Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuv: "20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı Zəfər tariximizin parlaq səhifəsidir"

Adəm İsmayıl Bakuv: "20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı Zəfər tariximizin parlaq səhifəsidir"


Bu gün, 17:57. Yazar: azer
Adəm İsmayıl Bakuv: "20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı Zəfər tariximizin parlaq səhifəsidir"

Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi təsis edilməsi Azərbaycan tarixində mühüm siyasi və mənəvi hadisə kimi qiymətləndirilə bilər. Bu qərar sadəcə təqvimə yeni bir əlamətdar günün əlavə olunması deyil, həm də Azərbaycanın dövlət suverenliyinin tam bərpasının tarixi əhəmiyyətinin təsdiqidir. Belə ki, 2023-cü ilin sentyabrında həyata keçirilən dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində Azərbaycanın tam suverenliyi təmin edildi. Bununla da 20 Sentyabr müstəqil Azərbaycanın ərazi bütövlüyünün, siyasi iradəsinin və dövlətçilik gücünün təntənəsini ifadə edən mühüm tarixə çevrildi. Bu günün rəsmi şəkildə qeyd olunması həm də Qarabağda əldə edilmiş tarixi Zəfərin gələcək nəsillərin yaddaşında yaşadılması və milli yaddaşın mühüm tərkib hissəsinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri qeyd edib ki, 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər etməsi və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması dövlət suverenliyimizin tam bərpasını təsdiqləyən ən mühüm tarixi hadisələrdən biri oldu. Dövlət başçısının həmin şəhərlərdə üçrəngli bayrağımızı ucaldması yalnız rəmzi məna daşımırdı. Bu hadisə Azərbaycanın öz ərazi bütövlüyünü və suveren hüquqlarını real şəkildə təmin etdiyini bütün dünyaya nümayiş etdirən mühüm siyasi mesaj idi. Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər də Azərbaycanın bu ərazilərində yalnız Azərbaycan Konstitusiyasının və qanunlarının hökm sürəcəyini, burada yaşayan bütün vətəndaşların bərabər hüquqlara malik olacağını aydın şəkildə ortaya qoydu. 2024-cü ilin martında Xocalıya növbəti səfəri zamanı dövlət başçısının burada həyata keçirilən ilkin bərpa və quruculuq layihələri ilə tanış olması isə Qarabağın yeni inkişaf mərhələsinin artıq real şəkildə başladığını göstərdi.

2025-ci ildə cənab Prezident İlham Əliyevin Ağdərəyə səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olaraq qarşıda duran vəzifələri diqqətə çatdırdı. Bu proses göstərir ki, Azərbaycanın Qarabağ siyasəti yalnız ərazi bütövlüyünün və suverenliyin təmin olunması ilə yekunlaşmır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, şəhər və kəndlərin dirçəldilməsi, insanların doğma yurdlarına qayıdışının təmin edilməsi tarixi Zəfərin məntiqi davamı kimi həyata keçirilir. 20 Sentyabrın şəhər günü kimi təsis edilməsi də məhz bu tarixi mərhələnin milli yaddaşda möhkəmləndirilməsinə və milli birliyin daha da gücləndirilməsinə xidmət edir.

2023-cü il noyabrın 8-də – Zəfər Günündə – Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın əldə etdiyi tarixi Qələbənin və bərpa olunmuş dövlət suverenliyinin nümayişi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Bu parad sadəcə hərbi gücün nümayişi deyil, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək iqtidarında olan güclü dövlət olduğunu göstərən mühüm siyasi hadisə idi. Cənab Prezident İlham Əliyevin paraddakı çıxışı Azərbaycanın əldə etdiyi Zəfərin dönməz xarakter daşıdığını bir daha nümayiş etdirdi. Paradın iştirakçıları sırasında Vətən müharibəsində və 2023-cü ildə dövlət suverenliyinin bərpası əməliyyatında iştirak etmiş qəhrəman hərbçilərin yer alması isə bu tarixi Qələbənin əsasını təşkil edən milli iradə və qəhrəmanlığın simvoluna çevrildi.

Beləliklə, 20 Sentyabr artıq Azərbaycan xalqının yaddaşında yalnız konkret tarixi hadisəni ifadə edən gün deyil, həm də milli iradənin, dövlətçilik əzminin və suverenliyin təntənəsi kimi xüsusi yer tutur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu günün hər il qeyd olunması isə Zəfərimizin mahiyyətinin gələcək nəsillərə çatdırılması, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi və milli həmrəyliyin daha da gücləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır- deyə,, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön