Ana Sayfa > Siyasət > Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir


Bu gün, 10:56. Yazar: azer
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir

20 Sentyabr – Suverenliyin Bərpası Günü ərəfəsində beynəlxalq diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin xüsusi siyasi və diplomatik əhəmiyyəti var. Çünki burada söhbət, sadəcə, diplomatların işğaldan azad edilmiş ərazilərə səfərindən getmir. Əsas məsələ ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrini və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Azərbaycanın yaratdığı yeni reallığı öz gözləri ilə görürlər.

Bu sözləri mətbuataa açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib

“Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. Qarabağ və Şərqi Zəngəzur təxminən 30 il Ermənistanın işğalı altında olub. Bu ərazilərdə Azərbaycanın şəhərləri və kəndləri dağıdılıb, infrastrukturlar məhv edilib, tarixi-mədəni və dini abidələrə ciddi ziyan vurulub. Məscidlər dağıdılıb və təhqir olunub, Azərbaycanın mədəni irsinin bir hissəsi ilə bağlı saxtalaşdırma siyasəti aparılıb. Azərbaycan bütün bu illər ərzində beynəlxalq ictimaiyyətə müraciət edib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnaməsi qəbul olunub. Amma təəssüf ki, bu qətnamələr uzun illər icra edilmədi. Azərbaycan isə öz gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün isə qarşımızda tamamilə fərqli mənzərə var. Azərbaycan Zəfər qazanmaqla kifayətlənmədi. İşğaldan azad olunmuş ərazilərdə çox böyük bərpa və quruculuq proqramı həyata keçirir. Diplomatların səfərinin əsas əhəmiyyəti də məhz bundadır. Onlar bu prosesi hesabatlardan, şəkillərdən və ya kənar məlumatlardan deyil, yerində görürlər.

Xankəndidə şəhərin necə canlandığını, insanların burada normal həyat sürdüyünü, tələbələrin təhsil aldığını görürlər. Şuşada Azərbaycanın mədəniyyət paytaxtının necə bərpa olunduğunun şahidi olurlar. Kəlbəcərdə isə uzun illər işğal səbəbindən əlçatmaz olan bir bölgənin necə müasir yaşayış və turizm məkanına çevrildiyini görürlər.

İstisu kimi Azərbaycanın məşhur təbii sərvətlərinin yenidən istifadəyə verilməsi də Kəlbəcərin yeni inkişaf mərhələsinin göstəricilərindən biridir.

"Diplomatların səfərlərinin ən təsirli tərəfi başqa bir məqamdır. Diplomatlar görürlər ki, Qarabağda, sadəcə, binalar tikilmir – həyat geri qayıdır. 30 il əvvəl doğma yurdlarından didərgin salınmış insanlar bu gün öz evlərinə qayıdırlar. Məktəblər açılır, sosial obyektlər yaradılır, yollar çəkilir, yeni yaşayış məntəqələri salınır. Yəni Böyük Qayıdış, sadəcə, siyasi şüar deyil, real prosesdir.

Eyni zamanda, Azərbaycanın tarixi-mədəni irsə münasibəti də diplomatların diqqətindən kənarda qalmır. Gəncəsər və Xudavəng monastır kompleksləri kimi tarixi abidələrin qorunması Azərbaycanın bu torpaqlarda mövcud olan mədəni irsə münasibətini nümayiş etdirir. Burada çox maraqlı bir müqayisə yaranır. Ermənistanın 30 illik işğalından sonra Azərbaycan nə ilə qarşılaşdı? Dağıdılmış şəhərlər, kəndlər, infrastrukturlar və talan edilmiş ərazilərlə. Azərbaycan isə bu torpaqları geri qaytardıqdan sonra nə edir? Yenidən qurur, bərpa edir, insanların qayıdışı üçün şərait yaradır və bu əraziləri gələcəyə hazırlayır. Bu fərqi diplomatların öz gözləri ilə görməsi çox vacibdir. Çünki bu gün Azərbaycana qarşı müxtəlif qərəzli kampaniyalar aparılır, ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər yayılır. Belə vəziyyətdə ən yaxşı cavab reallığın özüdür. Diplomatlar Qarabağa gəlirlər, gördüklərini öz ölkələrində paylaşırlar, səfərlə bağlı təəssüratlarını bildirirlər. Bununla da Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi işlər beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılır. Əslində, hər bir belə səfər yeni reallığın beynəlxalq səviyyədə qəbul edilməsinə də xidmət edir",- deyə A. Badamov vurğulayıb.

O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur artıq münaqişə və qarşıdurma məkanı deyil: "Bu ərazilər bu gün sülh, quruculuq, əməkdaşlıq, investisiya, turizm və regional inkişaf üçün açıqdır. Azərbaycan Zəfərdən sonra revanşizmə deyil, quruculuğa üstünlük verir. Dağıntının yerində həyat qurur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edir və regionun gələcəyini formalaşdırır. 20 Sentyabr ərəfəsində diplomatik korpusun bu səfərinin əsas mesajını da mən belə ifadə edərdim: Azərbaycan öz suverenliyini bərpa edib və indi həmin ərazilərdə həyat qurur. Xankəndidə həyatın canlanması, Şuşanın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, Kəlbəcərin inkişafı və insanların öz doğma yurdlarına qayıtması bunun ən real göstəriciləridir. Bu baxımdan diplomatların səfəri təkcə Qarabağda görülən işlərlə tanışlıq deyil. Bu, Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir. Bu gün Qarabağdan dünyaya verilən mesaj çox aydındır: burada artıq dağıtmaq yox, qurmaq, qarşıdurma yox, əməkdaşlıq, keçmişin ağrısı yox, gələcəyə baxış var".
Geri dön