Ana Sayfa > Media > Ya çinlilər kimi olmalıyıq, ya da
Ya çinlilər kimi olmalıyıq, ya daBu gün, 15:21. Yazar: vasif |
![]() Dünən redaksiyada əməkdaşlarla söhbət edərkən söz milli sahibkarlığın üstünə gəldi. Təcrübəli həmkarlardan biri dedi ki, istirahət , əyləncə, alış-veriş mərkəzləri, market, restoran, kafe, mərasim evi və digər ticarət, iaşə, xidmət obyektləri açmaqla milli sahibkarlığı dirçəltmək, itisadiyyatı qüdrətləndirmək mümkün deyil, Çin kimi A-dan Z-yə qədər, diş çöpündən ballistik raketə kimi min cür məhsul istehsal etmək lazımdır. Bu barədə çox danışılıb, çox yazılıb və artıq burada sir filan yoxdur. Ancaq hamıda belə bir qənaət də hasil olub ki, ölkəmizdə, demək olar ki, heç bir sənaye (nə yüngül, nə ağır) müəssisəsini rentabelli işlətmək mümkün deyil. (Hamısının axırı İsmayıllıdakı velosiped zavodununku kimi olacaq, qismən işləyəcək). Bunun səbəbləri çoxdur. Tutaq ki, yerli xammal var, amma zəruri avadanlıqlar yoxdur. Onu xaricdən zənginləşdirilmiş uran qiymətinə alıb gətirmək mümkündür, amma bu avadanlıqları qaydasında işlədə bilən mütəxəssislər yoxdur. Onları da birtəhər ordan-burdan dəvət etmək və ya 3-5 ilə yetişdirmək olar, ancaq yenə də müəssisə gəlirlə işləməyəcək. Bazara çıxarılmış hazır məhsulun dəyəri onun xaricdən gətirilmiş ekvivalentindən baha olacaq. Niyə? Bax, əsas məsələ də bu “niyə”nin “ona görə ki” ilə başlayan cavablarındadır. Ona görə ki, bu ölkədə öz üzərinə nəzarət-təftiş, audit funksiyaları götürən, cürbəcir yoxlamalar həyata keçirən, aylıq xəraclar tələb edən orqanları çoxdur. Özümüzü niyə aldadaq, niyə “yox, elə şey yoxdur, hamısı qanun əsasında fəaliyyət göstərir, öz finksiyalarınə həyata keçirirlər” deyək? Hər kəsə bəllidir ki, bir müəssisənin üzərinə çöküb xərac tələb edən orqanlar və onların təmsilçiləri dövlətin büdcəsinin dolmasından çox, öz ciblərini güdürlər. Onlara aylıq (lap illik) xərac verən müəssisə rəhbərləri verdiklərini istehsal etdikləri məhsulun maya dəyərinə əlavə edirlər, beləcə, hazır məmulat bahalaşır. Buraya hələ müəssisənin özünün daxilindəki təchizat işlərinə baxan işbaz şəxslərin xammal tədarükü zamanı yol verdikləri maxinasiyaları və bu əməllər nəticəsində müəssisəyə dəyən zərərləri də əlavə etmək lazımdır. Bir sözlə, bu ölkənin tamahkar nəzarətçi məmurları və dolayı yollarla tez varlanmaq istəyən iş adamları “köməkləşərək” yerli istehsalı yaman günə qoyurlar. Ona görə də bizim biznesmenlər asan yola üz tuturlar. Bu da ticarət, xidmət, iaşə obyektləri açıb işlətməkdir. Amma bu da nə qədər olar? 10 min nəfərlik əhalisi olan bir şəhərdə (tutaq ki, Naftalanda) 20-yə yaxın otel-sanatoriya varsa, xaricdən qonaq-pasiyent axını da zəifdirsə, onların heç də hamısı gəlirlə işləməyəcək. Dünən sahibkar Mürvət Həsənlinin sosial şəbəkədə yuxarıda qeyd etdiyimiz xüsusda bir statusu vardı. Həmin qeydlərin bir hissəsi bu cür idi: “Sahibkar artıq öz işi ilə məşğul ola bilmir, həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir. Sahibkar istehsalı artırmağı, yeni iş yerləri yaratmağı, investisiya qoymağı düşünməli olduğu halda, vaxtını və enerjisini süni maneələrin aradan qaldırılmasına sərf edir”. Məsələ budur. Hələ bu cümlədə “vaxtını və enerjisi”ni kəlmələrinin yanında “maliyyə vəsaitini” kimi bir söz birləşməsi də olmalı idi. Gerşəklik belədir. Sahibkar da insandır. O da önündə yaradılan bu süni maneələrdən bezə və biznesini bağlayaraq, mühacirət edə, yaxud “az aşım, ağrımaz başım” moduna keçərək, perspektiv layihələrdən imtina edə bilər. Təcrübə göstərir ki, belə edənlər kifayət qədərdir. Biri biznes profilini dəyişir, yuxarıda dediyimiz sahələrə üz tutur, biri başqa ölkələrdəki partnyoru ilə anlaşır, işini ora keçirir, başqa biri başqa yollara qədəm qoyur və s. Ona görə də sahibkar haqlı nəticəyə gəlir: “Əgər hər hansı dövlət qurumu qanunsuz və əsassız şəkildə fermeri incidirsə, sahibkarın normal fəaliyyətinə mane olursa, bu, artıq yalnız bir vətəndaşa və ya sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə həyata keçirilən sahibkarlığın inkişafı siyasətinə və dövlət başçısının müəyyən etdiyi xəttə zidd yanaşmadır”. Təəssüf ki, belədir. Yenə də özümüzü aldatmayaq. Milli iqtisadiyyatda güllük-gülüstanlıq deyil. Sahibkarlar basqı altındadır – maneələr bir yandan, əsassız cərimələr o tərəfdən. Bu isə ölkədə iş yerlərinin ixtisarına, insanların qazancdan məhrum olmasına, işsizlərin sayının artmasına, avtomatik olaraq sosial gərginliyə səbəb olur. Hərdən adam düşünür ki, ölkə olaraq üzümüzü ağardan karbohidrogen ehtiyatlarımız və bərəkətli torpağımızdır. Onlar olmasa, biz bu qədər tamahkarlıq və mərdiməzarlıqla özümüzü daha bərbad günə qoyardıq, xalqımız zimbabvelilər kimi çöllərdən həşarat toplayıb azuqəyə çevirərdi. Ölkəni firavan dolandırmaq üçün bəşər əhlinin qarşısında Almaniya və Çin kimi parlaq örnəklər var. İqtisadiyyata onlar kimi yanaşmaq lazımdır . Burada əsas məsələ dürüstlük və işgüzarlıqdır, bir də biznes təşəbbüslərini boğmamaq, maneə yaratmamaq, inhisarçılıqdan uzaq olmaq. Yoxsa müasir dünyada tükənən sərvətlərə ümid olaraq bir tərəfə çıxmaq mümkün deyil.Xalid KAZIMLI Geri dön |