Ana Sayfa > Özəl > Sosial şəbəkələrdə yenidən “Böyük Ermənistan” xəritələri: Revanşist ritorika niyə güclənir?
Sosial şəbəkələrdə yenidən “Böyük Ermənistan” xəritələri: Revanşist ritorika niyə güclənir?Bu gün, 19:00. Yazar: vasif |
![]() Ermənistanın sosial media məkanında son vaxtlar “Böyük Ermənistan” adı altında müxtəlif xəritələrin paylaşılması yenidən diqqət çəkir. Bu xəritələrdə müasir Türkiyə, Azərbaycan, İran, Suriya və İraqın ayrı-ayrı əraziləri Ermənistanın tərkibində göstərilir və paylaşımlar bəzi istifadəçi qrupları arasında geniş dəstək toplayır. Diqqətçəkən məqam xəritələrin vahid olmamasıdır. Bəzi variantlarda Bakı da daxil olmaqla Azərbaycanın geniş əraziləri göstərilir, digərlərində isə sərhədlər tamamilə fərqli çəkilir. Bu faktın özü həmin təsvirlərin müasir hüquqi-siyasi reallığı deyil, maksimalist və ideoloji təsəvvürləri əks etdirdiyini göstərir. Belə paylaşımların Azərbaycan sosial şəbəkə istifadəçilərinin qarşısına sponsorlu məzmun kimi çıxması da müzakirələr yaradır. Paylaşımların altında tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər və tarixi mübahisələrə rast gəlinir. Nəticədə xəritə üzərindən aparılan informasiya qarşıdurması cəmiyyətlər arasındakı onsuz da həssas münasibətləri daha da gərginləşdirir. Əsas problem tarixi xəritələrin müasir ərazi iddialarının əsaslandırılması vasitəsinə çevrilməsidir. Müxtəlif tarixi dövrlərdə mövcud olmuş dövlətlərin sərhədlərini bugünkü beynəlxalq sərhədlərlə eyniləşdirmək mümkün deyil. Müasir dövlətlərarası münasibətlərin hüquqi əsası beynəlxalq səviyyədə tanınmış sərhədlər və ərazi bütövlüyü prinsipidir. 2020-ci il müharibəsindən və 2023-cü ilin sentyabrında Qarabağda baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan arasında yeni siyasi reallıq yaranıb. Hazırda Bakı ilə İrəvan arasında sülh, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması müzakirə olunur. Bu şəraitdə revanşist xəritələrin və qarşı tərəfin ərazisini özününkü kimi göstərən materialların yayılması qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Bəzi xəritələrdə isə açıq tarixi uyğunsuzluqlar görünür. Məsələn, qədim dövrlərə aid olduğu iddia edilən təsvirlərdə XX əsrdə yaradılmış Mingəçevir su anbarının göstərilməsi həmin materialların elmi-tarixi xəritədən daha çox müasir vizual manipulyasiya xarakteri daşıdığını ortaya qoyur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması dövlətlərarası münaqişənin hüquqi-siyasi mərhələsini bağlaya bilər. Lakin cəmiyyətlərdə onilliklər ərzində formalaşmış revanşist düşüncələrin aradan qalxması daha uzun proses olacaq. Buna görə “Böyük Ermənistan” kimi maksimalist xəritələrin yayılması sadəcə sosial şəbəkə mübahisəsi deyil, gələcək sülh və qarşılıqlı etimad baxımından diqqətlə izlənilməli tendensiyadır. Geri dön |