Ana Sayfa > Dünya > Dünya pulunu və qızılını ABŞ-dən çıxarır

Dünya pulunu və qızılını ABŞ-dən çıxarır


Dünən, 22:44. Yazar: vasif
Dünya pulunu və qızılını ABŞ-dən çıxarır

ABŞ onilliklər boyu xarici dövlətlərin və vətəndaşların pullarını saxlamaq, silah almaq, investisiya yatırmaq, təhsil almaq və hətta səyahət etmək üçün ilk seçimlərindən biri olub. Lakin indi bu üstünlüyün eyni vaxtda bir neçə istiqamətdə zəifləməsinin əlamətləri görünür.

aia.az xəbər verir ki, bu barədə “Axios” yazıb.

Nəşr qeyd edir ki, söhbət hələ ABŞ-dən kütləvi imtinadan getmir. Lakin seçimlərdə hətta nisbətən kiçik dəyişikliklər belə Vaşinqtonun onilliklər ərzində qazandığı iqtisadi və geosiyasi üstünlükləri tədricən zəiflədə bilər.

Ən diqqətçəkən proseslərdən biri Avropanın qızıl ehtiyatları ilə bağlıdır.

Niderland ötən həftə ABŞ və Kanadada saxlanılan 86 ton qızılını geri gətirib. Amsterdam bunu “fövqəladə sistem risklərindən” qorunmaq zərurəti ilə izah edib.

Fransa bundan əvvəl Nyu-Yorkda saxladığı qızıl ehtiyatlarını tamamilə ölkəyə qaytarıb. Almaniyada da qızıl ehtiyatlarının ABŞ-dən çıxarılması məsələsi müzakirə olunur.

Dünyanın ən böyük suveren sərvət fondu olan Norveç Dövlət Pensiya Fondu da ABŞ dövlət istiqrazlarına yatırımlarını azaltmaq niyyətini açıqlayıb. Buna Amerika xəzinə istiqrazları bazarındakı qeyri-sabitliyin səbəb olduğu bildirilir.

Dəyişiklik yalnız maliyyə ilə məhdudlaşmır.

Avropa ölkələri silah alışında ABŞ-dən asılılığı azaltmaq və sifarişlərin daha böyük hissəsini öz müdafiə sənayesinə yönəltmək istəyirlər.

Avropa İttifaqı Amerika texnologiya nəhənglərindən asılılığın azaldılması istiqamətində də addımlar atır. Bulud xidmətləri bazarı üçün hazırlanan yeni qaydalar həssas məlumatlarla bağlı bəzi müqavilələrdə Amazon, Google və Microsoft kimi ABŞ şirkətlərinin iştirakını məhdudlaşdıra bilər.

ABŞ-nin cazibəsinin azalmasına dair başqa bir siqnal universitetlərdən gəlir.

Son qəbul kampaniyasında Amerika universitetlərinə xaricdən daxil olan müraciətlərin sayı 10 faiz azalıb. “Axios” bunu tələbə vizalarının verilməsi qaydalarının sərtləşməsi və Donald Tramp administrasiyasının daha sərt miqrasiya siyasəti ilə də əlaqələndirir.

Turizmdə də geriləmə qeydə alınıb. 2025-ci ildə ABŞ-yə beynəlxalq turist axını 5,5 faiz azalıb. Bu, pandemiyadan sonra qeydə alınan ilk azalma olub.

Kanadalıların ABŞ-yə səfərləri 25 faiz, Almaniyadan gələn turistlərin sayı da Trampın prezidentlik müddətinin başlanmasından bəri təxminən 25 faiz azalıb.

Pew Research Center-in araşdırması isə problemin yalnız pul və səfərlərlə bağlı olmadığını göstərir. Sorğunun keçirildiyi 10 ölkə arasında yalnız Polşa və Macarıstanda respondentlərin əksəriyyəti ABŞ-ni hələ də etibarlı tərəfdaş hesab edib.

Bütün 10 ölkədə isə respondentlərin əksəriyyəti Trampa beynəlxalq siyasət məsələlərində etibar etmədiyini bildirib.

Bununla belə, “Axios” ABŞ-nin qlobal mövqelərinin çökməsindən danışmağın tez olduğunu vurğulayır. Dolların dünya maliyyə sistemində dominantlığı davam edir, Amerika müttəfiqləri ölkənin hərbi gücündən ciddi şəkildə asılıdır və ABŞ xarici tələbələr üçün dünyanın əsas təhsil istiqaməti olaraq qalır.

Lakin əvvəlki “avtomatik seçim” statusu artıq əvvəlki qədər mübahisəsiz görünmür.

Növbəti mühüm sınaq isə Avropanın qızılı ola bilər. Almaniya, İtaliya və İspaniyada ABŞ-də saxlanılan qızıl ehtiyatlarının geri qaytarılması ilə bağlı müzakirələr yenidən güclənir. Bu ölkələrin də ehtiyatlarını geri çəkməsi Vaşinqtona etimadın azalmasının daha ciddi siqnalına çevrilə bilər.
Geri dön