Ana Sayfa > Özəl > Moskvanın Paşinyanla bağlı ritorikasında dəyişiklik: Kreml İrəvanı itirməmək üçün yeni xətt seçir?
Moskvanın Paşinyanla bağlı ritorikasında dəyişiklik: Kreml İrəvanı itirməmək üçün yeni xətt seçir?Bu gün, 21:00. Yazar: vasif |
![]() Rusiya ilə Ermənistan arasında son illərin gərgin münasibətləri fonunda Moskvadan İrəvana ünvanlanan daha yumşaq mesajlar diqqət çəkir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etməyə hazır olduğunu bildirib və Nikol Paşinyanın ikitərəfli münasibətlərin “inventarlaşdırılması” təşəbbüsünü də mümkün dialoq çərçivəsi kimi göstərib. Qaluzin eyni zamanda Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması barədə Ermənistan tərəfindən Moskvaya hər hansı müraciətin daxil olmadığını deyib. Onun sözlərinə görə, Rusiya 102-ci hərbi bazanı Ermənistan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri hesab etməkdə davam edir. Hərbi ekspert Rövşən Məhərrəmovun fikrincə, açıqlamada Moskvanın əvvəlki sərt ritorikadan müəyyən qədər uzaqlaşdığı görünür. Rusiya Paşinyan hökuməti ilə münasibətləri daimi qarşıdurma vəziyyətində saxlamaq əvəzinə, mövcud hərbi-strateji mövqelərini qorumaqla İrəvanla daha praqmatik münasibətlər qurmağa çalışa bilər. Burada ən diqqətçəkən məqam Moskvanın Paşinyanın “inventarlaşdırma” təklifini rədd etməməsidir. Əksinə, Rusiya həmin formul daxilində müdafiə və təhlükəsizlik münasibətlərinin gələcəyini müzakirə etməyə hazır olduğunu bildirir. Bu isə Moskvanın Ermənistanı tamamilə Qərbin siyasi və təhlükəsizlik orbitinə buraxmaq istəmədiyinin göstəricisi kimi qiymətləndirilir. Rusiyanın daha ehtiyatlı xətt seçməsinin bir neçə səbəbi ola bilər. Ermənistanın Avropa və Qərb strukturları ilə yaxınlaşması, Gümrüdəki bazanın Moskva üçün strateji əhəmiyyəti, Azərbaycan-Ermənistan sülh prosesi və regionda formalaşan yeni nəqliyyat marşrutları Rusiyanı İrəvanla münasibətlərini yenidən nəzərdən keçirməyə sövq edən amillər sırasındadır. Bununla belə, Qaluzinin açıqlamasını Rusiyanın Paşinyanla bağlı siyasətinin tam dəyişməsi kimi qiymətləndirmək hələ tezdir. Moskva Gümrü bazasından və Cənubi Qafqazdakı təsir imkanlarından geri çəkilmək niyyətində olduğunu göstərmir. Dəyişən daha çox taktika ola bilər: sərt təzyiq əvəzinə dialoq, qarşıdurma əvəzinə isə Ermənistanı öz təsir dairəsindən tam itirməməyə hesablanmış praqmatik münasibət. Geri dön |