Ana Sayfa > Gündəm / Manşet > Diqqətli olun - Cəzalar sərtləşdirildi
Diqqətli olun - Cəzalar sərtləşdirildi7-04-2017, 17:39. Yazar: admin |
Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Cinayət Məcəlləsinin 314-1 (Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə) maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etməyə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur. Dəyişiklik layihəsində həbs müddətinin aşağı həddinin 3 il olması təklif edilir. Məcəllənin 314-2. (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddəsinə də dəyişiklik təklif edilir. Belə ki, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməməya görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir. Hazırki qanunvericiliyə görə islah işlərinin müddəti 1 ildir. Bundan başqa, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməməya görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada cəzanın daha da sərtləşdirilərək 2 ilədək müddətə islah işlərinin ləğv edilməsi və həbs müddətinin 3 ildən 5 ilədək artırılması təklif edilir. Bu əməllər ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulursa, təkliflə həbs müddətinin 5 ildən 8 ilədək artırılması təklif olunur. Cinayət Məcəlləsinin 314-3. (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması) maddəsinə əsasən, müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması görə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda islah işlərinin müddəti 1 ildir. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişiklik layihəsində həbs müddətinin artırılaraq 3 ildən 5 ilədək olması təklif olunur. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmanın tətbiq olunması təklif edilir. Hazırda bu müddət 4 ildən 6 ilədəkdir. Layihədə qeyd olunub ki, dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbuletmə, qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayrıma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazəvermə, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması sahəsində mübarizənin gücləndirilməsi məqsədilə müvafiq maddələrin sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutur. Dəyişiklik layihəsində İnzibati Xətalar Məcəlləsinin 249-cu (Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması) maddəsinin ləğv edilməsi təklif edilib. Bildirilib ki, dəyişikliklər vəzifəli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələrini tikinti üçün ayırma ilə bağlı mübarizənin gücləndirilməsi məqsədilə bu inzibati xətanın ləğv edilməsini və bu əmələ görə cinayət məsuliyyətinin müəyyən olunmasını nəzərdə tutur. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. AİA.az Geri dön |