Ana Sayfa > Dünya > ABŞ-İran qarşıdurması bu ölkəyə sıçradı

ABŞ-İran qarşıdurması bu ölkəyə sıçradı


Dünən, 23:00. Yazar: vasif
ABŞ-İran qarşıdurması bu ölkəyə sıçradı


Yaxın Şərqdə gərginlik fərqli və daha təhlükəli müstəviyə keçir. Ötən gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanat regiondakı hərbi tarazlığın nə qədər həssas olduğunu bir daha göstərdi. CENTCOM İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gündə ABŞ hərbi gəmilərinə etdiyi raket hücumlarına cavab olaraq İrana məxsus 5 neft tankerini hədəf aldığını və onlardan azı birini batırdığını açıqlayıb.

Ancaq Vaşinqtonu narahat edən təkcə gəmilərə atılan raketlər deyil. Pentaqon İranın dənizdə hərəkət edən hədəfləri vurmaq potensialına malik raketlərinin olduğunu bilsə də, onların dəqiq nişanalma və izləmə sistemlərinin yetərsiz olduğunu düşünürdü. SEPAH-ın son zərbələri bu qənaəti şübhə altına aldı. Vaşinqtonda artıq açıq şəkildə ehtimal edilir ki, İrana hərəkətdə olan dəniz obyektlərinin koordinatlarını təyin etmək üçün peyk və kəşfiyyat dəstəyini Rusiya və ya Çin təmin edir.

ABŞ-ın İran tankerlərini vurmasına cavab ləngimədi. Gecə saatlarında SEPAH İordaniyada ABŞ hərbçilərinin fəal istifadə etdiyi strateji aviabazaları təxminən 40 raketlə hədəfə aldı. Bu, ötən ilin aprel ayındakı gərginlikdən sonra İranın birbaşa həyata keçirdiyi ən kütləvi raket hücumudur. Zərbələrin əsasən Müvəffəq əs-Səlti (Əl-Əzraq) və Şahzadə Həsən (Kral Hüseyn) aviabazalarına yönəldildiyi bildirilir.

Hücumun nəticələri ilə bağlı tərəflərin təqdim etdiyi mənzərə diametral şəkildə fərqlənir. İordaniya Silahlı Qüvvələri bəyan edib ki, hava hücumundan müdafiə (HHM) sistemləri atılan 20 ballistik raketdən 18-ni havada zərərsizləşdirib, 2-si isə kimsəsiz ərazilərə düşüb. ABŞ rəsmiləri şəxsi heyət arasında tələfat olmadığını və infrastruktura heç bir zərər dəymədiyini, hücumun uğursuzluqla nəticələndiyini bildirirlər. İran mediası hücumun tam dəqiqliklə həyata keçirildiyini iddia edir. Açıqlamaya görə, İordaniyadakı ABŞ bazalarının texniki xidmət sahələrinə, infrastruktura və F-35, F-16 qırıcılarının saxlandığı anqarlara ağır ziyan vurulub. Rəsmi Vaşinqton və Əmmanın "zərər dəyməyib" bəyanatları hərbi mütəxəssislər arasında ciddi şübhələr doğurur. İranın hücumda kasset döyüş başlıqlı raketlərdən istifadə etdiyi bildirilir. Kasset raketləri havada parçalanaraq yüzlərlə kiçik bombaya bölündüyü üçün onları tutmaq standart ballistik raketləri vurmaqdan dəfələrlə çətindir.

Bir kasset raketinin elementlərini neytrallaşdırmaq üçün onlarla bahalı və ehtiyatı məhdud olan "Patriot" raketi tələb olunur. Yayılan videolardan görünür ki, kasset elementləri bazaların üzərinə maneəsiz yağır və havada kütləvi "Patriot" raketlərinin izi nəzərə çarpmır. Bu fakt ABŞ-ın defisit HHM raketlərini ümumiyyətlə işə salmadığını və ya sistemlərin kasset axınının qarşısında aciz qaldığını göstərir.

Sosial şəbəkələrdə fırlanan vizual kadrlar da rəsmi tezislərlə ziddiyyət təşkil edir. Bazalara enən zərbələrin miqyası göstərir ki, Vaşinqton və Əmma zərərə dair məlumatları minimallaşdırmağa çalışır. Yaxın günlərdə peyk görüntülərinin ortaya çıxması ilə İordaniyadakı ABŞ bazalarının real vəziyyəti tam qiymətləndiriləcək.

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib:

"Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, ABŞ–İran qarşıdurması yalnız İran ərazisi və ya Fars körfəzi ilə məhdudlaşan lokal qarşıdurma olmaqdan çıxır. İranın İordaniyada ABŞ hərbi infrastrukturuna zərbələri regiondakı hərbi əməliyyatların coğrafiyasının genişləndiyini göstərən ciddi siqnaldır. Burada əsas məsələ atılan raketlərin sayından çox İranın ABŞ-ın regional hərbi infrastrukturuna birbaşa zərbə endirmək imkanını nümayiş etdirməsidir. İordaniyanın ABŞ üçün strateji əhəmiyyəti böyükdür. Bu ölkədəki aviabazalar Yaxın Şərqdə hava əməliyyatlarının planlaşdırılması, kəşfiyyat, logistika və aviasiya fəaliyyətləri baxımından mühüm rol oynayır. Buna görə həmin obyektlərin hədəfə alınması Tehranın Vaşinqtona mesajıdır: ABŞ-ın regiondakı hərbi dayaqları artıq təhlükəsiz hesab edilə bilməz".

