Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan > Zəngəzurda müharibə AN məsələsi ? – Komitə sədrindən İLGİNC açıqlamalar

Zəngəzurda müharibə AN məsələsi ? – Komitə sədrindən İLGİNC açıqlamalar


Bu gün, 19:09. Yazar: vasif
Zəngəzurda müharibə AN məsələsi ? – Komitə sədrindən İLGİNC açıqlamalar


İran TRIPP təhlükəsizliyi ilə bağlı Nikol Paşinyana şərtlər irəli sürüb. Bu barədə Nyus.am məlumat yayıb. İran Ermənistandakı TRIPP layihəsinin təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya ölkədə artıq mövcud olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib. Bu məlumatlara görə, Tehran bununla da ABŞ qoşunlarının sərhədi yaxınlığında mövcudluğunun qarşısını almağa çalışır. İran hökuməti bildirib ki, Amerika qüvvələri yerləşdirilərsə, Tehran onları ABŞ ilə davam edən gərginlik fonunda potensial hərbi hədəf kimi görə bilər.

Bundan bir müddət əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti və hərbi ekspert Vladimir Yeranosyan bildirib ki, qonşu İran üçün Ermənistan ərazisindən keçən və müxtəlif Qərb kəşfiyyat orqanları tərəfindən qorunan bir yol qanuni hədəfə çevriləcək. İranlı general-mayor Rəhim Səfəvi də bu yaxınlarda oxşar ritorika ilə çıxış etmişdi. İranlı generalın sözlərinə görə, oradakı təhlükəsizlik məsuliyyəti ABŞ ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.

İrəvana yönəlik artan xəbərdarlıqları nəzərə alsaq, Zəngəzur müharibəsinin yaxınlaşdığını söyləmək olarmı? ABŞ dəhlizə hərbi qüvvələrini yerləşdirə bilərmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a açıqlamasında Zəngəzur müharibəsinin yaxınlaşmasını istisna edib. Onun sözlərinə görə, əsas risk ABŞ -İran qarşıdurmasının yaratdığı təhlükə modelinin Cənubi Qafqaza daşınmasıdır. Deputatın fikrincə, bu məsələnin məhz indi ortaya çıxması, məlum məsələdir ki, Rusiyasız qeyri-mümkündür.

“Çünki bu gün həmin sərhədi qoruyan qüvvələr də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarıdır. Eyni zamanda, son vaxtlar Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən çıxmaq məsələsi və 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılması məsələsi gündəmə gəldikcə, müxtəlif formalarda və yaxud İran vasitəsilə çalışırlar ki, həmin qoşunların, eyni zamanda hərbi birləşmələrin məhz Ermənistan ərazisində saxlanılmasına nail olsunlar. Əslində, bunlar məhz Zəngəzur dəhlizi vasitəsilə bu məsələni gündəmə gətirməyə çalışırlar. Bu xəbərdarlığı indiki İran - ABŞ qarşıdurması fonunda qiymətləndirmək lazımdır”,_ deyə Arzu Nağıyev vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr davam edir: “Tehran da bundan qorxaraq düşünür ki, həmin əraziyə qoşunlar gələ bilər və bundan istifadə edilə bilər”. Komitə sədri bəzi mühüm məqamları da vurğulayıb: “Ümumiyyətlə, ABŞ - Ermənistan sənədində qoşunların yerləşdirilməsi nəzərdə tutulmur. Nə qədər ki Ermənistan ərazisində Rusiya bazası var, ABŞ-nin ora qoşun hissəsi gətirmək iqtidarında olması mümkün deyil. Bu, artıq bütün balansın pozulması deməkdir”.

Arzu Nağıyev bildirib ki, ABŞ və Ermənistan arasında bu çərçivədə ərazi üzərində tam suverenlik, sərhəd təhlükəsizliyi, təhlükəsizlik təminatlarını təsdiqləmə hüququ və digər məsələlər istiqamətində danışıqlar aparılıb, sənədlər imzalanıb: “Ən mühüm məsələ isə Ermənistan Xarici İşlər Nazirliyinin təqdim etdiyi sənədə əsasən, ABŞ-nin sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsinə yardım göstərməsi və Ermənistan sərhədçilərinin hazırlanmasının nəzərdə tutulmasıdır. Bu, ABŞ hərbi hissəsinin həmin ərazidə, ümumiyyətlə, sərhəddə yerləşdirilməsi ilə eyni şey deyil. Yəni birmənalı şəkildə burada siyasi söhbət gedir: nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizinin açılmasına maneə yaradılması. Çünki bu, birinci hal deyil. Əvvəllər də düşünürdülər ki, əgər Zəngəzur dəhlizi açılsa, məhz sərhədi qoruyan Rusiya qoşunları, daha doğrusu, Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları mütləq şəkildə dəhlizin digər tərəfinə keçə bilər. Burada da problemlər yarana bilər. Bu gün isə həmin problemlər hələ ki, yoxdur və gələcəkdə də yaranması inandırıcı görünmür. Bir sözlə, qiymətləndirmə bundan ibarətdir ki, İran siyasi və diplomatik təzyiqi artırır. ABŞ - İran qarşıdurmasında artıq Zəngəzur məsələsini də bu qarşıdurmaya daxil etməyə çalışır”.

Deputatın sözlərinə görə, ən təhlükəli ssenari Zəngəzur müharibəsi deyil, İran - ABŞ qarşıdurmasının bu tərəfə proyeksiya olunmasıdır: “Yəni ABŞ hərbi kontingenti həqiqətən gələcəkdə Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsinə cəlb edilərsə, İranın indiki xəbərdarlığı daha ciddi xarakter ala bilər. Bir sözlə, “Zəngəzur müharibəsi yaxınlaşıb” deməkdənsə, Zəngəzur ətrafında geosiyasi və hərbi eskalasiya riskinin əhəmiyyətli dərəcədə yüksələ biləcəyini demək daha doğru olar”.
Geri dön