Ana Sayfa > Təhsil > 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib


Bu gün, 16:36. Yazar: Subhan
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Bu barədə aia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Konfransdan öncə Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil ictimaiyyəti, təhsil mütəxəssisləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Eşqi Bağırov təhsildə keyfiyyətin yüksəldilməsinin məlumatlara əsaslanan idarəetmə, peşəkar müəllim və müasir bacarıqların inkişafı ilə birbaşa bağlı olduğunu vurğulayıb.

Daha sonra Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev geniş təqdimatla çıxış edib. Bildirib ki, ibtidai və 6-cı siniflər üzrə qiymətləndirmələrdə müsbət dinamika qeydə alınıb. Son illərdə 4-cü sinif şagirdlərinin oxu və riyazi bacarıqlarında artım müşahidə olunur. Xüsusilə baza səviyyəsinə çatmayan şagirdlərin payı azalıb. Vurğulayıb ki, nəticələr zəif şagirdlərin minimum səviyyəyə çatdırılması və əsas bacarıqların inkişafı istiqamətində müsbət irəliləyişin olduğunu göstərir.

Konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil nəticələrinin yalnız rəqəmlər üzrə deyil, şagirdlərin fərdi göstəriciləri və problemləri nəzərə alınmaqla təhlil edilməsinin vacibliyini vurğulayıb. O, konfransda təqdim olunan real məlumat və təhlillərin əhəmiyyətini qeyd edərək bildirib ki, zəif nəticənin səbəbləri müəyyənləşdirilməli və hər bir şagirdə uyğun dəstək göstərilməlidir.

Məleykə Abbaszadənin sözlərinə görə, müəllim dərs dediyi şagirdləri yaxından tanımalı, onların psixometrik göstəricilərini və ehtiyaclarını bilməlidir. DİM sədri həmçinin aşağı nəticələrin kökünə erkən mərhələdə getməyin, xüsusilə ibtidai siniflərdən başlayaraq zəif şagirdlərlə məqsədyönlü işləməyin vacibliyini qeyd edib.

Sonda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinin əsas göstəricisinin şagirdlərin öyrənmə nəticələri olduğunu vurğulayıb. Nazir bildirib ki, təhsil sahəsində qərar və təşəbbüslər tədqiqatlara, məlumatlara və təhlillərə əsaslanmalı, effektiv yanaşmalar ardıcıl və davamlı şəkildə tətbiq edilməlidir. Emin Əmrullayev məktəblərdə məlumatlara əsaslanan idarəetmənin və məktəbdaxili ölçmələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, vahid metodologiya və meyarların tətbiqi təhsil sistemində ardıcıllığın təmin olunmasına imkan verəcək. Nazir məktəbə təsir edən amillər sırasında ailə və ətraf mühitin roluna da diqqət çəkib, məktəb–valideyn–icma əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Eyni zamanda tədrisin birbaşa həyata keçirilməsində müəllimin həlledici rolunu qeyd edərək, müəllimlərin zəruri metodoloji alət və məlumatlarla dəstəklənməsinin vacibliyini bildirib.

Tədbir çərçivəsində açıq mikrofon formatında müzakirə təşkil olunub, iştirakçıların təklif və fikirləri dinlənilib. Konfrans bədii hissəsi ilə yekunlaşıb.

aia.az
Geri dön