Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Ərdoğanın hədəsi, Putini gözləyən itki və Azərbaycanın şansı

Ərdoğanın hədəsi, Putini gözləyən itki və Azərbaycanın şansı


9-10-2015, 14:32. Yazar: admin
Ərdoğanın hədəsi, Putini gözləyən itki və Azərbaycanın şansı

Rusiya təyyarələrinin Türkiyənin hava sərhədlərini dalbadal iki dəfə pozması və Suriya ərazisindən uçaraq Türkiyə qırıcılarının döyüş radarlarının hədəfinə götürməsi Ankara ilə Moskva arasında münasibətləri kəskinləşdirib

Lakin bu insidentlər münasibətlərin pisləşməsinin səbəblərindən ancaq biridir, hətta ən az əhəmiyyətli olanıdır.

Əsas səbəb isə Putinin Suriya müharibəsində əvvəldən Bəşər Əsədin şiə rejimini dəstəkləməsi və indi də Əsədi qorumaq üçün hərbi əməliyyatlara başlamasıdır.

Putinin qəfil Suriya əməliyyatı Türkiyənin və Səudiyyə Ərəbistanının Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırmağa yönələn çoxillik səylərini demək olar ki, heçə endirir.

Yaxın Şərq boyu yayılan sünni-şiə qarşıdurmasında Rusiyanın şiələrin müttəfiqinə çevrilməsi Ankara-Moskva yaxınlaşmasına da zərbə vurub. Hansı ki, bu yaxınlara qədər Türkiyənin NATO üzrə müttəfiqlərindən uzaqlaşaraq Rusiya ilə yaxınlaşması tendensiyası müşahidə edilirdi.

Xəbər verildiyi kimi, Rusiya bombardmançılarının Türkiyə hava sahəsinə daxil olmasından sonra prezident Ərdoğan xəbərdarlıq edib ki, Moskva onun ölkəsinə qarşı bu cür təcavüzkar addımları davam etdirsə, çox şey itirəcək. Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya qazından imtina edə və Akkuyuda Rusiya layihəsi əsasında AES tikintisi planından daşına bilər.

Ərdoğanın xəbərdarlığı Rusiyada ciddi rezonansa səbəb olub. Bəzilərinə görə, Türkiyənin Rusiya qazından imtina etməsi elə də asan deyil. Çünki alternativ mənbələr tapmaq üçün illərlə vaxt lazımdır.

RBC agentliyi isə qaz sferası üzrə ekspertlərə istinadən yazır ki, Türkiyənin Rusiya qazından imtina etməsi Moskvaya 9,2 milyard dollara başa gələ bilər. Türkiyə Almaniyadan sonra “Qazprom”un ikinci ən iri müştərisidir.

2014-cü ildə Türkiyə Rusiyadan 27,4 milyard kubmetr qaz idxal edib, bu isə Rusiyanın cəmi qaz ixracının 18 faizini təşkil edir. Türkiyənin qaza olan tələbatının 50 faizi “Qazprom”un payına düşür.

Bundan başqa Türkiyə İrandan 9 milyard kubmetr, Azərbaycandan 5,3 milyard kubmetr, Nigeriya və Əlcəzairdən isə sıxılmış formada 8 milyard kubmetr qaz alıb. Buna baxmayaraq Türkiyənin qaza olan tələbatı daha çoxdur.

Bəs Ərdoğan nəyə əsasən Rusiya qazından imtina edə biləcəklərinə eyham vurub? Belə görünür ki, Türkiyə prezidenti əsasən Azərbaycan və İran qazına ümid edir. İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra bu ölkədən Avropaya qaz ixracına olan maneələr aradan qalxacaq.

İran qazı üçün əsas tranzit ölkə hazırda Türkiyədir. Eləcə də İran Azərbaycan qazını Türkiyəyə nəql edəcək TANAP kəmərinə maraq göstərir.

Digər tərəfdən, Türkiyə Rusiya qazından imtina etsə, Azərbaycan qazı üçün sərfəli bazar açılmış olacaq. TANAP kəməri ilə 2018-ci ildən etibarən “Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr qazın Türkiyəyə çatdırılması nəzərdə tutulub. Bu həcmin 6 milyard kubmetri aşağı qiymətlə Türkiyənin daxili tələbatına yönəldiləcək.

Qalan 10 milyard kubmetrin isə TAP kəməri ilə Yunanıstan və İtaliya üzərindən Avropanın cənubuna nəqli nəzərdə tutulur.

Lakin TAP kəmərinin tikintisində ləngimə var. Bu layihənin vaxtında həyata keçirilməsinə gah Yunanıstandakı seçkilər, gah da bürokratiya mane olur. Sonuncu dəfə TAP kəmərinin işə salınması üçün son müddət 2020-ci il müəyyən edilmişdi.

Bu günlərdə isə Qaz İxrac edən Ölkələr Forumunun (Qaz OPEK-i) baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Azərbaycan qazının Avropa bazarına 2022-ci ildən tez çıxmayacağına dair proqnoz verib.

Bir müddət əvvəl prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin reallaşmasına qarşı bəzi süni əngəllərin yaradıldığını bildirərək demişdi ki, belə davam etsə, Azərbaycan alternativ bazarlar tapa bilər.

Prezident hansı bazarlardan söhbət getdiyini deməsə də təxmin etmək çətin deyildi ki, əgər TAP kəməri layihəsi vaxtında həyata keçirilməsə, Azərbaycan TANAP-la nəql edilən qazın hamısını Türkiyə bazarında sata biləcəyinə eyham vurur.

İndi isə Ankara ilə Moskva arasında münasibətlərin pisləşməsi bu variantı yenidən aktuallaşdırıb. Türkiyə Rusiya qazından imtina etsə, Azərbaycan bu ölkəyə Avropa bazarı qiymətlərinə əlavə qaz satmaq şansı qazanır.
Geri dön