Hərbi ekspert qeyd edib ki, mühüm məqam HHM sistemlərinin effektivliyidir:

"Əgər həqiqətən çoxsaylı ballistik raketlər eyni vaxtda buraxılıbsa, onların hamısının 100 faiz zərərsizləşdirilməsi real döyüş şəraitində kifayət qədər mürəkkəb məsələdir. Çünki müasir raket hücumlarında məqsəd yalnız hədəfə düşmək deyil. Hücum edən tərəf HHM sistemini doydurmağa, yəni müdafiənin eyni anda qarşılaşdığı hədəflərin sayını artırmağa çalışır.Xüsusilə müxtəlif trayektoriyalardan buraxılan raketlər, saxta hədəflər və çoxsaylı döyüş başlıqları HHM üçün ciddi problem yarada bilər. Kasset döyüş başlığı məsələsi də ayrıca araşdırılmalıdır. Əgər belə başlıqlardan istifadə təsdiqlənərsə, bu, hücumun taktikasında əhəmiyyətli dəyişiklik deməkdir. Çünki bu halda HHM sistemi tək bir raketi deyil, onun havada və ya hədəfə yaxın ərazidə yaratdığı çoxsaylı təhlükəli elementləri nəzərə almalıdır. Amma sosial şəbəkələrdə yayılan videolar əsasında hərbi bazaya dəymiş zərərin miqyasını dəqiq müəyyənləşdirmək mümkün deyil. Müharibə şəraitində tərəflər informasiya üstünlüyü uğrunda da mübarizə aparırlar. İranın uğurlu zərbə görüntülərini önə çıxarması, ABŞ və İordaniyanın isə zərəri minimum göstərməsi tamamilə mümkündür. Ona görə real mənzərəni müəyyənləşdirmək üçün ən etibarlı vasitə yüksək keyfiyyətli peyk görüntüləri, aerodromların əvvəlki və sonrakı vəziyyətinin müqayisəsi və müstəqil kəşfiyyat məlumatlarıdır. Digər tərəfdən, İranın ABŞ hərbi gəmilərinə qarşı əldə etdiyi nəticələr də ayrıca diqqət çəkir. Əgər İran həqiqətən hərəkətdə olan dəniz hədəflərinin koordinatlarını dəqiq müəyyənləşdirə bilirsə, bu, onun kəşfiyyat imkanlarının əvvəlki qiymətləndirmələrdən daha yüksək olduğunu göstərə bilər. Burada Rusiya və Çinin mümkün texniki və kəşfiyyat dəstəyi ilə bağlı iddialar da ortaya çıxır. Lakin bunu fakt kimi təqdim etmək üçün konkret kəşfiyyat sübutları lazımdır. Peyk məlumatları, elektron kəşfiyyat və digər texnologiyalar baxımından belə əməkdaşlıq nəzəri olaraq mümkündür, amma konkret hücumun arxasında hansı ölkənin real informasiya dəstəyi dayandığını təsdiqləmək başqa məsələdir. Əslində, bu qarşıdurmada daha təhlükəli mərhələ bundan sonra başlaya bilər. Çünki tərəflərdən biri digərinin hərbi infrastrukturuna zərbə vurduqca qarşı tərəfin cavab verməməsi onun çəkindirmə qabiliyyətinə zərbə vura bilər. Bu isə "cavab zərbəsi – daha ağır cavab zərbəsi" mexanizmini işə sala bilər. İordaniyanın prosesə cəlb olunması da məhz bu baxımdan təhlükəlidir. Əgər əvvəllər əsas qarşıdurma ABŞ və İran arasında idisə, indi ABŞ-ın hərbi obyektlərinin yerləşdiyi üçüncü ölkələr də risk zonasına daxil olur. Bu tendensiya davam edərsə, İraq, Suriya, Körfəz ölkələri və Şərqi Aralıq dənizi istiqamətində də təhlükəsizlik vəziyyəti daha da mürəkkəbləşə bilər".

Rövşən Məhərrəmov deyib ki, hazırda əsas sual "İran neçə raket atdı?" deyil. Əsas sual "İran ABŞ-ın regional HHM sistemini nə dərəcədə yükləyə və Amerikanı müdafiədən hücuma keçməyə məcbur edə bilər?" sualıdır:

"Tehran ABŞ-ın müdafiə sistemlərini davamlı şəkildə doyurmağı və eyni zamanda uzaqmənzilli zərbələr həyata keçirməyi bacararsa, bu, regiondakı hərbi balansın ciddi şəkildə dəyişməsi demək olacaq. Lakin ABŞ-ın da imkanlarını kiçiltmək olmaz. Vaşinqtonun peyk, AWACS, elektron kəşfiyyat, hava hücumundan müdafiə və uzaqmənzilli zərbə imkanları İranın malik olduğu resurslardan qat-qat genişdir. Buna görə indiki mərhələdə tərəflərdən hər hansı birinin "qələbə qazandığını" söyləmək düzgün olmaz. Əsas təhlükə odur ki, artıq söhbət ayrı-ayrı raket zərbələrindən yox, qarşılıqlı hərbi imkanların sınağından gedir. Bu sınaq nə qədər uzanarsa, yanlış hesablamanın və daha geniş regional müharibəyə keçidin ehtimalı da bir o qədər artır".
Geri dön