Ana Sayfa > Özəl > Böyük dövlət olmaq yox, böyük təsir yaratmaq: Azərbaycanın yeni strateji seçimi
Böyük dövlət olmaq yox, böyük təsir yaratmaq: Azərbaycanın yeni strateji seçimiBu gün, 15:48. Yazar: azer |
![]() 2026-cı ilin iyulunda Şuşada keçirilən IV Qlobal Media Forumunda Azərbaycanın gələcək geosiyasi mövqeyi ilə bağlı mühüm bir siyasi tezis səsləndi. Prezident İlham Əliyevə Azərbaycanın artıq “orta güc” kimi tanınması barədə sual ünvanlandı. Prezident cavabında bildirdi ki, bir sıra ekspertlər Azərbaycanın artıq orta gücə çevrildiyini düşünür və özü də bu yanaşmaya etiraz etmir. Onun fikrincə, orta güc anlayışının əsas meyarları ölkənin potensialı, böyük güclərin mövqeyindən asılı olmayaraq milli maraqlarını müdafiə etmək bacarığı, təhlükə qarşısında bütün imkanları ilə müqavimət göstərə bilməsi, sərhədlərindən kənarda baş verən proseslərə təsir göstərməsi və region qarşısında məsuliyyət daşımasıdır. Bu, sadəcə terminoloji bir müzakirə deyil. Əslində Prezidentin bu yanaşması Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun nəticələrini yeni geosiyasi anlayış çərçivəsində ifadə edir. Azərbaycan artıq yalnız öz təhlükəsizliyini təmin etməyə çalışan regional dövlət deyil. O, müəyyən proseslərə təsir göstərən, müxtəlif güc mərkəzləri ilə müstəqil münasibətlər qura bilən, regional layihələrdə təşəbbüs göstərən və beynəlxalq gündəmin ayrı-ayrı istiqamətlərində özünü məsuliyyətli aktor kimi təqdim edən dövlətdir. Məhz buna görə Azərbaycanın qarşısında indi başqa bir strateji sual dayanır: Azərbaycan böyük dövlət olmağa çalışmalıdır, yoxsa öz ölçüsündən daha böyük təsir yaradan dövlətə çevrilməlidir? Məncə, Azərbaycanın gələcəyi üçün daha real və rasional seçim ikincisidir. Orta güc: ölçü deyil, təsir məsələsidir. Beynəlxalq siyasətdə dövlətlərin gücü uzun müddət ərazi, əhali, iqtisadiyyat və hərbi potensialla ölçülüb. Bu göstəricilər bu gün də əhəmiyyətini itirməyib. Lakin XXI əsrdə dövlətin real çəkisini yalnız malik olduğu resursların miqdarı deyil, həmin resursları siyasi nəticəyə çevirmək qabiliyyəti müəyyən edir. Bəzən ərazisi və əhalisi böyük olan dövlət beynəlxalq sistemdə gözlənilən təsiri yarada bilmir. Bəzən isə daha məhdud imkanlara malik ölkə düzgün strategiya, əlverişli coğrafiya, diplomatik çeviklik, iqtisadi əlaqələr və hərbi çəkindirmə vasitəsilə öz fiziki ölçüsündən dəfələrlə böyük təsir əldə edir. Məhz bu reallıq “orta güc” anlayışını XXI əsrdə yenidən aktuallaşdırıb. Orta güc ABŞ və Çin kimi qlobal sistemin əsas qaydalarını təkbaşına müəyyən edən supergüc deyil. Eyni zamanda böyük dövlətlərin qərarlarına yalnız uyğunlaşmalı olan kiçik dövlət də deyil. Orta güc regional proseslərin gedişinə ciddi təsir göstərən, müxtəlif güc mərkəzləri ilə işləyə bilən, müəyyən sahələrdə ixtisaslaşmış üstünlüklər yaradan və diplomatik vasitələrlə öz fiziki ölçüsündən daha böyük beynəlxalq çəki qazana bilən dövlətdir. Prezident İlham Əliyevin 2026-cı ilin iyulunda verdiyi izah da məhz bu yanaşmaya uyğun gəlir. O, orta gücün yalnız hərbi potensialla ölçülmədiyini, dövlətin sərhədlərindən kənarda baş verən proseslərə “bir sözü və ya bir bəyanatı ilə” təsir göstərə bilməsinin də mühüm meyar olduğunu vurğuladı. Bu baxımdan