Ana Sayfa > Manşet / Siyasət > Yeni reallıqlar sülhə qarşı çıxan revanşist yanaşmaları istisna edir
Yeni reallıqlar sülhə qarşı çıxan revanşist yanaşmaları istisna edirBu gün, 11:22. Yazar: azer |
![]() Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri beynəlxalq ictimaiyyətin Azərbaycanın suveren ərazisində baş verən proseslərlə yerində tanışlığı baxımından mühüm hadisədir. Xarici diplomatların Azərbaycan ərazisinə səfəri tamamilə qanuni, legitim və beynəlxalq diplomatik praktikaya uyğun addımdır. Buna görə də həmin səfərə Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələrində göstərilən aqressiv münasibət yalnız təəccüb doğurmur, eyni zamanda bəzi dairələrin regiondakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkdiyini nümayiş etdirir. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi də bu reallığın praktiki ifadəsidir. Burada yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, inzibati binalar, hava limanları və digər sosial obyektlər tikilir. Ən başlıcası isə, vaxtilə öz doğma yurdlarından didərgin salınmış Azərbaycan vətəndaşlarının qayıdışı təmin edilir. Təbii ki, bu prosesin beynəlxalq diplomatların diqqətində olması tamamilə normal hal kimi qəbul edilməlidir. Ermənistanın ayrı-ayrı siyasi dairələri isə yeni reallığı qəbul etmək əvəzinə hələ də keçmiş münaqişə dövrünün ritorikasını yaşatmağa çalışırlar. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin apardığı bərpa işlərini mübahisə predmetinə çevirmək, Azərbaycan ərazisindəki tarixi və dini abidələrə dair birtərəfli iddialar irəli sürmək, xarici diplomatların bölgəyə səfərinə etiraz etmək eyni qərəzli yanaşmanın müxtəlif təzahürləridir. Bu yanaşma regionda sülhün və etimadın möhkəmlənməsinə xidmət etmir. Son illərdə Ermənistan hakimiyyəti Azərbaycanla sülh prosesinə sadiq olduğunu dəfələrlə bəyan edib. Lakin sülh yalnız sənədlərin imzalanması ilə məhdudlaşmır. Sülh, eyni zamanda cəmiyyətlərin düşüncəsində, siyasi ritorikada və qarşı tərəfin legitim hüquqlarına münasibətdə özünü göstərməlidir. Azərbaycan ərazisinə səfər edən xarici diplomatların hədəfə alınması isə bu baxımdan sağlam siyasi atmosfer yaratmır. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda uzunmüddətli sülh və sabitlik üçün yeni səhifə açılmalıdır. Bu səhifənin əsasını qarşılıqlı olaraq suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması, daxili işlərə müdaxilədən çəkinmək və regional əməkdaşlığın genişləndirilməsi təşkil edir. Ermənistanın da eyni prinsiplərə sadiq qalması Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması üçün vacib şərtdir. Bu mənada diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə göstərilən reaksiya sadəcə ayrı-ayrı sosial media paylaşımlarından ibarət hadisə kimi qiymətləndirilməməlidir. Bu münasibət Ermənistan cəmiyyətində hansı siyasi və psixoloji yanaşmaların hələ də mövcud olduğunun göstəricilərdən biridir. Sülhün gələcəyi üçün isə revanşist çağırışların deyil, reallıqların qəbul edilməsi, qarşılıqlı hörmətin və məsuliyyətli siyasi üslubun üstünlük təşkil etməsi zəruridir. Ermənistan cəmiyyəti üçün əsas məsələ bu səfərlərə etiraz etmək deyil, yeni regional reallığı qəbul etmək və sülhün möhkəmlənməsinə mane olan revanşist yanaşmalardan uzaqlaşmaq olmalıdır. Əsl sülh məhz keçmişin siyasi stereotiplərindən imtina etmək, qarşı tərəfin suveren hüquqlarına hörmət göstərmək və gələcəyi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq kontekstində başlayır. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |