırımı Memorialının təməli qoyularaq açılışı edilmiş, "Xocalı" yarımstansiyası, istehsalat obyektləri və kərpic zavodu istifadəyə verilmişdir. Ağdərə rayonunda isə Sərsəng su anbarı istiqamətində yollar çəkilmiş, Suqovuşan, Həsənriz, Kolatağ, Çapar, Heyvalı, Aşağı Oratağ kəndlərində yaşayış kompleksləri, su elektrik stansiyaları, filiz emalı müəssisələri və sosial obyektlər istifadəyə verilmişdir.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində yenidən həyat qaynayır, uşaq gülüşləri eşidilir və quruculuq işləri fasiləsiz davam edir. 20 Sentyabr – təkcə işğaldan azad olunmuş şəhərlərimizin günü deyil, bütün Azərbaycan xalqının milli qürurunun, yenilməz iradəsinin və əbədi varlığının təntənəsidir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Geri dön