Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "20 sentyabr Azərbaycanın dövlət suverenliyinin, Qarabağda əbədi qayıdışın tarixi və Bayrağın qaldırıldığı gün"

Səttar Möhbalıyev: "20 sentyabr Azərbaycanın dövlət suverenliyinin, Qarabağda əbədi qayıdışın tarixi və Bayrağın qaldırıldığı gün"


Bu gün, 10:49. Yazar: azer
Səttar Möhbalıyev: "20 sentyabr Azərbaycanın dövlət suverenliyinin, Qarabağda əbədi qayıdışın tarixi və Bayrağın qaldırıldığı gün"

20 Sentyabr Azərbaycan tarixinin təqvimində adi bir gün deyil. Bu tarix bir xalqın otuz ildən artıq davam edən həsrətinin, dövlət iradəsinin, hərbi qüdrətin və milli qürurun eyni məqamda birləşdiyi gün kimi yaddaşımıza həkk olunub. Bu gün artıq üçüncü dəfədir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisələrin siyasi və mənəvi ifadəsidir. Əslində, 20 Sentyabrın mənasını yalnız bir tarixə sığdırmaq mümkün deyil. Bu günün arxasında 30 ildən artıq bir zaman, işğal altında qalan şəhərlər, dağıdılmış kəndlər, doğma yurdlarından didərgin salınmış insanlar, şəhidlərin qanı və Azərbaycan xalqının heç vaxt sönməyən qayıdış inamı dayanır. Bu tarix həm də bir dövlət başçısının siyasi iradəsinin zaman qarşısında təsdiqidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını milli məqsəd kimi müəyyənləşdirmişdi. İllər keçdikcə bu məqsəd siyasi bəyanatdan dövlət strategiyasına, dövlət strategiyasından isə real nəticəyə çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Qarabağın böyük hissəsinin işğaldan azad olunması ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpasını təmin etdi. Cənab Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Xankəndidə çıxış edərkən vurğuladı ki, bir il əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmiş, separatizmin kökünü kəsmiş və beynəlxalq hüququn zəfərini təmin etmişdi. Lakin tarix yalnız hərbi qələbə ilə tamamlanmır. Əsl Zəfər qazanılmış torpaqlarda həyatın yenidən qurulması ilə başlayır. Məhz buna görə cənab Prezidentin Qarabağa səfərlərinə yalnız protokol hadisələri kimi baxmaq doğru olmaz. Bu səfərlərin hər biri dövlət quruculuğunun konkret bir mərhələsini nümayiş etdirir. 2023-cü il oktyabrın 15-də Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Dövlət Bayrağının ucaldılması tarixi-siyasi mərhələ idisə, sonrakı illərdə həmin şəhərlərə və rayonlara davamlı səfərlər artıq quruculuq mərhələsinin başlanğıcını göstərdi. Xankəndidə Bayrağın ucaldılmasından sonra Zəfər paradının keçirilməsi, Qarabağ Universitetinin yaradılması, təhsil, mədəniyyət, turizm, nəqliyyat və sənaye obyektlərinin açılması bu şəhərin yalnız azad edilmədiyini, onun yeni Azərbaycanın mühüm mərkəzlərindən birinə çevrildiyini göstərir.

