Ana Sayfa > Təhsil > Saxta diplomlu müəllimlər: Onları işə kim götürüb?

Saxta diplomlu müəllimlər: Onları işə kim götürüb?


8-04-2017, 14:54. Yazar: admin
Saxta diplomlu müəllimlər: Onları işə kim götürüb?



Yerli KİV-lərdə müəllimlərin işdən çıxarılması ilə bağlı xəbərlərə tez-tez rast gəlmək olur. Tovuzda 800 müəllimin işdən çıxarılmasından sonra Neftçala Qızlar Kollecinin məzunları olmuş müəllimlərin saxta diplom aldıqları üçün işdən qovulması diqqəti yenidən bu mövzuya yönəldib.

İşdən çıxarılanların əksəriyyəti vaxtilə pul verərək müəllim adına yiyələndiklərini deyirlər. Təhsil Nazirliyi isə bunu qətiyyən qəbul etmir. Nazirlik rəsmiləri əvvəlki rəhbərliyin kimdənsə rüşvət alıb işə götürməsinə görə məsuliyyət daşımadıqlarını bildirirlər.

Təhsil eksperti Kamran Əsədov AzVision.az-a bildirib ki, bu gün məktəblərdə işləyən kifayət qədər müəllim var ki, onların təhsil sənədləri problemlidir. “Bunun yaranmasında bir sıra obyektiv və subyektiv faktorlar rol oynayır. Bununla yanaşı saxta olduğu düşünülən sənədlərin bəziləri əslində hüquqi qüvvəyə malikdir. Hər kəsə məlumdur ki, biz necə olursa olsun diplom əldə etmək uğrunda mübarizə aparırıq. Yəni biz yaxşı mütəxəssis kimi yetişmək üçün yox, sadəcə diplom almaq haqda düşünürük. Onu da qeyd etmək istəyirəm ki, 2004 cü ilə qədər təhsil haqqında qanunun müvafiq bəndlərinə görə özəl təhsil müəssisələri daxili qaydada tələbə qəbulunu həyata keçirə bilərdi. Bəzi saxta diplomlar da ordan qaynaqlanır. Bundan əlavə, bir çoxlarının TQDK-nın qəbul imtahanlarında topladıqları ballar onların Azərbaycanda ali məktəblərə qəbul olunmasına imkan vermədiyinə görə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan və Dərbənd universitetlərinə üz tutub, bir il sonra Azərbaycan universitetlərinə köçürülüb təhsillərini davam etdiriblər”.


Təhsil eksperti qeyd edib ki, bütün hallarda bazada olmayan təhsil sənədlərinə görə işə qəbulu həyata keçirən orqan məsuliyyət daşıyır.

“2011-ci ilə qədər regionlarda orta məktəblərə müəllimlərin işə qəbulu məktəb direktoru və təhsil şöbəsi tərəfindən həyata keçirilirdi. Onlar sənədləri yoxlamadan birbaşa işə qəbulu həyata keçirirdilər. Bəzi hallarda məktəb direktorları tabeliyində olan işçilərin sənədlərində problem olduğunu bildiyi halda, müəyyən səbəblərdən buna göz yumurdu. 2014-cü ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin diaqnostik imtahanları bu sahədə çalışanların sənədlərinin yoxlanılması üçün şərait yaratdı və ortaya xoş olmayan mənzərə çıxdı. Əlbəttə, bir çox müəllimlər uzun müddət bu sahədə çalışıblar. Amma bu, o demək deyil ki, onlar bu sahənin mütəxəssisi olublar. Sənədlərində problem və saxtakarlıq olan hər bir müəllim işdən azad edilməlidir. Onların yerinə imtahanla savadlı kadrlar cəlb olunmalıdır”.

Təhsil eksperti bildirib ki, saxta diplomlu müəllimin diaqnostik qiymətləndirmədən keçməsi sənədinin doğru olması demək deyil.

“Təhsil şöbələri bəzi hallarda diplomları problemli olanlara göz yumub onların diaqnostik qiymətləndirmə imtahanlarına buraxılmasına şərait yaradıb. Neftçala rayonunda yerləşən həmən kollecin qəbul aparmaq səlahiyyətləri olmayıb. Filialın fəaliyyəti qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilməyib. Sadəcə olaraq, müstəqilliyimizin ilk illərində sənədləşmə prosesində müəyyən boşluqlar olduğuna görə bundan sui-istifadə edərək təhsil sənədləri alanlar olub. İndi onların ciddi şəkildə problemləri yaranıb. Əvvəlki illərdə onlar məhz təhsil sənədlərinə görə vəzifədən azad ediliblər, lakin məhkəmə qətnaməsi ilə işə bərpa olunublar. Onların orta məktəblərdə fəaliyyətini davam etdirməsinə imkan vermək olmaz. Bu, daha böyük qüsurlara səbəb ola bilər”.

AİA.az
Geri dön