Ana Sayfa > Gündəm > Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi

Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi


Dünən, 22:05. Yazar: vasif
Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi


Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında saxlanılması yalnız ərazilərimizin itirilməsi kimi deyil, şəhərlərin və kəndlərin dağıdılması, insanların doğma yurdlarından didərgin salınması, tarixi-mədəni irsin məhv edilməsi və milli yaddaşa zərbə vurulmasını ehtiva edən faciə idi. İşğal zamanı Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yerlə-yeksan edilmiş, etnik təmizləmə aparılmış, bir milyona yaxın azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdı.

Bu baxımdan Azərbaycanın Qarabağa qayıdışı təkcə ərazi üzərində nəzarətin bərpası deyil. Burada söhbət eyni zamanda dağıdılmış yaşayış məkanlarının, tarixi-dini yaddaşın və milli-mənəvi irsin yenidən qurulmasından gedir.

Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul edərkən çıxışında 30 illik danışıqların nəticəsiz qalmasını vurğulaması da təsadüfi deyil. Diplomatik proses işğalın aradan qaldırılmasına gətirib çıxarmadığı üçün Azərbaycan öz hüququnu və ərazi bütövlüyünü hərbi-siyasi imkanları hesabına bərpa etməli olub.

Azərbaycan presedent yaratdı

Prezident İlham Əliyevin çıxışındakı ən mühüm məqamlardan biri Azərbaycanın ədalətsizliyə son qoyaraq dünyada presedent yaratması ilə bağlıdır. Azərbaycan xalqı döyüşərək və böyük itkilər hesabına işğal altındakı torpaqları azad edib, ərazi bütövlüyünü, suverenliyini və milli ləyaqətini bərpa edib.
İşğal nəticəsində yaranmış status-kvonun uzun müddət dəyişməz qalması və danışıqların nəticə verməməsi fonunda hərbi yolla ərazi bütövlüyünün bərpası Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açıb. Bu proses ədalətin təntənəsi idi.
Beləliklə, Qarabağ məsələsində əsas dəyişiklik yalnız xəritədə baş verməyib. Azərbaycanın siyasi çəkisi, hərbi imkanları və regional mövqeyi də əhəmiyyətli dərəcədə dəyişib. Bu dəyişiklik sonrakı mərhələdə ölkənin təhlükəsizlik və xarici siyasət prioritetlərini də müəyyənləşdirən əsas amillərdən biridir.

Qarabağın yeni siması

Beynəlxalq tədbirlərin iştirakçılarının Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəklərinin bildirilməsi də bu baxımdan simvolik məna daşıyır. Onlar bir tərəfdən 30 illik işğalın nəticələrini, digər tərəfdən isə hazırda Qarabağda gedən bərpa və quruculuq prosesini öz gözləri ilə görəcəklər.
Bu gün Qarabağın yeni siması məhz bu iki reallığın qarşılaşdırılması üzərində formalaşır: bir tərəfdə dağıdılmış şəhərlər, sökülmüş evlər və talan edilmiş sərvətlər, digər tərəfdə isə yenidən qurulan, dirçələn yaşayış məntəqələri, öz yurdlarına qayıdan əhali və yaradılan yeni infrastruktur. Prezident bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır və “Böyük Qayıdış” proqramı icra olunur.
Bu rəqəmlər bərpanın, sadəcə, tikinti layihələrindən ibarət olmadığını göstərir. Əsas məqsəd uzun illər məcburi köçkün həyatı yaşayan insanların öz doğma torpaqlarına qayıtmasını və həmin ərazilərdə davamlı həyatın bərpa olunmasını təmin etməkdir. Qarabağın yeni siması buna görə həm fiziki, həm də sosial baxımdan formalaşır.

Dağıdılmış 65 məscid və yaddaşın dini ölçüsü

Azərbaycan Prezidenti çıxışında işğal dövründə 65 məscidin Ermənistan tərəfindən tamamilə dağıdıldığını xatırladıb. Bu, Ermənistanın dövlət siyasətinin nəticəsi idi. Məscidlərin təhqir olunması və onlardan məqsədyönlü şəkildə istifadə edilməsi isə yalnız Azərbaycanın deyil, bütün İslam dünyasının mənəvi dəyərlərinə qarşı hörmətsizlik sayılmalıdır.
Bu məqam Qarabağ məsələsinin təkcə siyasi və hərbi münaqişə olmadığını göstərən mühüm detallardan biridir. Mədəni və dini irsin məhv edilməsi insanların öz torpaqları ilə tarixi və mənəvi bağlarını qoparmağa yönəlmiş davranış kimi qiymətləndirilir. Buna görə də işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpasının ilk layihələr sırasında yer alması xüsusi simvolik əhəmiyyət daşıyır. Ağdam məscidi bərpa işlərinə başlanılan ilk obyekt olub və artıq 12 məscid bərpa edilib və ya yenidən qurulub.
Beləliklə, Qarabağda məscidlərin bərpası yalnız dini ibadət məkanlarının yenidən yaradılması deyil, həm də dağıdılmaq istənilən tarixi-mənəvi yaddaşın bərpasıdır.

Sülh gələcəyin, yaddaş isə təhlükəsizliyin təminatıdır

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Azərbaycanla Ermənistan arasında sülh perspektivi ilə tarixi yaddaşın bir-birinə qarşı qoyulmamasıdır. Dövlət başçısı müharibənin dayandığını, sülh prosesinin getdiyini və Azərbaycanın sülhün uzunmüddətli olmasında maraqlı olduğunu bildirir. Bununla yanaşı, Xocalı faciəsinin, dağıdılmış məscidlərin və milli-mədəni irsə vurulmuş zərərin unudulmayacağını vurğulayır.
Gələcəyə yönəlmiş sülh siyasəti və keçmişə münasibətdə milli yaddaşdan söhbət gedir. Sülhün qurulması keçmişin silinməsi demək deyil. Əksinə, davamlı sülh üçün tarixi hadisələrin cəmiyyətin yaddaşında düzgün qiymətləndirilməsi vacib şərtlərdən biridir.
Azərbaycan sülh tərəfdarı olsa da, xalq öz keçmişini unutmayacaq. Bu yaddaş revanşist siyasət üçün deyil, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün bir xəbərdarlıq və təhlükəsizlik mexanizmidir. Dövlət başçısının sözləri ilə desək, məhz bu yaddaş Azərbaycanın ayıq olmasına və “şirin sözlərə” aldanmamasına xidmət etməlidir.

Zəfər, bərpa və yaddaş

Zəfər ərazi bütövlüyünün və suverenliyin bərpasını, bərpa Qarabağın yenidən yaşayış məkanına çevrilməsini, yaddaş isə keçmişdə baş verənlərin unudulmamasını ifadə edir. Azərbaycan üçün əsas çağırış bundan sonra əldə edilmiş nəticələri qorumaq, Qarabağda davamlı həyatı təmin etmək və Ermənistanla münasibətlərdə sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, milli yaddaşın qorunması gələcək nəsillərə 30 illik işğalın nə demək olduğunu anlatmaq baxımından da strateji əhəmiyyət daşıyır.

APA
Geri dön