Ana Sayfa > Özəl > 15 Sentyabr 1918 – Bakının azadlığı, qardaşlığın sınağı və Azərbaycan dövlətçiliyinin xilası
15 Sentyabr 1918 – Bakının azadlığı, qardaşlığın sınağı və Azərbaycan dövlətçiliyinin xilasıBu gün, 11:26. Yazar: azer |
![]() Qafqaz İslam Ordusunun şanlı Zəfəri Azərbaycan–Türkiyə qardaşlığının tarixə yazılmış ən böyük qəhrəmanlıq salnamələrindən biridir 1918-ci ildə Osmanlı dövlətinin özünün də ağır müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan xalqının kömək çağırışına biganə qalmaması qardaşlıq tariximizin ən şərəfli səhifələrindən biridir. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun yaradılması və Azərbaycana göndərilməsi yalnız hərbi qərar deyildi. Bu, türk dünyasının həmrəyliyinin və qardaşlıq məsuliyyətinin konkret təzahürü idi. Türkiyədən gələn əsgərlər Azərbaycana yad bir ölkəyə gələn qüvvə kimi deyil, qardaş xalqın yardımına gələn xilaskar ordu kimi qarşılandılar. Onlar Azərbaycan hərbi hissələri və könüllülərlə birlikdə ölkənin azadlığı uğrunda mübarizəyə başladılar. 15 sentyabr Zəfəri haqqında danışarkən Nuru Paşanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Onun rəhbərliyi ilə Qafqaz İslam Ordusu mürəkkəb və ağır şəraitdə Bakının azad olunması istiqamətində ardıcıl hərbi əməliyyatlar həyata keçirdi. Nuru Paşa yalnız hərbi komandan kimi deyil, üzərinə son dərəcə böyük tarixi məsuliyyət götürmüş şəxsiyyət kimi fəaliyyət göstərirdi. Qarşıda duran məqsəd sadəcə strateji bir şəhəri ələ keçirmək deyildi. Söhbət Azərbaycan xalqının taleyi və gənc dövlətin gələcəyi üçün böyük əhəmiyyət daşıyan Bakının azad edilməsindən gedirdi. Bakının azad olunması istiqamətində aparılan hərbi əməliyyatlar böyük çətinliklər və ciddi itkilərlə müşayiət olunurdu. Qarşı tərəf şəhərin strateji mövqelərini möhkəmləndirmiş, Bakı ətrafında müdafiə xətləri yaratmışdı. 1918-ci ilin sentyabrında həlledici döyüşlər başladı. Bakı ətrafındakı strateji yüksəkliklərin və mühüm mövqelərin ələ keçirilməsi şəhərin azad olunması üçün mühüm şərait yaratdı. Nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Azərbaycan və türk əsgərlərinin birgə qazandığı bu tarixi Zəfər xalqımızın yaddaşına əbədi həkk olundu. 15 sentyabr 1918-ci il Zəfərinin tarixi əhəmiyyəti ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik imkanlarının genişlənməsi ilə bağlı idi. Bakının azad edilməsindən sonra gənc respublikanın öz paytaxtına qayıtması üçün şərait yarandı. Bu, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ölkənin iqtisadi və siyasi imkanlarından daha səmərəli istifadə olunması baxımından böyük əhəmiyyət kəsb edirdi. Bakının Azərbaycan dövlətinin nəzarətinə qaytarılması həm də xalqın mənəvi ruhunu yüksəltdi. Gənc respublika üçün bu Zəfər müstəqilliyin yalnız elan edilməsinin deyil, həm də qorunmasının və müdafiə edilməsinin zəruri olduğunu göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlaması dövlətçilik tariximizin mühüm mərhələsinə çevrildi. Beləliklə, 15 sentyabr Zəfəri Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. Bakının azad olunması böyük qurbanlar hesabına başa gəldi. Azərbaycan torpaqlarının azadlığı uğrunda minlərlə insan həyatını itirdi. Qardaş Türkiyədən gələn çoxsaylı əsgər Azərbaycan torpağında şəhid oldu. Onların hər biri bu torpağın azadlığı, Azərbaycanın gələcəyi və iki qardaş xalqın ortaq taleyi uğrunda canını fəda etdi. Buna görə də Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsi Azərbaycan xalqı üçün əziz və müqəddəsdir. Şəhidlərin fədakarlığı Azərbaycan–Türkiyə qardaşlığının ən möhkəm təməllərindən biridir. Bu qardaşlıq yalnız tarixi yaddaşda deyil, şəhidlərin müqəddəs xatirəsində də yaşayır. Bu gün həmin qəhrəmanları ehtiramla yad etmək bizim mənəvi borcumuzdur. Onların fədakarlığı göstərir ki, azadlıq və dövlətçilik heç vaxt asan əldə olunmur. Müstəqilliyin və Vətənin qorunması bəzən ən böyük fədakarlıq tələb edir. 1918-ci ilin hadisələri Azərbaycan–Türkiyə münasibətlərinin tarixi mahiyyətini anlamaq üçün mühüm əhəmiyyət daşıyır. Qafqaz İslam Ordusunun Azərbaycana yardımı iki xalqın taleyinin nə qədər sıx bağlı olduğunu bütün dünyaya göstərdi. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” fəlsəfəsi Azərbaycan–Türkiyə qardaşlığının müasir siyasi və mənəvi ifadəsinə çevrilib. Bu fəlsəfənin kökləri isə ortaq tariximizdə, mədəniyyətimizdə və ən ağır günlərdə bir-birimizin yanında olmağımızda dayanır. 1918-ci ildə Bakının azad edilməsi bu fəlsəfənin tarixdəki ən parlaq nümunələrindən biridir. Bu tarixi yol 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da bütün aydınlığı ilə özünü göstərdi. Türkiyə dövləti və qardaş türk xalqı Azərbaycanın haqlı mübarizəsinə güclü mənəvi və siyasi dəstək verdi. Azərbaycan xalqı həmin günlərdə bir daha hiss etdi ki, 1918-ci ildə əsası möhkəmlənən qardaşlıq əlaqələri zamanın sınaqlarından keçərək bu gün də yaşayır və daha da güclənir. Bakının azad edilməsinin 102-ci ildönümü münasibətilə, 2020-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub 15 sentyabrın Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını bir daha ifadə etdi. Dövlət başçısı həmin müraciətində qardaş Türkiyənin ən çətin dövrdə Azərbaycandan öz yardımını əsirgəmədiyini, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana gələrək mübarizəyə qoşulduğunu xüsusi vurğuladı. Prezident İlham Əliyevin həmin məktubda şəhidlərin xatirəsinə dərin hörmət və ehtiramla yanaşması Azərbaycan xalqının 1918-ci ildə canlarını Vətənimiz uğrunda fəda edən türk və azərbaycanlı şəhidlərin qəhrəmanlığını heç vaxt unutmadığını göstərir. Tarixi yaddaşa sahib çıxmaq yalnız keçmişi xatırlamaq deyil. Bu, həm də həmin tarixi gələcək nəsillərə düzgün çatdırmaq, şəhidlərin fədakarlığını yaşatmaq və dövlətçilik dərslərindən nəticə çıxarmaq deməkdir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |