Ana Sayfa > Siyasət > Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır

Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır


Bu gün, 10:16. Yazar: vasif
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır


Türk dövlətləri cinayətkarlıqla mübarizədə ortaq və güclü təhlükəsizlik sistemi qurmağa hazırlaşır.

Yeni struktur İnterpol və Europol modelinə bənzər “TÜRKPOL” adı altında fəaliyyət göstərəcək.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının III Daxili İşlər Nazirləri Toplantısında “TÜRKPOL”un yaradılmasını təklif etdiklərini açıqlayıb.

Nazirin sözlərinə görə, toplantıda Türk dövlətləri arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizədə əməkdaşlığın yeni mərhələyə keçirilməsi müzakirə olunub.

Türkiyənin təklif etdiyi Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması artıq toplantının birgə bəyanatına daxil edilib. Yeni qurumun müasir cinayətkar şəbəkələr, terror, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, qanunsuz mərc və qumarla mübarizədə dövlətlərin ortaq imkanlarını gücləndirməsi nəzərdə tutulur.

Planın növbəti və ən mühüm mərhələsi isə “TÜRKPOL”un yaradılmasıdır. Cinayətkarlıqla Mübarizə Şurası fəaliyyətə başladıqdan sonra onun icraedici strukturu kimi Türk Dövlətləri Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin – “TÜRKPOL”un qurulması istiqamətində iş aparılacaq.

“TÜRKPOL”un İnterpol və Europola bənzər mexanizmlə işləməsi, üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsini, koordinasiyanı və cinayətkarlara qarşı ortaq fəaliyyət imkanlarını genişləndirməsi planlaşdırılır.

Türkiyənin “TÜRKPOL” təklifi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri tərəfindən müsbət qarşılanıb.

Cinayətkarlıqla Mübarizə Şurasının təsis sazişinin isə gələn ay Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının Liderlər Zirvəsində imzalanması hədəflənir.

Toplantıda Türk dövlətlərinin vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi və hava limanlarında ortaq pasport nəzarəti məntəqələrinin yaradılması da müzakirə edilib.musavat.com
Geri dön