Azərbaycan nümunəsi xüsusilə maraqlıdır. Çünki Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət ayrı-ayrı layihələrin məcmusundan daha böyük nəticə yaradıb. Azərbaycanın orta gücə çevrilməsinin başlanğıc nöqtəsi Bu transformasiyanın əsasını uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlət siyasətində axtarmaq lazımdır. Enerji infrastrukturu yaradıldı. Nəqliyyat dəhlizlərinə sərmayə qoyuldu. Ordu modernləşdirildi. İqtisadi müstəqillik gücləndirildi. Çoxvektorlu diplomatiya formalaşdırıldı. Türkiyə ilə strateji müttəfiqlik dərinləşdirildi. Mərkəzi Asiya ilə əlaqələr genişləndirildi. Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı inkişaf etdirildi. Çinlə yeni bağlantı imkanları yaradıldı. Qoşulmama Hərəkatına sədrliyə çevrilən diplomatik fəallıq göstərildi. COP29 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi təmin edildi. Və nəhayət, Qarabağ məsələsində Azərbaycanın öz milli maraqlarını və ərazi bütövlüyünü təmin edən hərbi-siyasi nəticə əldə olundu. Bütün bunlar ayrı-ayrı hadisələr kimi görünsə də, əslində vahid bir strategiyanın elementləridir: müstəqil qərar qəbul etmək imkanını genişləndirmək. Prezidentin 2026-cı ildə orta güc anlayışını izah edərkən vurğuladığı “böyük güclərin necə düşündüyündən və nə etdiyindən asılı olmayaraq milli maraqlarını müdafiə etmək” qabiliyyəti məhz bu strategiyanın nəticəsi kimi qiymətləndirilə bilər. Qarabağ Zəfəri: hərbi qələbədən geosiyasi nəticəyə Azərbaycanın orta gücə çevrilməsi haqqında danışarkən 2020-ci il Vətən müharibəsini və 2023-cü ildə ərazi bütövlüyünün tam bərpasını yalnız hərbi hadisə kimi qiymətləndirmək kifayət deyil. Bu proses Azərbaycanın dövlət potensialının siyasi nəticəyə çevrilməsinin ən mühüm nümunəsidir. Prezident İlham Əliyev də 2021-ci ildə bildirmişdi ki, II Qarabağ müharibəsinin təcrübəsi düzgün zaman seçiminin, hazırlığın, risklərin hesablanmasının və milli resursların səfərbər edilməsinin əhəmiyyətini göstərib. Eyni zamanda, Qarabağ Zəfərindən sonra Azərbaycanın qarşısında yeni mərhələnin açıldığını vurğulamışdı. Bu mənada Qarabağ Zəfəri Azərbaycanın geosiyasi çəkisini dəyişdirən dönüş nöqtəsi oldu. Çünki bundan sonra Azərbaycan yalnız ərazi münaqişəsinin tərəfi kimi deyil, regionun gələcək siyasi və iqtisadi arxitekturasının formalaşmasında əsas aktorlardan biri kimi çıxış etməyə başladı. Bu artıq orta güc davranışının mühüm göstəricisidir. Enerji: resursdan geosiyasi alətə Azərbaycanın orta güc statusunun başqa mühüm dayağı enerji siyasətidir. Azərbaycanın enerji resursları uzun illər ölkənin iqtisadi gücünün əsas mənbələrindən biri olub. Lakin əsas məsələ yalnız neft və qaz hasil etmək deyildi. Əsas məsələ bu resursları beynəlxalq əlaqələr sistemi yaratmaq üçün istifadə etmək idi. Cənub Qaz Dəhlizi, TANAP, TAP və Avropa enerji bazarlarına çıxış Azərbaycanı sadəcə enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyinin tərəfdaşlarından birinə çevirdi. Prezident İlham Əliyev hələ əvvəlki illərdə Azərbaycanın enerji sektorunda “qlobal oyunçu”ya çevrilməsindən və enerji təhlükəsizliyinin təmin olunmasında tərəfdaşlarla birlikdə rol almasından danışırdı. Bu siyasətin nəticəsində enerji Azərbaycanın yalnız gəlir mənbəyi deyil, xarici