Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > İnsan ömrünü illər deyil, qoyduğu izlər uzun edir

İnsan ömrünü illər deyil, qoyduğu izlər uzun edir


Bu gün, 11:48. Yazar: Semsi
İnsan ömrünü illər deyil, qoyduğu izlər uzun edir
Bəzi insanların həyatını yalnız tutduğu vəzifələrin siyahısı ilə anlatmaq mümkün deyil. Onların ömründə yaşadıqları dövrün havaları, gördükləri insanların xarakteri, keçdikləri yollar, dostluqları və mübarizələri bir-birinə çilənir. Mübariz Pənahovun həyatına da məhz belə baxmaq lazımdır. Şərurda başlayan bu ömür yolu Sovet ordusunun uzaq şimalından keçib Naxçıvanın ən ağır illərinə, Sədərək sərhədinə, Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə, dövlət xidmətinə, idmana və illərdən süzülüb gələn dostluqlara uzanır.

Azərbaycanda daha çox “Laba” adı ilə tanınan Mübariz Həsən oğlu Pənahov 1962-ci ildə Şərurda anadan olub. Sonrakı illərdə Naxçıvanın ictimai-siyasi və idman həyatında tanınan simalardan birinə çevrilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. Xarakterinin əsas cizgiləri kimi prinsipiallığı, idmana bağlılığı, Heydər Əliyev siyasi xəttinə sədaqəti və Naxçıvan cəmiyyətində qazandığı nüfuzu hər zaman seçilib.

Amma bütün bunlardan əvvəl bir gənc var idi. Şərurun adi bir oğlanı. Qarşısında hələ uzun və mürəkkəb bir həyat yolu dayanırdı. O yolun ilk böyük sınaqlarından biri isə onu Azərbaycanın isti iqlimindən dünyanın ən soyuq guşələrindən birinə — Murmansk vilayətinə apardı.
1981-ci il idi. Sovet ordusunun çağırış sistemi ilə Azərbaycanın müxtəlif yerlərindən gənclər SSRİ-nin uzaq bölgələrinə göndərilirdi. Bizim hərbi xidmətimiz də Murmansk vilayətində, Severomorsk şəhərində keçdi. Bu gün həmin illərə qayıdanda orada yalnız hərbi xidmət görmürəm, orada həm də bir insanın xarakterinin formalaşdığı sərt həyat məktəbini görürəm.

Mən Mübarizdən bir neçə gün əvvəl başqa hərbi hissəyə düşmüşdüm. Sonra bir gün mənə dedilər ki, azərbaycanlı gəlib. Beləcə, 45 il əvvəl başlayan dostluğumuzun ilk səhifəsi açıldı. O vaxt heç birimiz bilmirdik ki, hərbi xidmət üçün düşdüyümüz həmin uzaq şimal torpaqları bizi ömrümüzün sonuna qədər davam edəcək bir dostluğa bağlayacaq.

Severomorskın qışı adamın yaddaşına birdəfəlik həkk olunur. Qar dizə qədər qalxırdı. Qaranlıq uzun çəkirdi. Həmin yerlərdə gecə-gündüz anlayışı da bizim öyrəşdiyimiz kimi deyildi: altı ay günəş olurdu, altı ay qaranlıq. Bir tərəfdən soyuq, bir tərəfdən hərbi xidmətin sərt qaydaları, digər tərəfdən müxtəlif millətlərdən olan insanların eyni kazarmada yaşaması özünəməxsus mühit yaradırdı. Bizim ətrafımızdakı bəzi hərbi hissələrdə isə vəziyyət daha mürəkkəb idi. Mən Qərbi Azərbaycanda böyüdüyüm üçün erməni xislətinin nə olduğunu uşaqlıqdan görmüşdüm. Ona görə də orada ayrı-ayrı erməni qruplarının başqa millətlərdən olan əsgərlərə qarşı özbaşınalığını görcək bunun adi bir hərbi münasibət olmadığını dərhal anladım. Mübariz də belə şeylərə sakit baxanlardan deyildi.

O illərdə hərbi hissələrdə “dedovşina” adlanan zorakılıq sistemi vardı. Bəzən komandirlər də bu vəziyyətdən öz məqsədləri üçün istifadə edir, əsgərlər arasındakı qruplaşmalar vasitəsilə nizam yaratmağa çalışırdılar. Bizim xidmət etdiyimiz bölgədə bəzi erməni əsgərlərin ətraflarına xeyli adam toplayaraq başqa millətlərdən olan əsgərləri döydükləri, təhqir etdikləri, özlərinə tabe etməyə çalışdıqları hadisələr baş verirdi. Mən bunu gözlərimlə görürdüm, Mübariz isə belə münasibətin qarşısında əsla geri çəkilmirdi.

