Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: "Görülən həqiqət eşidilən təbliğatdan daha güclüdür "
Eltun Süleymanov: "Görülən həqiqət eşidilən təbliğatdan daha güclüdür "Bu gün, 17:46. Yazar: azer |
![]() Bəzən bir həqiqəti yüz dəfə danışmaqdan daha təsirli olan onun öz gözləri ilə görülməsidir. Xüsusilə söhbət uzun illər haqqında müxtəlif siyasi yozumların, təhriflərin və saxta təbliğatın aparıldığı Qarabağdan gedirsə, həqiqətin ünvanına gedən yol daha böyük məna qazanır. Bu mənada xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri adi tanışlıq səfəri deyil. Bu, Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq nümayəndələrin gözü qarşısında canlı şəkildə təqdim olunmasıdır. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz onu da deyib ki, bu torpaqlarda bu gün danışan yalnız yeni yollar, binalar, məktəblər və yaşayış məhəllələri deyil. Burada daşlar da danışır, dağıdılmış şəhərlərin izləri də, yenidən ucaldılan binalar da. Hər biri Qarabağın keçdiyi mürəkkəb tarixin ayrı-ayrı səhifələrini açır. Otuz ilə yaxın davam edən işğal Azərbaycan torpaqlarında ağır izlər buraxmışdı. Şəhərlər və kəndlər dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuş, yaşayış məntəqələri xarabalığa çevrilmişdi. Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi Zəfərlə bu faciəli səhifəni bağladı və qarşısında daha böyük bir missiya müəyyənləşdirdi: azad edilmiş torpaqları yenidən həyata qaytarmaq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti yalnız dağıdılmış tikililərin yenidən inşası demək deyil. Burada yeni həyat modeli qurulur. Müasir şəhərlər salınır, kəndlər yenidən qurulur, nəqliyyat infrastrukturu yenilənir, enerji və kommunikasiya sistemləri yaradılır, sosial obyektlər istifadəyə verilir. İnsanların doğma yurdlarına qayıtması üçün yalnız evlər deyil, bütöv yaşayış mühiti formalaşdırılır. Azərbaycanda fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatlarının, 9 beynəlxalq təşkilatın nümayəndələrinin daxil olduğu 150 nəfərlik nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri bu baxımdan mühüm siyasi və informasiya hadisəsidir. Sayca 22-ci belə səfər xarici nümayəndələrə regionda yaranmış reallığı birbaşa müşahidə etmək imkanı yaradıb. Diplomatlar burada Azərbaycan dövlətinin yalnız keçmişin dağıntılarını nümayiş etdirmədiyini, gələcəyin Qarabağını qurduğunu gördülər. Onlar yeni yaşayış məhəllərini, müasir infrastrukturu, quruculuq layihələrini, iqtisadi potensialın hərəkətə gətirilməsi üçün yaradılan imkanları gördülər. Daha mühümü isə bütün bunların hansı miqyasda və hansı sürətlə həyata keçirildiyinin şahidi oldular. Çünki Qarabağda quruculuq sadəcə tikinti prosesi deyil. Bu, Zəfərin sülh və inkişafla davam etdirilməsidir. Azərbaycanın siyasi iradəsinin gücü də məhz burada görünür. Müharibədən çıxmış ölkə dağıntıların içərisində dayanıb keçmişin acısını təkrarlamaq əvəzinə, gələcəyə üz tutdu. Xarabalıqların yerində şəhərlər, boşluqların yerində həyat, köçkünlük illərinin yerində Böyük Qayıdış yaratmağa başladı. Diplomatların Gəncəsər və Xudavəng monastır komplekslərinə səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tarixi və dini abidələrə yerində baxış xarici nümayəndələrə Qarabağın yalnız coğrafi məkan olmadığını, burada əsrlərin yaddaşının yaşadığını bir daha göstərir. İşğal illərində Azərbaycan torpaqlarının tarixi-mədəni irsi ilə bağlı həqiqətlərin dəyişdirilməsinə, abidələrin mənsubiyyətinin saxtalaşdırılmasına cəhdlər edilib. Bu səbəbdən həmin abidələrin xarici diplomatlar tərəfindən yerində görülməsi, onların tarixi haqqında məlumatların birbaşa təqdim olunması xüsusi informasiya əhəmiyyəti daşıyır. Azərbaycanın diplomatik və informasiya siyasətinin üstünlüyü də ondadır ki, ölkəmiz artıq Qarabağ həqiqətlərini yalnız sənədlər, xəritələr və diplomatik tribunalar vasitəsilə deyil, həmin həqiqətlərin yaşadığı məkanın özündə təqdim etmək imkanına malikdir. Bu baxımdan səfərdə müxtəlif ölkələrin, o cümlədən Fransa və ABŞ-ın diplomatik nümayəndələrinin iştirak etməsi də diqqətdən kənarda qala bilməz. Çünki Azərbaycan diplomatiyasının əsas üstünlüyü artıq yeni reallığı izah etməkdən daha çox, onu nümayiş etdirmək imkanına sahib olmasıdır. Bir vaxtlar işğal və dağıntı ilə xatırlanan ərazilər indi quruculuq, investisiya, qayıdış və inkişaf anlayışları ilə gündəmə gəlir. Vaxtilə insanların doğma yurdlarına qayıtmaq arzusu ilə gözlədiyi torpaqlarda bu gün ailələr məskunlaşır, uşaqlar məktəbə gedir, yeni müəssisələr fəaliyyət göstərir. Zəfər yalnız savaş meydanında qazanılmış nəticə deyil. Zəfərin əsl böyüklüyü onun yaratdığı nəticələrdə görünür. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan indi azad edilmiş torpaqlarını dirçəldir, insanları öz doğma yurdlarına qaytarır və Qarabağın gələcəyini qurur. Xarici diplomatların bu prosesə şahidlik etməsi isə mühüm bir həqiqəti ortaya qoyur: Azərbaycan Qarabağla bağlı danışdığı həqiqətləri artıq dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrə öz gözü ilə göstərmək imkanındadır. Bu, informasiya mübarizəsində də yeni mərhələdir. Çünki həqiqətin ən böyük müdafiəçisi bəzən söz deyil, reallığın özüdür. Qarabağ bu gün həmin reallıqdır. Onun yenidən qurulan şəhərləri Azərbaycanın quruculuq iradəsindən, geri qayıdan insanları dövlətin humanist siyasətindən, ucalan məktəbləri gələcəyə inamdan, bərpa edilən abidələri isə tarixi yaddaşdan xəbər verir. Bütün bunları yerində görən hər bir xarici diplomat Qarabağ haqqında artıq yalnız eşitdikləri ilə deyil, gördükləri ilə danışa bilər. Əslində Azərbaycanın istədiyi də budur: həqiqət görünsün. Qoy Qarabağın yolları, şəhərləri, məbədləri, məktəbləri və kəndləri Azərbaycan həqiqətlərini dünyanın hər tərəfinə çatdırsın. Çünki bu gün Qarabağ haqqında ən güclü söz Qarabağın özüdür-deyə E. Süeymanov fikirlərini tamamlayıb. Geri dön |