siyasət və diplomatik manevr alətinə çevrildi. İndi isə növbəti mərhələ başlayır: enerji resurslarından enerji sisteminə keçid. Yaşıl enerji, Xəzərin külək potensialı, elektrik enerjisinin regional və Avropa bazarlarına çıxarılması Azərbaycanın gələcək geoiqtisadi rolunu daha da genişləndirə bilər. Orta Dəhliz: tranzit ölkədən geoiqtisadi mərkəzə Azərbaycanın coğrafiyası onun ən böyük strateji üstünlüklərindən biridir. Lakin coğrafiyanın özü güc deyil. Coğrafiyanı iqtisadi və siyasi üstünlüyə çevirə bilmək gücdür. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Cənubi Qafqaz vasitəsilə Avropaya, Türkiyə vasitəsilə Aralıq dənizi hövzəsinə, şimal və cənub istiqamətləri ilə isə daha geniş Avrasiya məkanına çıxış imkanlarına malikdir. Orta Dəhlizin inkişafı bu coğrafiyanı yeni strateji məna ilə doldurur. Azərbaycanın Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri ilə əlaqələri, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolu və digər nəqliyyat infrastrukturu ölkənin Şərq-Qərb bağlantısında rolunu artırır. Lakin burada əsas sual sadəcə nə qədər yükün Azərbaycandan keçməsi deyil. Əsas sual budur: Həmin yükün yaratdığı əlavə dəyərin nə qədəri Azərbaycanda qalacaq? Əgər yük sadəcə ölkədən keçirsə, Azərbaycan tranzit məkanıdır. Əgər həmin yükün ətrafında logistika, sığorta, maliyyə, anbar, gömrük, istehsal, emal, rəqəmsal xidmətlər və yeni bizneslər yaranırsa, artıq Azərbaycan geoiqtisadi mərkəzə çevrilir. Bu fərq olduqca vacibdir. Orta Dəhlizin gələcəyi Azərbaycan üçün sadəcə nəqliyyat layihəsi deyil. Bu, ölkənin regional iqtisadi platformaya çevrilməsi üçün imkan yaradan strateji layihədir. Qoşulmama Hərəkatından COP29-a: diplomatik təsirin institusionallaşması Azərbaycanın orta güc davranışını göstərən digər istiqamət diplomatiyadır. Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrliyimiz bunun mühüm nümunəsi oldu. Prezident İlham Əliyev 2025-ci ildə ADA Universitetində keçirilən beynəlxalq forumda Azərbaycanın Hərəkatdakı sədrliyini böyük məsuliyyətlə həyata keçirdiyini və bu müddətdə müəyyən institusional platformaların yaradılmasına nail olunduğunu bildirmişdi. O, pandemiya dövründə Azərbaycanın yalnız danışmadığını, konkret addımlar atdığını və ehtiyacı olan ölkələrə yardım göstərdiyini də qeyd etmişdi. Bu, orta güc üçün mühüm xüsusiyyətdir. Çünki orta güc yalnız öz maraqlarını müdafiə edən dövlət deyil. O, müəyyən məsələlərdə regional və beynəlxalq məsuliyyət daşıyan dövlətdir. COP29 da bu baxımdan yeni mərhələ idi. Azərbaycan 2024-cü ildə dünyanın ən böyük çoxtərəfli tədbirlərindən birinə ev sahibliyi etməklə yalnız təşkilati imkanlarını nümayiş etdirmədi. Eyni zamanda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq və konsensus yaratmaq üçün platforma təqdim etdi. Bu xətt 2026-cı ildə də davam edir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın artıq “orta güc” dövləti kimi BMT-nin mühüm tədbirlərinə ev sahibliyi etdiyini xüsusi vurğuladı. Bu, çox mühüm siyasi göstəricidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə sadəcə ev sahibliyi edən ölkə deyil. Bəzi qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilir. Türk dünyası və regional güc şəbəkəsi Azərbaycanın orta güc modelinin daha bir mühüm elementi Türk dünyası ilə münasibətlərdir. Burada söhbət yalnız mədəni və tarixi yaxınlıqdan getmir. Nəqliyyat, logistika, enerji, müdafiə, investisiya, rəqəmsal bağlantı və ticarət əlaqələrinin genişlənməsi Türk dövlətləri arasında yeni geoiqtisadi məkan formalaşdırır. Azərbaycan bu məkanın coğrafi və siyasi bağlantı nöqtələrindən birinə çevrilir. Türkiyə ilə müttəfiqlik, Mərkəzi Asiya dövlətləri ilə artan əməkdaşlıq və Xəzər üzərindən Avropa bağlantısı Azərbaycanın regional çəkisini artıran bir-birini tamamlayan elementlərdir. Bu baxımdan Azərbaycanın məqsədi hansısa güc mərkəzinin yanında dayanmaq yox, müxtəlif güc mərkəzləri arasında öz strateji əlaqələr şəbəkəsini qurmaqdır. Bu, strateji muxtariyyətin əsas şərtlərindən biridir. Orta gücün arxasında orta güc iqtisadiyyatı dayanmalıdır Prezident İlham Əliyev 25 may 2026-cı ildə aqrar məsələlərə həsr olunmuş müşavirədə Azərbaycanın artıq qlobal miqyasda orta güc kimi tanındığını və müxtəlif ölkələrin şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Eyni çıxışda xarici şirkətlərin Azərbaycanın ehtiyac duyduğu sahələrə cəlb edilməsinin vacibliyini də vurğuladı. Bu fikir mühüm bir məqamı ortaya qoyur. Orta güc yalnız xarici siyasət anlayışı deyil. Onun arxasında orta güc iqtisadiyyatı dayanmalıdır. Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafı, ixracın şaxələndirilməsi, yüksək əlavə dəyərli məhsulların və xidmətlərin artırılması, milli şirkətlərin xarici bazarlara çıxması və xarici investisiyaların ölkənin strateji sahələrinə yönəldilməsi bu modelin əsas elementləridir. Burada kənd təsərrüfatı da xüsusi əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyi artıq yalnız aqrar siyasətin məsələsi deyil. Su qıtlığı, iqlim dəyişiklikləri və qlobal ərzaq zəncirlərindəki risklər fonunda ərzaq istehsalı milli təhlükəsizliyin komponentinə çevrilir. Prezidentin həmin müşavirədə buğda üzrə özünütəminetmə göstəricisinin 55 faiz səviyyəsində qalmasını qəbuledilməz hesab etməsi də ərzaq təhlükəsizliyinin strateji yanaşma tələb etdiyini göstərir. Azərbaycan üçün məqsəd yalnız kənd təsərrüfatı məhsulu istehsal etmək deyil. Məqsəd su idarəçiliyi + aqrar texnologiya + toxumçuluq + məhsuldarlıq + qida emalı + logistika + ixrac sistemini birlikdə qurmaqdır. Belə bir sistem Azərbaycanı yalnız öz ərzaq təhlükəsizliyini təmin edən ölkəyə deyil, müəyyən məhsul və bazarlarda regional aqrar platformaya çevirə bilər. İnsan kapitalı: bütün modelin təməli Lakin bütün bu strategiyaların arxasında daha fundamental resurs dayanır: İnsan. Azərbaycanın gələcək orta güc statusu haqqında danışarkən demoqrafiyanı kənarda saxlamaq olmaz. Çünki gələcəyin ordusunu da, iqtisadiyyatını da, elmini də, sahibkarlığını da insan formalaşdıracaq. Bu səbəbdən Azərbaycanın uzunmüddətli güc düsturu belə təsəvvür edilə bilər: Demoqrafik güc → İnsan kapitalı → İqtisadi və aqrar güc → Texnoloji və hərbi güc → Diplomatik güc → Geosiyasi təsir. Bu, sadəcə nəzəri sxem deyil. Dövlətin uzunmüddətli gücünün səbəb-nəticə zənciridir. Əhali azalırsa, insan kapitalının keyfiyyəti yüksəlmirsə, təhsil iqtisadiyyatın ehtiyaclarına cavab vermirsə, elm istehsalla əlaqələnmirsə və sahibkarlıq kifayət