Ana Sayfa > Media > Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti
Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzetiBu gün, 14:57. Yazar: azer |
![]() Gürcüstan Milli Parlament Kitabxanasının arxivində Azərbaycanda gedən ictimai-siyasi proseslər, eləcə də ölkəmizin təbiəti, etnoqrafiyası ilə bağlı məqalələr, müəllif yazılarına rast gəlmək olar. Belə məqalələrdən biri də 1850-ci ildə Kərim bəyin Şamaxı qəzasının XIX əsrin ortalarina aid tarixi ilə bağlı apardığı tədqiqatlardır. AZƏRTAC xəbər verir ki, bu baxımdan Gürcüstan kitabxanalarında, milli arxivində aparılan araşdırmalar Azərbaycan mətbuatı, etnoqrafiyası və maarifçilik tarixinin formalaşması mərhələsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar zamanı XIX əsrin ortalarında Gürcüstanda nəşr olunan "Kafkaz" qəzeti xüsusi diqqət cəlb edib. Həmin dövrdə regionun əsas mətbu orqanı Tiflisdə rus dilində nəşr olunan rəsmi "Kavkaz" qəzeti olub. Qəzet yalnız inzibati və hərbi xəbərləri deyil, Cənubi Qafqaz xalqlarının tarixi, məişəti, sənətkarlığı və folkloru haqqında dəyərli etnoqrafik oçerkləri də dərc edib. Araşfırmaçı jurnalist Nəriman Əliyev AZƏRTAC-müsahibəsində deyib ki, 1850-ci illərdə "Kavkaz" qəzetinin səhifələrində "Керим-бек" (Kərim bəy) imzası ilə dərc edilən silsilə yazılar yerli ziyalıların ilk mətbu və elmi tədqiqat addımlarından biri kimi böyük əhəmiyyət kəsb edir. Qafqazşünaslıq və mətbuat tarixi tədqiqatlarında "Kərim bəy" imzası ilə bağlı əsasən Şirvan-Şamaxı mühitindən olan yerli ziyalı və etnoqraf ön plana çıxır. 1850-ci illərdə dərc olunmuş məqalələrin ana xəttini Şirvan bölgəsinin etnoqrafiyası, yerli əhalinin yaşayış tərzi və xüsusilə Lahıc sənətkarlığı təşkil edib. Müəllif "Kərim bəy" imzası ilə Lahıcda misgərlik, silah istehsalı, dulusçuluq və ticarət əlaqələri haqqında detallı müşahidələrini Tiflis oxucularına təqdim edib. Bu yazılar həmin dövrdə Azərbaycanın sənətkarlıq mərkəzləri haqqında rusdilli mühitdə yayımlanan ilk dolğun mənbələrdən sayılır. Onun sözlırinə görə, Qafqaz mətbuatı tarixində oxşar ad və soyadlara rast gəlindiyi üçün tədqiqatçılar bu imzayla bağlı bir neçə paraleli də nəzərdən keçirirlər. Məlumata görə, Şirvan etnoqrafı Kərim bəy 1850-ci illərdə bilavasitə bölgənin məişətini və sənətkarlıq ənənələrini işıqlandıran əsas müəllif kimi çıxış edib. XIX əsrin görkəmli maarifçisi və həkimi kimi tanınan Kərim bəy Mehmandarov da mətbuatda publisistik yazılarla çıxış edib. Lakin onun əsas fəaliyyət dövrü 1870-1880-ci illərə təsadüf etdiyindən, 1850-ci illər məqalələrinin ona məxsusluğu yalnız ilkin gənclik dövrünün müşahidələri çərçivəsində müzakirə olunur. Həmin illərdə Tiflisdə hərbi və mülki xidmətdə olan yerli bəy nəsillərinin nümayəndələri, o cümlədən Kərim bəy Novruzov və digərləri də qəzetlə sıx təmasda olub və regionun ictimai həyatına dair qeydlərini bölüşüblər. "Kərim bəy" imzalı yazılar XIX əsrin ortalarında Azərbaycan ziyalılarının öz milli-mədəni irsini, sənətkarlıq ənənələrini və etnoqrafik reallıqlarını mətbuat müstəvisinə çıxarmaq cəhdinin bariz nümunəsidir. Bu oçerklər bu gün də Şirvan bölgəsinin, xüsusən Lahıcın XIX əsrdəki sosial-iqtisadi vəziyyətini, sənətkarlıq strukturunu və etnoqrafiyasını öyrənmək üçün əvəzolunmaz ilkin mənbə rolunu oynayır. Məqalələr kənardan gələn səyahətçilərin deyil, bilavasitə bölgənin daxili həyatına, dilinə və adətlərinə bələd olan yerli ziyalının gözü ilə yazılıb. Qeyd edək ki, bu yazılar Azərbaycanın ən mühüm sənətkarlıq və mədəniyyət mərkəzlərindən olan Şamaxı və Lahıc haqqında rusdilli ziyalı və elmi mühitə təqdim olunan ilk sistemli etnoqrafik oçerklərdən hesab edilir. Xətayi Əzizov AZƏRTAC -ın xüsusi müxbiri Tbilisi Geri dön |