Millət vəkili onu da deyib ki, Xankəndidə 2023-cü il noyabrın 8-də keçirilən Zəfər paradı da xüsusi rəmzi məna daşıyırdı. İşğal illərində separatçı iddiaların simvoluna çevrilməyə çalışılan şəhər bu dəfə Azərbaycanın dövlətçilik gücünün nümayiş etdirildiyi meydana çevrildi. Cənab Prezident həmin gün çıxışında illər əvvəl verdiyi vədin – Azərbaycanın Dövlət Bayrağının bütün işğal altında olan torpaqlarda qaldırılması vədinin gerçəkləşdiyini bildirdi. Bu, siyasi tarixdə nadir hadisələrdəndir: bir vaxtlar səsləndirilmiş strateji məqsəd illər sonra real mənzərəyə çevrilir. 20 Sentyabrın digər mühüm tərəfi də budur ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız keçmişin ağrısını ifadə edən coğrafi adlar deyil. Onlar Azərbaycanın gələcəyinin qurulduğu məkanlardır. Xüsusilə Xocalının taleyi bu baxımdan böyük mənəvi əhəmiyyət daşıyır. Xocalı soyqırımının ağrısını yaşamış şəhərdə bu gün memorial yaradılır, yaşayış binaları bərpa olunur, sakinlərin qayıdışı təmin edilir. Cənab Prezident İlham Əliyevin Xocalıya müxtəlif illərdə etdiyi səfərlər də bu qayıdışın dövlət səviyyəsində necə ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 2024-cü il mayın 28-dən Xocalıya keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Xocavənd də eyni tarixi dönüşün başqa bir ünvanıdır. Hadrutdan Tuğa, Xocavənd şəhərindən Quzeyxırmana qədər uzanan bərpa prosesi göstərir ki, dövlətin məqsədi sadəcə əraziyə nəzarəti təmin etmək deyil, həmin ərazilərdə davamlı və təhlükəsiz həyat qurmaqdır. Ağdərənin bərpası isə iqtisadi və strateji əhəmiyyəti ilə seçilir. Burada yollar, yaşayış məntəqələri, enerji obyektləri, sosial infrastruktur yaradılır. 2026-cı il yanvarın 13-də cənab Prezidentin Ağdərəyə səfəri zamanı bir sıra kəndlərdə görülən işlərlə tanışlıq, “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı, “Dəmirli” Filiz Emalı Kompleksində işlərin qiymətləndirilməsi və Ağdərə şəhərinin Baş planına baxış bu rayonun gələcək inkişafının artıq konkret konturlara malik olduğunu göstərdi. Daha mühüm məqam isə prosesin dayanmadığını göstərən son səfərlərdir.
2026-cı il mayın 28-də cənab Prezident İlham Əliyev Şuşa, Xankəndi və Xocalıya səfər etdi. Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin, iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak etdi, Xocalıda hərbi qulluqçular üçün fərdi evlərə baxdı və “Qarabağ Tekstil Evi”nin açılışında iştirak etdi. İyulun 14-də isə dövlət başçısının Xocavənd və Xankəndiyə növbəti səfəri həyata keçirildi. Xocavəndin Quzeyxırman kəndinə baxış keçirildi, Xankəndidə “Xankəndi” hotelinin açılışında iştirak edildi və şəhər növbəti dəfə beynəlxalq tədbirlərin məkanına çevrildi. Beləliklə, cənab Prezidentin Qarabağa səfərlərinin coğrafiyası özü bir siyasi salnamədir: əvvəl Bayraq, sonra təhlükəsizlik, ardınca yol, məktəb, xəstəxana, universitet, yaşayış, istehsal, turizm və nəhayət, şəhər həyatı. Bu mənzərədə 20 Sentyabrın mahiyyəti daha aydın görünür. Bu, yalnız azadlığın günü deyil. Bu, suverenliyin, qayıdışın və quruculuğun günüdür.
İndi Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə yalnız dirəklərin üzərində dalğalanmır. O Bayraq məktəblərin həyətində, universitet auditoriyalarında, yeni yaşayış məhəllələrində, istehsal müəssisələrində, yolların üzərində və insanların qəlbində dalğalanır. Bir vaxtlar qayıdacağına inanan xalq indi qayıdır. Bir vaxtlar azad ediləcəyinə inanılan şəhərlər indi yenidən qurulur. Bir vaxtlar yalnız xəritədə təsəvvür edilən gələcək bu gün real həyatın özünə çevrilir. 20 Sentyabrı böyük edən də məhz budur. Bu tarix bizə bir daha göstərir ki, dövlətçilik yalnız torpaq əldə etmək deyil. Dövlətçilik torpağı qorumaq, onu dirçəltmək, insanını geri qaytarmaq və həmin ərazidə gələcəyin möhkəm təməlini yaratmaqdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günləri Azərbaycan tarixinin bir səhifəsi deyil, yeni tariximizin davam edən salnaməsidir. Həmin salnamənin ən aydın cümləsi budur: Azərbaycan öz torpaqlarına qayıtdı və Azərbaycan Bayrağı burada əbədi dalğalanacaq-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Geri dön