qədər güclənmirsə, heç bir geosiyasi strategiya uzun müddət dayanıqlı ola bilməz. Bu baxımdan Azərbaycanın növbəti böyük rəqabəti əslində yalnız enerji, nəqliyyat və hərbi sahələrdə deyil. İnsan kapitalı uğrunda olacaq. Müdafiə gücündən müdafiə texnologiyasına Prezidentin orta güc anlayışına verdiyi izahda müdafiə qabiliyyəti xüsusi yer tutur. Lakin burada mühüm fərq var: XXI əsrin müdafiə gücü yalnız ordunun sayından və silah arsenalından ibarət deyil. Pilotsuz sistemlər, süni intellekt, elektronika, kibertəhlükəsizlik, kosmik texnologiyalar, rabitə sistemləri və hərbi sənaye artıq milli gücün ayrılmaz hissəsidir. Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi hərbi nəticə onun müdafiə qabiliyyətinin siyasi nəticəyə çevrilə bildiyini göstərdi. Növbəti mərhələ isə bundan daha böyükdür: silah alan ölkədən müdafiə texnologiyası yaradan ölkəyə keçid. Bu keçid yalnız hərbi gücü deyil, sənaye, mühəndislik, elm və innovasiya potensialını da yüksəldəcək. Dövlət və milli sahibkarlıq: yeni güc ittifaqı Güclü dövlətin arxasında yalnız dövlət qurumları dayanmır. Xarici bazarlarda fəaliyyət göstərən milli şirkətlər, investorlar, banklar, logistika operatorları, texnologiya şirkətləri və xidmət sektoru da dövlətin beynəlxalq təsirinin bir hissəsinə çevrilir. Azərbaycan şirkətləri Türkiyədə, Mərkəzi Asiyada, Avropada, Körfəz ölkələrində və digər bazarlarda nə qədər çox fəaliyyət göstərsə, ölkənin iqtisadi diplomatiyası da bir o qədər güclənəcək. Dövlətin siyasi təsirinin arxasında milli kapital dayanmalıdır. Bu səbəbdən növbəti mərhələdə dövlət və özəl sektor bir-birinə alternativ kimi deyil, eyni milli güc sisteminin iki əsas dayağı kimi qəbul edilməlidir. Güclü dövlət + güclü milli sahibkarlıq + güclü insan kapitalı = dayanıqlı milli güc. Azərbaycanın əsas üstünlüyü: müxtəlif güc mərkəzləri arasında manevr Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri müxtəlif güc mərkəzləri ilə münasibətlər qurmaq imkanına malik olmasıdır. Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya ilə genişlənən əlaqələr, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı, Çinlə Orta Dəhliz çərçivəsində inkişaf edən bağlantılar və digər istiqamətlər Azərbaycanın manevr imkanlarını genişləndirir. Burada məqsəd hansısa güc mərkəzindən asılı olmaq deyil. Əksinə, müxtəlif tərəfdaşlıqların yaratdığı imkanlardan milli maraqlar naminə istifadə etməkdir. Bu, Azərbaycanın strateji muxtariyyət modelinin əsasını təşkil edir. Prezident İlham Əliyevin 2025-ci ildə yeni dünya nizamı ilə bağlı çıxışında Azərbaycanın milli maraqlarını, müstəqilliyini və suverenliyini qoruyaraq yeni dünya nizamının formalaşmasında fəal iştirak etmək niyyətini vurğulaması da bu xəttin daha geniş strateji çərçivəsini göstərir. Bütün bunlar nə deməkdir? Bütün bu prosesləri ayrı-ayrı layihələr kimi düşünmək düzgün olmaz. Enerji ayrı strategiya, nəqliyyat ayrı strategiya, turizm ayrı strategiya, kənd təsərrüfatı ayrı strategiya, demoqrafiya ayrı strategiya, təhsil ayrı strategiya kimi idarə ediləndə ölkənin potensialı parçalanır. Halbuki onların hamısı bir-birinə bağlıdır. Orta Dəhliz yalnız nəqliyyat layihəsi deyil. O, logistika + maliyyə + turizm + sənaye + xidmətlər + diplomatiyadır. Aqrar sektor yalnız kənd təsərrüfatı deyil. O, su + ərzaq təhlükəsizliyi + texnologiya + emal + logistika + ixracdır. İnsan kapitalı yalnız təhsil deyil. O, elm + texnologiya + sahibkarlıq + müdafiə sənayesi + yüksək məhsuldarlıqdır. Enerji yalnız neft və qaz deyil. O, enerji təhlükəsizliyi + geosiyasət + yaşıl enerji + sənaye + ixracdır. Beləliklə, Azərbaycanın növbəti mərhələsi ayrı-ayrı uğurların deyil, sinxron işləyən milli güc ekosisteminin qurulması olmalıdır. 5–10 il üçün əsas strateji hədəflər Azərbaycanın orta güc statusunu möhkəmləndirmək üçün qarşıdakı 5–10 ildə bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. Birincisi, Azərbaycan Orta Dəhlizdə sadəcə iştirakçı deyil, əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməlidir. İkincisi, tranzitdən yaranan əlavə dəyərin daha böyük hissəsi ölkə daxilində qalmalıdır. Üçüncüsü, qeyri-neft iqtisadiyyatının və yüksək əlavə dəyərli ixracın artımı sürətləndirilməlidir. Dördüncüsü, seçilmiş texnoloji sahələrdə Azərbaycan regional innovasiya və kadr mərkəzinə çevrilməlidir. Beşincisi, ərzaq, su və enerji təhlükəsizliyi vahid milli təhlükəsizlik sistemi kimi idarə edilməlidir. Altıncısı, müdafiə sənayesi elm, mühəndislik və süni intellektlə daha sıx əlaqələndirilməlidir. Yeddincisi, milli sahibkarlığın regional və qlobal bazarlara çıxışı Azərbaycanın iqtisadi diplomatiyasının prioritetinə çevrilməlidir. Və bütün bunların təməlində demoqrafik siyasət dayanmalıdır. Çünki gələcəyin Azərbaycanını yalnız bu gün tikilən yollar, zavodlar və enerji stansiyaları deyil, onları idarə edəcək insanların sayı, keyfiyyəti və dünyagörüşü müəyyən edəcək. Orta gücdən sonra nə gəlir? Əslində məqalənin ən vacib sualı da budur. Azərbaycanın orta güc olması son məqsəd kimi qəbul edilməlidirmi? Məncə, yox. Orta güc son dayanacaq deyil. Orta güc daha böyük təsir mərhələsinə keçid platformasıdır. Prezident İlham Əliyevin son illərdəki çıxışlarında bu perspektivin ayrı-ayrı elementlərini görmək mümkündür. 2021-ci ildə Qarabağ Zəfərindən sonra Azərbaycanın yeni dünya nizamının formalaşmasında təşəbbüskar ölkələrdən biri ola biləcəyini bildirməsi bunun mühüm nümunəsidir. O zaman Prezident Azərbaycanın siyasi, iqtisadi və enerji müstəqilliyinin, xalqın birliyinin və əldə edilmiş Zəfərin ölkəyə yeni imkanlar yaratdığını vurğulamışdı. 2025-ci ildə isə Azərbaycanın yeni dünya nizamının formalaşmasında milli maraqlar, suverenlik, beynəlxalq hüquq və siyasi məsuliyyət prinsipləri əsasında fəal iştirak etmək niyyəti bir daha ifadə edildi. Bu yanaşmaları birlikdə düşündükdə maraqlı mənzərə yaranır. Azərbaycanın məqsədi sadəcə “orta güclər klubuna” daxil olmaq deyil. Məqsəd orta güc imkanlarını regional və müəyyən qlobal məsələlərdə təsir yaradan daha yüksək səviyyəli dövlət modelinə çevirməkdir. Burada söhbət klassik mənada supergüc olmaqdan getmir. Azərbaycanın nə belə bir məqsədə ehtiyacı var, nə də bunun üçün ABŞ, Çin və ya digər qlobal güclərlə eyni ölçüyə çatması real strateji zərurətdir. Daha rasional model başqadır: seçilmiş sahələrdə əvəzolunmaz olmaq. Enerjidə əvəzolunmaz tərəfdaş. Avrasiya bağlantısında əsas mərkəz. Türk dünyasında mühüm inteqrasiya platforması. Ərzaq və su