Ana Sayfa > Dünya > Ermənistan Rusiyadan “Tramp marşrutu” ilə qaçır: İrəvanın qiyamı Kremllə açıq toqquşma təhlükəsini artırır
Ermənistan Rusiyadan “Tramp marşrutu” ilə qaçır: İrəvanın qiyamı Kremllə açıq toqquşma təhlükəsini artırırDünən, 22:39. Yazar: vasif |
![]() Əgər, Ermənistanın Rusiyaya qarşı strategiyası uğur qazanarsa, onda, Cənubi Qafqazın geopolitik xəritəsində önəmli dəyişikliklər qaçılmaz ola bilər... Çünki bu, həm də Cənubi Qafqazda yaxın gələcəkdə formalaşa biləcək yeni geopolitik balans üçün də olduqca böyük əhəmiyyət daşıyır... Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları rəsmi İrəvanın xarici siyasətindəki dəyişikliklərin artıq taktiki manevr çərçivəsindən çıxaraq, daha sistemli xarakter aldığını göstərir. Belə ki, onun ŞƏT sammitində verdiyi bəyanatlarda Ermənistanın suverenliyinin qorunması üçün balanslaşdırılmış və çoxqütblü xarici siyasət yürütmək niyyəti xüsusilə qabardılmışdı. Və bu baxımdan, rəsmi İrəvanın yeni yanaşma tərzinin əsas istiqamətlərindən biri də məhz qonşu ölkələrlə münasibətlərin paralel şəkildə genişləndirilməsidir. Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Ermənistanın Gürcüstanla əlaqələri dərinləşdirməyə çalışdığını, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdığını bildirmişdi. Eyni zamanda, erməni baş nazir Avropa Birliyi və ABŞ ilə həm siyasi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməkdə olduğunu vurğulamışdı. Bu proses Ermənistanın ənənəvi olan Rusiya mərkəzli təhlükəsizlik və iqtisadi modeldən tədricən uzaqlaşmasına paralel olaraq, baş verir. Ancaq rəsmi İrəvan hələlik bir tərəfdən Kreml ilə mövcud əlaqələri tamamilə qoparmamağa çalışır. Digər tərəfdən isə Paşinyan hakimiyyəti Ermənistan üçün siyasi, iqtisadi və nəqliyyat alternativlərini formalaşdırmağa cəhd göstərir. Bu strategiyanın ən önəmli faktorlarından biri isə Azərbaycan və Türkiyə ilə nəqliyyat əlaqələrinin bərpasıdır. Baş nazir Nikol Paşinyanın dediyinə görə, Ermənistan Azərbaycan və Türkiyə ilə nəqliyyat yollarının açılması üzərində işləyir. Və rəsmi İrəvan ABŞ-nin da dəstəklədiyi “Tramp marşrutu” – TRİPP layihəsinin həyata keçirilməsində maraqlıdır. Onu da qeyd etmək lazımdır ki, bu layihənin əsas məqsədlərindən biri də məhz Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında nəqliyyat bağlantısının təmin olunmasıdır. Ancaq layihənin mahiyyəti yalnız Azərbaycan-Naxçıvan əlaqəsinin bərpası ilə məhdudlaşmır. Yəni, bu layihə çərçivəsində daha genişmiqyaslı regional nəqliyyat sisteminin formalaşdırılması planlaşdırılır. Bu baxımdan, Ermənistandan keçəcək yeni marşrutlar Xəzər dənizini Aralıq dənizi, Fars körfəzini isə Qara dəniz ilə birləşdirəcək daha geniş logistika şəbəkəsinin tərkib hissəsinə çevrilə bilər. Təbii ki, belə bir layihənin reallaşacağı təqdirdə, Cənubi Qafqazın geopolitik çəkisinin əhəmiyyətli dərəcədə artacağı da qətiyyən şübhə doğurmur. Çünki bu region artıq yalnız Rusiya, Türkiyə və İran arasında yerləşən coğrafi məkan deyil. Yəni, Cənubi Qafqaz indi Orta Asiya və Avropa arasında alternativ nəqliyyat bağlantılarının önəmli tərkib hissəsinə çevrilmək üzrədir. Məhz ona görə də, bu layihəyə münasibət yalnız Ermənistan, Azərbaycan və Türkiyə konteksti ilə məhdudlaşmır. Bu baxımdan, TRİPP layihəsinə Rusiya və İranın da xüsusi həssaslıqla yanaşması qətiyyən təsadüfi deyil. Məsələ ondadır ki, yeni nəqliyyat xəritəsinin formalaşması Rusiya və İranın regiondakı ənənəvi tranzit üstünlüklərinə təsir göstərə biləcək potensiala malik prosesdir. Əgər, Orta Asiyadan Avropaya gedən yük axınlarının bir hissəsi Rusiya ərazisini yan keçməklə, Cənubi Qafqaz üzərindən yönləndirilərsə, Kremlin regional tranzit və iqtisadi təsir imkanları ciddi şəkildə zəifləyə bilər. Bu səbəbdən də “Tramp marşrutu” ətrafındakı müzakirələr əslində, sadəcə, yol və dəmir yolu layihəsi ilə bağlı mübahisə deyil. Belə