Ana Sayfa > Manşet / Siyasət > 20 Sentyabr - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

20 Sentyabr - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi


Bu gün, 14:00. Yazar: azer
20 Sentyabr - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər zaman keçdikcə yalnız təqvimdə qeyd olunan gün olmaqla yanaşı, milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 20 Sentyabr da Azərbaycan xalqı üçün məhz belə tarixi əhəmiyyət daşıyan günlərdəndir. Bu tarix dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, Azərbaycanın bütün ərazisində Konstitusiya və qanunların aliliyinin təmin olunmasını ifadə edir.

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında da vurğulandığı kimi, 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyi təmin edilib və dövlət suverenliyi bərpa olunub. Sərəncamla hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınıb. Bu qərarın mahiyyətini düzgün anlamaq üçün Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli dövlətçilik yoluna nəzər salmaq lazımdır. Öz taleyinə sahib olmaq, müstəqil dövlət qurmaq və onu qoruyub inkişaf etdirmək hər bir xalq üçün böyük tarixi nailiyyətdir. Azərbaycan xalqı da əsrlər boyu milli kimliyini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini qoruyub saxlayıb. Müxtəlif dövrlərdə qarşılaşdığımız siyasi, iqtisadi və hərbi çətinliklər bu iradəni sarsıda bilməyib.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın çoxəsrlik mübarizəsinin mühüm nəticəsi idi. Lakin müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi və iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı dövlətçiliyimizin qarşısında ciddi sınaqlar yaratdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi uzun illər işğal altında qaldı. İşğal dövründə yaşayış məntəqələrimiz dağıdıldı, yüz minlərlə insan doğma torpaqlarından didərgin salındı, şəhər və kəndlərimiz, tarixi, dini və mədəni irsimiz böyük dağıntılara məruz qaldı. Xocalı faciəsi isə xalqımızın yaddaşında ən ağır səhifələrdən biri kimi qaldı. Azərbaycan bu dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan ədalətli mövqeyini ardıcıl şəkildə müdafiə etdi. Qeyd etmək yerinə düşək ki, ölkə Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamında da işğal və onun nəticələri ilə bağlı bu faktlar əksini tapıb.

Təəssüf ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun illər davam edən danışıqlar nəticə vermədi. Ermənistanın yeni hərbi-siyasi təxribatları vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan isə öz ərazi bütövlüyünü və beynəlxalq hüquqla tanınmış sərhədlərini bərpa etmək hüququndan istifadə etdi.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçı qüvvələrinə ağır zərbə vuraraq ərazilərimizin böyük hissəsini azad etdi. Şuşanın azad olunması, ardınca Ermənistanın kapitulyasiya etməsi və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması 30 ilə yaxın davam edən işğalın sonunu gətirdi.

Lakin qarşıda hələ mühüm vəzifələr dayanırdı. Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və qanunların aliliyinin tam təmin olunması üçün separatçı rejimin mövcudluğuna son qoyulmalı, dövlət sərhədlərimiz üzərində nəzarət tam bərpa edilməli idi. Bu istiqamətdə mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonunda sərhəd-buraxılış məntəqəsinin yaradılması oldu. Prezident İlham Əliyev həmin hadisəni Azərbaycanın ərazi bütövlüyünün tam bərpası baxımından mühüm addım kimi qiymətləndirib və sərhəd-buraxılış məntəqəsinin beynəlxalq hüquq çərçivəsində yaradıldığını bildirib.

Bununla belə, Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılmaması təhlükəsizliyimiz üçün ciddi təhdid olaraq qalırdı. 2023-cü ilin sentyabrında baş verən genişmiqyaslı təxribatlar isə Azərbaycanın qarşısında növbəti zəruri addımı qaçılmaz etdi.

Sentyabrın 19-da Müzəffər Azərbaycan Ordusunun başladığı lokal xarakterli antiterror tədbirləri 23 saat 43 dəqiqə davam etdi. Əməliyyat nəticəsində qarşıya qoyulan əsas vəzifələr yerinə yetirildi, qanunsuz silahlı birləşmələrin tərk-silah olunması və Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası üçün şərait yarandı. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə həmin hadisəni Azərbaycanın dövlət suverenliyinin tam bərpası kimi qiymətləndirib.