təhlükəsizliyində regional tərəfdaş. Müdafiə texnologiyalarında regional istehsalçı. İqlim və enerji diplomatiyasında təşəbbüskar. Mədəniyyətlərarası dialoqda etibarlı platforma. Və ən əsası, Cənubi Qafqazda sülhün və iqtisadi inteqrasiyanın əsas aktorlarından biri. Bu artıq sadəcə “orta güc” deyil. Bu, təsir gücü yüksək olan dövlət modelidir. Son söz: Azərbaycanın yeni strateji seçimi Böyük dövlət olmaq Azərbaycan üçün nə real, nə də zəruri strateji məqsəddir. Azərbaycanın qarşısında daha maraqlı və daha real yol var: öz ölçüsündən böyük təsir yaradan dövlət olmaq. Regional prosesləri izləyən yox, müəyyən sahələrdə onları formalaşdıran dövlət olmaq. Böyük güclər arasında seçim etməyə məcbur olan yox, müxtəlif güc mərkəzləri ilə öz milli maraqları əsasında işləyə bilən dövlət olmaq. Xammal satan yox, texnologiya, xidmət, ərzaq, enerji və logistika məhsulu yaradan dövlət olmaq. Sadəcə tranzit ərazisi yox, regional iqtisadi platforma olmaq. Sadəcə güclü orduya malik ölkə yox, müdafiə texnologiyası yaradan dövlət olmaq. Sadəcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə yox, beynəlxalq gündəmin müəyyən məsələlərinə təsir edən platforma olmaq. Ən əsası isə yalnız bugünkü gücünü qoruyan yox, gələcək gücünü sistemli şəkildə yaradan dövlət olmaq. Azərbaycanın artıq bu yola çıxmaq üçün mühüm resursları var: əlverişli coğrafiya, enerji potensialı, hərbi imkanlar, nəqliyyat infrastrukturu, diplomatik təcrübə, regional tərəfdaşlıqlar və beynəlxalq platformalarda artan fəallıq. Lakin potensial hələ güc demək deyil. Potensial yalnız strategiya ilə gücə çevrilir. Azərbaycanın qarşısında duran əsas məsələ də məhz budur: coğrafiyanı geoiqtisadi gücə, iqtisadiyyatı texnoloji gücə, demoqrafiyanı insan kapitalına, ordunu çəkindirmə gücünə, diplomatiyanı siyasi təsirə və bütün bunları vahid milli gücə çevirmək. Əgər bu proses uğurla davam etdirilərsə, Azərbaycanın beynəlxalq çəkisini müəyyən edən əsas göstərici artıq yalnız əhalisinin neçə milyon olması və ya ərazisinin neçə kvadrat kilometr təşkil etməsi olmayacaq. Əsas sual başqa olacaq: Azərbaycanın olmadığı regional və beynəlxalq proseslər nə qədər çətinləşir? Əgər bir gün bu suala cavab “əhəmiyyətli dərəcədə” olacaqsa, Azərbaycan artıq sadəcə coğrafi baxımdan orta ölçülü dövlət deyil, real orta gücdən də yuxarı təsir səviyyəsinə yüksəlmiş dövlət olacaq. Çünki beynəlxalq siyasətdə ən böyük üstünlük həmişə ən çox resursa sahib olmaq deyil. Bəzən ən böyük üstünlük sahib olduğun resursları başqaları üçün nə qədər əvəzolunmaz edə bildiyindir. Və Prezident İlham Əliyevin son illərdə formalaşdırdığı siyasi xəttin məntiqi davamı da məhz burada görünür: əvvəlcə güclü, müstəqil və öz milli maraqlarını qorumağı bacaran dövlət qurmaq; sonra bu gücü regional təsirə çevirmək; daha sonra isə Azərbaycanın müəyyən qlobal məsələlərdə söz sahibi olan və yeni dünya nizamının formalaşmasına töhfə verən aktora çevrilməsi. Bu baxımdan Azərbaycanın gələcək strategiyasını bir cümlə ilə ifadə etmək mümkündür: Böyük dövlət olmaq yox, böyük təsir yaratmaq. Və bəlkə də XXI əsrdə Azərbaycanın ölçüsündən daha böyük dövlətə çevrilməsinin ən real yolu məhz budur. Emin Əliyev YAP Zəngilan rayon təşkilatının fəalı Geri dön |