ki, bu prosesdə Cənubi Qafqazın gələcək təhlükəsizlik və nəqliyyat arxitekturasının kimin nəzarəti altında formalaşacağı ön planda dayanır. Rəsmi İrəvanın Kreml ilə münasibətlərində gərginliyin digər göstəricisi isə baş nazir Nikol Paşinyanın Rusiyanın Ermənistanın ölkədaxili siyasi qərarlarına təsir göstərə biləcəyi barədə fikirlərə reaksiyasıdır. Belə ki, erməni baş nazir bu məsələyə kifayət qədər sərt mövqe bildirib: “Mən Sovet Ermənistanının Mərkəzi Komitəsinin katibi deyiləm ki, məni Rusiyaya çağırsınlar. Onlar Ermənistanı referenduma necə məcbur edə bilərlər?” Göründüyü kimi, baş nazir Nikol Paşinyan faktiki olaraq, Ermənistanın suveren qərarvermə hüququnun Rusiyanın təsir dairəsindən kənarda olduğunu nümayiş etdirməyə çalışır. Rəsmi İrəvan mesaj verir ki, Ermənistanın xarici siyasət kursu, mümkün referendumlar və ölkənin gələcək siyasi istiqaməti barədə qərarlar Rusiyada deyil, Ermənistanın siyasi dairələrində qəbul edilməlidir. Və bu isə Rusiya ilə Ermənistan arasında uzun illər ərzində mövcud olmuş münasibətlər modelinin artıq ciddi şəkildə dəyişdiyini göstərir. Təbii ki, Ermənistanın Rusiyadan uzaqlaşmasının yalnız siyasi ritorika səviyyəsində qalmadığını göstərən digər önəmli hadisə isə rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqına müraciət etməsidir. Belə ki, rəsmi İrəvan Rusiyanın Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına şikayət edib. Və Paşinyan hakimiyyəti hesab edir ki, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının əsas prinsiplərinə və qurum daxilində imzalanmış razılaşmalara ziddir. Bununla belə, Ermənistanın xarici siyasətini sadəcə, “Rusiyadan Qərbə keçid” kimi təqdim etmək müəyyən mənada, sadələşdirmə olardı. Baş nazir Nikol Paşinyanın “balanslaşdırılmış və çoxqütblü xarici siyasət” ifadəsi göstərir ki, rəsmi İrəvan Ermənistanın qarşısında daha mürəkkəb strategiya qoyur. Yəni, əsas məqsəd yalnız Rusiyanın təsir dairəsindən çıxmaq deyil, eyni zamanda, Ermənistanın mümkün ədər daha çox siyasi, iqtisadi və təhlükəsizlik alternativlərinə çıxış əldə etməsidir. Ona görə də, Gürcüstanla münasibətlərin genişləndirilməsi, Azərbaycan və Türkiyə ilə normallaşma, Qərblə yaxınlaşma, nəqliyyat layihələrinə inteqrasiya və Avrasiya İqtisadi İttifaqı daxilində hüquqi mübarizə məhz bu strategiyanın müxtəlif istiqamətləri kimi görünür. Bu siyasətin Ermənistan üçün əsas üstünlüyü manevr imkanlarının genişlənməsidir. Ancaq bu siyasi kursun Ermənistan üçün ciddi riskləri də mövcuddur. Məsələ ondadır ki, Kreml Ermənistanın Qərbə inteqrasiyasını Rusiyanın regional maraqlarına təhdid kimi qiymətləndirir. İran isə ABŞ-nin iştirakı ilə həyata keçirilən regional nəqliyyat layihələrinə qarşı daha sərt mövqe tutmağa başlayıb. Bununla belə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın regional iqtisadi təcriddən çıxması üçün ciddi imkanlar yarada bilər. Bütün bu proseslər ümumiləşdirildikdə, Ermənistanın xarici siyasətində ciddi transformasiyanın baş verdiyi görünür. Yəni, rəsmi İrəvan artıq Ermənistanın təhlükəsizliyini yalnız Rusiya ilə strateji əlaqələr üzərində qurmaq modelindən uzaqlaşmağa çalışır. Bunun əvəzində isə Azərbaycan və Türkiyə ilə normallaşma, Gürcüstanla əməkdaşlıq, Qərblə yaxınlaşma və regional nəqliyyat layihələrində iştirak vasitəsilə daha çoxşaxəli sistemə cəhd göstərir. Ona görə də, əgər bu strategiya ardıcıl şəkildə həyata keçirilərsə, onda Cənubi Qafqazın geopolitik xəritəsində önəmli dəyişikliklər qaçılmaz ola bilər. Belə ki, Ermənistan bu regiondakı proseslərin yalnız kənar iştirakçısı deyil, həm də yeni nəqliyyat və iqtisadi arxitekturanın formalaşmasında maraqlı tərəflərdən birinə çevrilmək şansına malikdir. Və bu, Cənubi Qafqazda yaxın gələcəkdə formalaşa biləcək geopolitik balans üçün də böyük əhəmiyyət daşıyır. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu Geri dön |