Ana Sayfa > Özəl > Paşinyan Parisdə, Bakı isə sammitdən kənarda: Makronun seçimi suallar doğurur
Paşinyan Parisdə, Bakı isə sammitdən kənarda: Makronun seçimi suallar doğururBu gün, 19:16. Yazar: vasif |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyanın iki günlük Fransa səfərinin rəsmi səbəbi Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə iştirakdır. Lakin səfər təkcə kosmik texnologiyalarla deyil, Paşinyanın kommersiya reysi, kitab və Paris küçələrindən paylaşdığı gündəlik görüntülərlə də diqqət çəkib. Paşinyan təyyarədə Xəlil Cibranın “Dəli” kitabını oxuduğunu, daha sonra isə onu sərnişinlərdən birinə hədiyyə etdiyini açıqlayıb. Parisə çatdıqdan sonra “Boş vaxt, Paris, artişoklar” başlığı ilə növbəti video yayımlayan Ermənistan rəhbəri artişok dadmağa getdiyini və bu məhsulun Ermənistandan Fransaya ixrac imkanlarından danışıb. Bu paylaşımlar Paşinyanın mürəkkəb siyasi gündəmi daha sadə və gündəlik görüntülər üzərindən ictimaiyyətə təqdim etmək üslubunun davamı kimi görünür. Sammitin özü isə kifayət qədər ciddi gündəliyə malikdir. Kosmik infrastrukturun gələcəyi, yeni texnologiyalar və kosmosun strateji əhəmiyyəti müzakirə olunur. Paşinyanın sentyabrın 10-da “Gələcəyin kosmik infrastrukturuna baxış” mövzusunda dəyirmi masada çıxış etməsi nəzərdə tutulur. Ancaq Cənubi Qafqaz baxımından başqa bir məqam diqqət çəkir: Ermənistan tədbirdə yüksək səviyyədə təmsil olunduğu halda, Azərbaycan sammit iştirakçıları sırasında yer almır. Azərbaycanın peyk proqramları və kosmik infrastruktura malik olması fonunda bu fərq Parisin iştirakçı seçimi ilə bağlı suallar yaradır. Məsələyə siyasi rəng verən əsas amil Fransa-Ermənistan münasibətlərinin son illərdə sürətlə dərinləşməsidir. Emmanuel Makron administrasiyasının İrəvanla siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməsi fonunda Paşinyanın belə bir beynəlxalq platformaya dəvət edilməsi, Azərbaycanın isə iştirak etməməsi Bakıya münasibətdə balans məsələsini yenidən müzakirəyə çıxara bilər. Bununla belə, Azərbaycanın sammitə məhz siyasi qərəz səbəbindən dəvət edilmədiyini təsdiqləyən rəsmi məlumat yoxdur. Amma Ermənistanın ön plana çıxarıldığı, kosmik imkanlara malik Azərbaycanın isə masada olmadığı bir tədbirin Cənubi Qafqazla bağlı siyasi suallar doğurması qaçılmazdır. Paris regionda balanslı tərəfdaş olduğunu göstərmək istəyirsə, belə seçimlərin yaratdığı təəssüratı da nəzərə almalı olacaq. Geri dön |