Ana Sayfa > Dünya > 120 market dövlətin olacaq - Milyard dollarlıq yeni layihə gündəmdə

120 market dövlətin olacaq - Milyard dollarlıq yeni layihə gündəmdə


Bu gün, 12:13. Yazar: vasif
120 market dövlətin olacaq - Milyard dollarlıq yeni layihə gündəmdə


Bəs bu Azərbaycanda olsa necə olar?Yeni Zelandiyada Yaşıllar Partiyası ərzaq qiymətlərini aşağı salmaq və supermarket bazarındakı ikili hakimiyyəti aradan qaldırmaq məqsədilə dövlətə məxsus “KiwiMart” adlı yeni supermarket şəbəkəsinin yaradılmasını təklif edib. Plana əsasən, mövcud böyük supermarket şəbəkələrindən 120 mağaza və iki paylama mərkəzinin dövlətə satılması nəzərdə tutulur

Yeni Zelandiyada noyabrın 7-də keçiriləcək seçkilər ərəfəsində ərzaq bazarında rəqabətin artırılması ilə bağlı yeni siyasət təklifi irəli sürülüb. Yaşıllar Partiyası pərakəndə sektorunda fəaliyyət göstərən Foodstuffs və Woolworths şirkətlərinin bazardakı dominant mövqeyini məhdudlaşdırmaq üçün dövlət mülkiyyətində üçüncü böyük supermarket şəbəkəsinin yaradılmasını planlaşdırır.

Yeni Zelandiyanın dövlət yayımçısı RNZ-nin məlumatına görə, Yaşıllar Partiyasının həmsədri Chlöe Swarbrick bildirib ki, əvvəlki hökumətlərin beynəlxalq supermarket şəbəkələrini ölkəyə cəlb etmək cəhdləri gözlənilən nəticəni verməyib.

Onun sözlərinə görə, əsas problem mağazaların sayında deyil, bazarda rəqabətin kifayət qədər olmamasındadır. Swarbrick supermarket sektorunda mövcud ikili strukturu dəyişdirmək üçün dövlətə məxsus böyük bir oyunçunun yaradılmasının vacib olduğunu müdafiə edib.

Plan həyata keçiriləcəyi təqdirdə Foodstuffs və Woolworths qanunvericilik əsasında 120 mağazanı və iki paylama mərkəzini dövlətə satmalı olacaq.

Yaşıllar Partiyasının hesablamalarına görə, “KiwiMart” supermarket şəbəkəsinin yaradılması ümumilikdə 2,8 milyard Yeni Zelandiya dollarına başa gələcək.

Parlament Kitabxanasının hazırladığı hesablamalara əsasən, bu vəsaitin 1,3 milyard dolları mağaza və digər obyektlərin alınmasına, 1,5 milyard dolları isə şəbəkənin qurulması və infrastruktur xərclərinə yönəldiləcək.

Swarbrick bildirib ki, dövlət supermarketinin fəaliyyətə başlamasından sonra ilkin mərhələdə bazarın 15 faizinə sahib olması hədəflənir.

Bu ideyanın daha əvvəl Consumer New Zealand kimi istehlakçı təşkilatları və müxtəlif iqtisadçılar tərəfindən də irəli sürüldüyü qeyd olunur.

Yaşıllar Partiyasının digər həmsədri Marama Davidson isə ölkənin kifayət qədər istehsal imkanlarına malik olmasına baxmayaraq, insanların ərzağa çıxışında problemlərin yaşandığını vurğulayıb.

“KiwiMart” layihəsi Yaşıllar Partiyasının “Affordable Kai” adı altında hazırladığı və dörd il ərzində ümumi dəyəri 6 milyard Yeni Zelandiya dollarını keçən genişmiqyaslı ərzaq siyasətinin bir hissəsidir.

Paketə məktəblərdə pulsuz yemək proqramının genişləndirilməsi də daxildir. “Ka Ora, Ka Ako” proqramının 150 min şagirdi əhatə etməsi üçün 2,2 milyard dollar ayrılması nəzərdə tutulur.

Bundan əlavə, ərzaq banklarının maliyyələşdirilməsinin 25 milyon dollara çatdırılması və Work and Income ərzaq yardımlarının artırılması üçün müvafiq olaraq 72 milyon və 388 milyon dollar vəsait ayrılması planlaşdırılır.

“Fair Food Fund” çərçivəsində isə icma səviyyəsində ərzaq təşəbbüslərinin dəstəklənməsi üçün 600 milyon dollar nəzərdə tutulur.

Təklif çərçivəsində Ticarət Komissiyasının səlahiyyətlərinin və tətbiq edə biləcəyi cərimələrin artırılması da nəzərdə tutulur.

Müştəridən kassada məhsulun göstərilən qiymətindən artıq pul tutulduğu halda avtomatik kompensasiya ödənilməsini nəzərdə tutan sistemin yaradılması və nəzarət mexanizmləri üçün 104 milyon dollar ayrılması planlaşdırılır.

Yaşıllar Partiyası supermarketlərdə qiymət siyasətinə müəyyən məhdudiyyətlər tətbiq etməyi, daha sonra bu mexanizmləri enerji və yanacaq sektorlarına da yaymağı təklif edir.

Bundan başqa, insanların qidalı ərzağa çıxış hüququnun qanunla təmin olunması üçün Milli Ərzaq Strategiyasının hazırlanması planlaşdırılır.

Yaşıllar Partiyasının ərzaq siyasətinin maliyyələşdirilməsi daha əvvəl açıqladığı vergi islahatı paketi hesabına həyata keçiriləcək.

Partiyanın hesablamalarına görə, təklif olunan vergi modeli 2027-2028-ci maliyyə ilində dövlət gəlirlərini xalis olaraq 5,35 milyard dollar, 2030-2031-ci maliyyə ilində isə 5,94 milyard dollar artıracaq.musavat.com
Geri dön