20 Sentyabrın tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. Bu tarix Azərbaycan Respublikasının bütün ərazisində dövlət hakimiyyətinin aliliyinin və Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunmasının rəmzinə çevrildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər ərazilərdə Azərbaycan bayrağının ucaldılması dövlət suverenliyimizin real ifadəsi oldu. Bu baxımdan “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi yalnız yeni bir əlamətdar günün təqvimə daxil edilməsi deyil. Bu qərar Azərbaycanın uzun illər davam edən dövlətçilik mübarizəsinin mühüm nəticəsinin dövlət səviyyəsində rəsmiləşdirilməsidir. Prezidentin Sərəncamında da qeyd edildiyi kimi, 20 sentyabr 2023-cü ildə ölkənin bütün ərazisində qanunun aliliyinin və dövlət suverenliyinin bərpa olunması bu tarixin təsis edilməsinin əsasını təşkil edir.

Dövlət suverenliyi anlayışı yalnız ərazi üzərində nəzarətlə məhdudlaşmır. Suveren dövlət öz ərazisində qanunların aliliyini təmin edən, müstəqil daxili və xarici siyasət həyata keçirən, milli maraqlarını qoruyan və beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul edən dövlətdir. Azərbaycanın son illərdə qazandığı nailiyyətlər suverenliyin hərbi, siyasi və hüquqi dayaqlarının bir-birini tamamladığını göstərir.

Məhz buna görə 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi məna daşıyırdı. 28 dekabr 2024-cü il tarixli Sərəncamda 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünün və Vətən müharibəsində Qələbənin beşinci ildönümünün qeyd olunması, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması nəzərə alınıb. 2025-ci il ərzində bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi də dövlətçilik dəyərlərinin cəmiyyətə, xüsusilə gənc nəslə daha dərindən çatdırılmasına xidmət etdi. “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı 2025-ci il fevralın 11-də təsdiq edildi.

Bu gün artıq qarşımızda tamamilə yeni reallıq dayanır. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edib. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərimizin iqtisadi potensialının üzə çıxarılması, müasir infrastrukturun yaradılması və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Suverenlik bizə yalnız keçmişin qürurunu yaşamaq üçün deyil, gələcəyimizi daha inamla qurmaq üçün imkan verir. Əldə etdiyimiz tarixi Zəfərin qorunması, dövlət institutlarının daha da möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, iqtisadi gücümüzün artırılması və insan kapitalının inkişafı suveren Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan dövlət suverenliyinin bərpası bir son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Artıq Azərbaycan qarşısına daha böyük məqsədlər qoyur. Güclü iqtisadiyyat, dayanıqlı dövlət institutları, müasir ordu, yüksək texnologiyalar, sosial rifah və beynəlxalq müstəvidə artan nüfuz suverenliyimizi möhkəmləndirən əsas amillərdir. Bu gün hər birimiz dərk etməliyik ki, dövlət suverenliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Dövlətçiliyə bağlılıq, qanunlara hörmət, milli həmrəylik və Azərbaycanın inkişafına töhfə vermək suverenliyimizin gündəlik həyatda yaşadılmasının ən mühüm göstəriciləridir.

20 Sentyabr həm də şəhidlərimizin və qəhrəman hərbçilərimizin bizə miras qoyduğu böyük tarixi məsuliyyəti xatırladır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilməlidir. Onların fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı bu tarixin ən böyük mənəvi dayağıdır. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirəm. İnanıram ki, Azərbaycan xalqı bundan sonra da milli birlik və həmrəylik nümayiş etdirərək müstəqil dövlətimizin daha da güclənməsinə, inkişafına və beynəlxalq mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Dövlət Suverenliyi Günümüz mübarək!

Asif Əsgərov,
Milli Məclisin deputatı

Geri dön