Bir gün məsələ daha ciddi həddə çatdı. Qarşı tərəfin başında duranlardan biri — sonralar 1986-cı ildə Ermənistan Ali Sovetinin deputatı seçilən o idmançı erməni — özünə 35-40 nəfər adam toplamışdı, özlərini həmin hərbi hissələrdə toxunulmaz hesab edirdilər. Mübarizlə söhbətdən sonra məsələ təkbətək qarşılaşmaya gəlib çıxdı. Mən əvvəlcə tərəddüd etdim, Mübarizə dedim ki, bəlkə getməyək, Pənahov? Qarşı tərəf çox idi və bunun adi bir dava olmayacağını başa düşürdüm. Mübariz isə qərarını vermişdi: “Yox, gedək!”

O vaxt mən onun boksla ciddi məşğul olmuş bir idmançı olduğunu bilmirdim. Qarşılaşma başlayanda bunu anladım. Əvvəlcə qarşı tərəfin lideri çıxıb bir zərbə vurdu, Mübariz bir anlıq sarsıldı. Mən düşündüm ki, bunlar çoxdur, onsuz da istədikləri kimi bizi döyəcəklər. Amma Mübariz özünü toparladı və elə bir cavab zərbəsi endirdi ki, qarşı tərəfin lideri iki yerə qatlandı, elə bil bıçaqla kəsildi. Bir-iki erməni də düşdü onun ayağının altına. Sonra liderlərini götürüb şikəst vəziyyətdə apardılar. Həmin hadisə mənim üçün sadəcə bir döyüş deyildi. Mən orada Mübarizin xarakterində sonrakı həyatında dəfələrlə görəcəyim bir cəhəti ilk dəfə bu qədər aydın gördüm: təzyiq qarşısında geri çəkilməmək, əyilməmək.

Sonra Mübariz başqa hərbi hissələrdə xidmət etdi. Harada oldusa, orada öz sözünü deməyi bacardı. Baş serjant, starşina rütbələri daşıdı, komandanlıq etdi, əsgərlərin içində böyük nüfuz qazandı. O dövrdə hərbi xidmətin öz qanunsuz qaydaları vardı və həmin mühitdə özünü qorumaq, başqasını müdafiə etmək və haqq bildiyin yoldan dönməmək böyük cəsarət tələb edirdi. Mübariz həmin sınaqdan öz xarakterini daha da bərkidərək çıxdı. Bu gün geriyə baxanda anlayıram ki, bizim 45 illik dostluğumuzun təməli elə həmin illərin çətinliklərində bərkiyib.

Sovet ordusundan qayıtdıqdan sonra Mübariz Pənahovun həyatında yeni mərhələ başladı. O, Naxçıvanın ictimai həyatında getdikcə daha çox görünməyə başladı. Onun adı sonralar həm dövlət fəaliyyəti, həm idman, həm də Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə bağlı xatirələrdə addım-addım ucaldı.

Mübarizin həyatında idmanın xüsusi yeri vardı. Gənclik illərindən idmana maraq göstərmiş, müxtəlif növlərlə məşğul olmuşdu. Sonrakı illərdə də bu bağlılıq onu tərk etmədi. O, veteran cüdoçular arasında keçirilən beynəlxalq yarışlarda Azərbaycanı təmsil etdi. 2011-ci ildə Avstriyada keçirilən dünya çempionatında iştirak etdi, veteranlar arasında beynəlxalq yarışlarda çıxışlarını davam etdirdi. İdman onun üçün sadəcə medal deyildi; idman onun həyat tərzi, özünü sınamaq, mübarizə aparmaq və gənclik ruhunu qorumaq vasitəsi idi. Gənclikdə başlayan o mübarizə ruhu yaşa baxmırdı.

Mübariz Pənahovun həyatında ən mühüm səhifələrdən biri Ulu Öndər Heydər Əliyevin Naxçıvanda olduğu illərlə bağlıdır. O, Heydər Əliyevin Naxçıvandakı mühafizəsinin təşkilində şəxsən iştirak etdi, sonralar isə Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisi təyin olunaraq uzun illər bu vəzifədə çalışdı.

