Ana Sayfa > Özəl > İstanbulda kirayə qiymətlərinə dövlət müdaxiləsi: Yeni evlər 350 manatdan təklif olunur

İstanbulda kirayə qiymətlərinə dövlət müdaxiləsi: Yeni evlər 350 manatdan təklif olunur


Bu gün, 20:46. Yazar: vasif
İstanbulda kirayə qiymətlərinə dövlət müdaxiləsi: Yeni evlər 350 manatdan təklif olunur




İstanbulda yüksək kirayə qiymətlərinin əhaliyə yaratdığı yükü azaltmaq məqsədilə dövlətin yeni sosial mənzil layihəsi həyata keçirilir. TOKİ tərəfindən tikilən və kirayə üçün nəzərdə tutulan ilk hazır mənzillərdən görüntülər də ictimaiyyətə təqdim olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə reallaşdırılan proqram çərçivəsində ümumilikdə 15 min sosial mənzilin kirayəyə verilməsi nəzərdə tutulur. İlk mərhələdə isə 1071 mənzil sakinlərin istifadəsinə təqdim ediləcək. Evlərin zəlzələyə davamlı və müasir tikinti standartlarına uyğun inşa edildiyi bildirilir.

Layihənin ən diqqətçəkən tərəfi kirayə qiymətləridir. Aylıq ödəniş 10 min lirədən – təxminən 350 manatdan başlayacaq. Proqram əsasən öz mənzili olmayan və müəyyən gəlir həddindən aşağı ailələr üçün nəzərdə tutulub. Müraciət edən ailənin aylıq gəlirinin 100 min lirəni keçməməsi tələb olunur.

Mənzillər sakinlərə 3 il müddətinə kirayəyə veriləcək. Müddət başa çatdıqdan sonra sosial evlər üçün yenidən püşkatma keçiriləcək və növbəti kirayəçilər müəyyənləşdiriləcək. Bununla daha çox ailənin güzəştli kirayə imkanından yararlanması hədəflənir.

Müraciətlərin 14–25 sentyabr 2026-cı il tarixlərində e-Dövlət sistemi üzərindən qəbul ediləcəyi, ilk 1071 mənzilin açarlarının isə oktyabrdan təqdim olunacağı bildirilir.

15 min mənzillik proqram İstanbulun bütün kirayə bazarını təkbaşına dəyişəcək həcmdə olmasa da, dövlətin birbaşa güzəştli kirayə modeli ilə bazara daxil olması diqqətçəkən addımdır. Layihənin genişləndirilməsi xüsusilə aşağı və orta gəlirli, öz evi olmayan ailələr üçün ciddi alternativ yarada bilər.
Geri dön