Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi : "Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın suverenliyinin tam bərpasını təmin etdi"
Adəm İsmayıl Bakuvi : "Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın suverenliyinin tam bərpasını təmin etdi"Bu gün, 20:42. Yazar: azer |
![]() Üç il əvvəl Azərbaycan beynəlxalq hüququn və beynəlxalq konvensiyaların tanıdığı legitim hüquqlarından yararlanaraq həyata keçirdiyi bir günlük hərbi əməliyyatla ərazi bütövlüyünü və tam dövlət suverenliyini bərpa etdi. Bu gün artıq əminliklə söyləmək mümkündür ki, Dövlət suverenliyinin tam bərpasına yönəlmiş həmin əməliyyat yalnız Azərbaycanın milli maraqları baxımından deyil, bütövlükdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi baxımından da zəruri addım idi. Azərbaycanın beynəlxalq hüququn tələblərinə və tarixi ədalətin bərpasına xidmət edən bu addımını bəzi anti-Azərbaycan mövqeli Qərb dairələri tənqid etməyə çalışsalar da, dünyanın bir çox ölkələri ölkəmizin mövqeyini anlayışla qarşılayır, əldə olunan nəticələri müsbət qiymətləndirirlər. Artıq beynəlxalq ictimaiyyət tərəfindən belə bir həqiqət də qəbul olunur ki, Azərbaycanın torpaqlarının 30 il ərzində işğal altında qalması dövründə müəyyən Qərb dairələri qərəzsiz mövqe nümayiş etdirərək Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etsəydilər, nə 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanmasına, nə də 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam bərpa etmək üçün hərbi əməliyyat keçirməsinə ehtiyac yaranardı. Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib. Partiya sədri qeyd edib ki, Azərbaycan yalnız münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün imkanların tükəndiyinə əmin olduqdan sonra Vətən müharibəsinə başlamaq qərarı verdi və cəmi 44 gün ərzində qazandığı tarixi Zəfərlə uzun illər davam edən işğal problemini həll etdi. Lakin Ermənistan 2020-ci ildən sonrakı üç il ərzində də silahlı qüvvələrinə məxsus birləşmələri Azərbaycanın Qarabağ ərazisində saxlamaqla bölgədə gərginliyin davam etməsinə səbəb olurdu. Ermənistan tərəfindən həyata keçirilən mütəmadi silahlı təxribatlar nəticəsində Azərbaycan həm hərbi qulluqçuları, həm də mülki şəxsləri arasında itkilərlə üzləşirdi. Bu səbəbdən Azərbaycan Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi məqsədyönlü və planlı terror siyasətinə son qoymaq, təhlükəsizliyi tam təmin etmək və suverenliyini bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-da Dövlət suverenliyinin tam bərpası əməliyyatına başladı və cəmi bir gün ərzində qarşısına qoyduğu əsas məqsədlərə nail oldu. Azərbaycanın hətta suverenliyin bərpası əməliyyatı zamanı belə qarşı tərəflə dialoqa və danışıqlara hazır olduğunu dəfələrlə bəyan etməsi ölkəmizin sülhə sadiq mövqeyini bir daha nümayiş etdirirdi. Bütün dünya ictimaiyyətinə bəlli olduğu kimi, Azərbaycan hərbi əməliyyatların davam etdiyi vaxtda belə Qarabağda yaşayan erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət etməyə davam edirdi. Təbii ki, bunun üçün qarşı tərəfin müəyyən şərtləri qəbul etməsi tələb olunurdu. Qanunsuz erməni silahlı dəstələri istənilən anda silahlarını yerə qoyaraq ağ bayraq qaldırsaydılar və separatçı rejim fəaliyyətinə xitam verdiyini elan etsəydi, Azərbaycan əməliyyatları dərhal dayandırmağa hazır idi. Lakin separatçı rejim bu addımı könüllü şəkildə atmadı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu bir sutkadan da qısa müddətdə qarşı tərəfi ağ bayraq qaldırmağa məcbur etdi. Bu gün isə dünyanın müxtəlif ölkələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq layihələrini diqqətlə izləyir, ölkəmizin regionda formalaşdırdığı yeni geosiyasi reallıqların yalnız Cənubi Qafqaz deyil, daha geniş coğrafiya üçün əhəmiyyətini yüksək qiymətləndirirlər-deyə,, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |