Ana Sayfa > Özəl > Paşinyanın qarşısında Qaregin səddi: Üçüncü hakim də geri çəkildi, prokuror istefa verdi

Paşinyanın qarşısında Qaregin səddi: Üçüncü hakim də geri çəkildi, prokuror istefa verdi


Bu gün, 21:17. Yazar: vasif
Paşinyanın qarşısında Qaregin səddi: Üçüncü hakim də geri çəkildi, prokuror istefa verdi



Ermənistanda hakimiyyətlə Apostol Kilsəsi arasında aylardır davam edən qarşıdurma yeni və diqqətçəkən mərhələyə keçib. Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yepiskopla bağlı cinayət işinə baxılması prosesində artıq üçüncü hakimin geri çəkilməsi məhkəmə ətrafında ciddi suallar yaradıb.

İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Vahaqn Melikyan işlə bağlı qərar verilməsi üçün Kassasiya Məhkəməsinə müraciət edib. Bundan əvvəl hakim Hakob Manukyan prosesdən kənarlaşmış, daha sonra iş Serj Ruşanyana verilmişdi. Beləliklə, qalmaqallı iş üzrə məhkəmə baxışının hansı hakim tərəfindən davam etdiriləcəyi yenidən qeyri-müəyyən vəziyyətə düşüb.

Prosesdə başqa bir mühüm hadisə də baş verib. İş üzrə prokuror Xaçatur Qalstyan Ermənistan Prokurorluğundan istefa verib. Prokurorluq istefanı təsdiqləsə də, bunun II Qareginlə bağlı cinayət işi ilə əlaqəli olmadığını açıqlayıb. Dövlət ittihamçısı funksiyası isə baş prokurorun müavini Aram Aramyana həvalə olunub.

Bütün bunlar Paşinyan hökuməti ilə kilsə arasındakı qarşıdurmanın fonunda xüsusilə diqqət çəkir. Baş nazir uzun müddətdir kilsə rəhbərliyini siyasi proseslərə müdaxilədə ittiham edir. Kilsə və hakimiyyətin əleyhdarları isə hökumətin addımlarını dini institut üzərində siyasi təzyiq kimi qiymətləndirirlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, hakimlərin tərəddüd etməsində hüquqi məsələlərlə yanaşı, II Qareginin erməni cəmiyyətindəki dini statusunun yaratdığı mənəvi faktor da rol oynaya bilər. Onun fikrincə, buna baxmayaraq, proses dayanmayacaq və nəticədə işə baxacaq hakim müəyyən ediləcək.

Qənizadənin qənaətinə görə, Paşinyanın əsas məqsədlərindən biri kilsənin siyasi təsir imkanlarını zəiflətməkdir. Hüquqşünas II Qareginə ağır cəzanın verilib-verilməyəcəyinin indidən bəlli olmadığını, lakin baş verənlərin katolikosun ictimai nüfuzu ətrafında ciddi mübarizəyə çevrildiyini düşünür.

Beləliklə, Paşinyanın qarşısındakı əsas problem artıq təkcə II Qareginlə siyasi qarşıdurma deyil. Üç hakimin işdən geri çəkilməsi və prosesdə iştirak edən prokurorun istefası kilsə ilə bağlı işin Ermənistanın hüquq-mühafizə və məhkəmə sistemi üçün nə qədər həssas məsələyə çevrildiyini göstərir. İndi əsas sual budur: İrəvanda bu işi sona qədər aparmağa hazır hakim tapılacaqmı?
Geri dön