Ana Sayfa > İqtisadiyyat > Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib


Dünən, 15:00. Yazar: vasif
Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib


Ağcabədi Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə tətbiq olunan yeniliklər və müasir texnologiyalar barədə fermerlərin məlumatlandırılması, innovativ avadanlıqlara çıxış imkanlarının artırılması, eləcə də yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumların fermerlər üçün əlçatanlığının təmin edilməsi olub.

Aqrar Biznes Festivalında müxtəlif stendlərdə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, gübrə və pestisidlər, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən göstərilən aqrar xidmətlərə dair məlumatlar təqdim olunub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun kənd təsərrüfatı potensialı, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətinə toxunub. Rayonun aqrar ənənələrinin qorunması və müasir yanaşmalarla inkişaf etdirilməsinin vacibliyini vurğulayan Rafil Hüseynov belə tədbirlərin fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən danışıb. Bildirib ki, proqramın əsas məqsədləri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabət qabiliyyətinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsidir.

Digər çıxışlarda da Dövlət Proqramından irəli gələn hədəflər, fermerlər üçün yaradılan yeni imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Festivalda 10-dan çox arıçı müxtəlif növ bal və digər arıçılıq məhsullarını sərgiləyib. Həmçinin Arıçılar Assosiasiyası, Kənd Qadınları Assosiasiyası və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının qadın qrupları hazırladıqları məhsullarla iştirak ediblər.

Sərgi çərçivəsində mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası da keçirilib. Yarmarkanın əsas məqsədi fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara çıxışının təmin edilməsi, yerli toxum istehsalçılarının məhsullarının geniş auditoriyaya təqdim olunması və toxumçuluq sahəsində dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Yarmarkada Ağcabədi rayonu və ətraf rayonlardan olan 20-dən artıq toxumçu öz toxumlarını sərgiləmək və nümayiş etdirmək imkanı əldə edib. Eyni zamanda, sərgidə ayrı-ayrı rayonların ixtisaslaşmasına uyğun yerli və xarici toxum nümunələri də təqdim olunub. Fermerlər toxumların məhsuldarlıq göstəriciləri, rayonlaşdırılması, istifadə xüsusiyyətləri və əldə olunma imkanları barədə məlumat alıblar.

Qeyd edək ki, 2026-cı il üzrə Toxum Sərgi-Satış Yarmarkalarının kənd təsərrüfatı bitkiləri üzrə müəyyən edilmiş ixtisaslaşma nəzərə alınmaqla digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.


Geri dön