Bu münasibətin sadəcə vəzifə borcu olmadığını mən yaxşı bilirdim. O, Ulu Öndər Heydər Əliyevə sonsuz sədaqətlə bağlı idi, özünü onun ideyalarına həsr etmişdi. Ümummilli lider Heydər Əliyevə ən sədaqətli insanlardan bəlkə də birinci onluqda duran beş nəfərdən biridir Mübariz. Mən onun bu münasibətini sonradan yaranmış bir konyunktura kimi görmürəm. Biz bir-birimizi 45 ildir tanıyırıq və onun xarakterində bir xüsusiyyət həmişə var idi: inandığı adamın və inandığı yolun sonadək arxasında dayanmaq. Severomorskda bu xüsusiyyət bir cür görünürdü, Naxçıvanda tamam başqa cür. Ulu Öndərin Naxçıvanda olduğu o gərgin günlərdə, murdar xislətli adamların hücumları qarşısında onu necə fədakarcasına müdafiə etdiyini yaxşı xatırlayıram.

Mübariz Pənahovun Sədərəkdəki fəaliyyəti onun həyatının ayrıca bir dastanıdır. Naxçıvanın blokada şəraitində yaşadığı 1990-cı illərdə Sədərək sadəcə gömrük-keçid məntəqəsi deyildi; o, Naxçıvanın Türkiyəyə, dünyaya açılan yeganə nəfəsliyi idi. İnsanların ərzaq, yanacaq və gündəlik ruzisini qazanmasında bu keçidin müstəsna əhəmiyyəti vardı.

Mübariz həmin ağır illərdə Sədərək Gömrük-Keçid Məntəqəsinə rəhbərlik edirdi. O dövrdə Naxçıvanın blokadada yaşaması, insanların çətinliyi qarşısında o, elə bir şərait yaratmışdı ki, hər kəs ailəsini dolandıra bilsin, xırda ticarətini qursun. Bu gün də Naxçıvanda, Sədərəkdə o dövrü yaşayan insanlar Mübarizin atasına rəhmət oxuyurlar.

Sədərəkdəki bu xidmətləri onun cəmiyyətdəki nüfuzunu daha da artırdı. 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçildi. Hətta o vaxtlar bəzi yuxarı strukturlar onun el içində artan bu nüfuzundan, xarizmasından təşvişə düşüb qarşısını almağa çalışırdılar. Lakin Mübariz hər zaman ideyasına, dövlətinə və liderinə sadiq qaldı.

Mənim üçün Sədərək haqqında danışanda rəqəmlərdən daha çox insanların səmimi duası önəmlidir. Çünki vəzifə adamı müvəqqəti ucalda bilər, amma onu insanların yaddaşında saxlaya bilməz. Bunun üçün gördüyün iş gərək doğrudan da insanların həyatına toxunsun. Mübarizin Naxçıvandakı fəaliyyətinə baxanda onun yalnız bir vəzifə sahibindən ibarət olmadığını görürəm. O, idmanın da, ictimai proseslərin də içində idi. Naxçıvanın ağır illərində insanların dərdini, ehtiyacını yaxından görmüşdü. Sonrakı illərdə Mübariz Pənahov SOCAR-ın təhlükəsizlik strukturunda rəhbər vəzifələrdən birində çalışdı, dövlətə xidmətini davam etdirdi, təltiflərə layiq görüldü. Beləliklə, bir ömrün müxtəlif səhifələri bir-birinin ardınca gəldi: Şərur, Sovet ordusu, Severomorsk, Naxçıvan, Sədərək, dövlət xidməti, idman, Bakıda yeni həyat...

Amma bu uzun yolun bütün döngələrində dəyişməyən bircə şey vardı — Mübarizin mərd xarakteri. Mənim xatirələrim bu böyük həyat yolunun içində tamamilə doğma bir xətdir. Çünki mən Mübarizi haqqında yazılanlardan, tutduğu vəzifələrdən çox-çox əvvəl tanımışam. Mən onu həyatın qarşısında yolun haradan keçəcəyini bilmədiyi gənclik çağında tanımışam.

1981-ci ildə Severomorskda tanış olduğumuz günlərdən sonra yollarımız bir müddət ayrıldı. Mən universitetdə elmi fəaliyyətimi davam etdirdim, Mübariz isə öz həyat yolunu cızdı. Uzun müddət görüşə bilmədik. Sonra bir gün universitetdə auditoriyada mənə yaxınlaşan bir tələbənin Mübarizə nə qədər çox bənzədiyini gördüm. Bildim ki, onun qardaşı Elşəndir. Beləcə, illərin araya saldığı dostluq körpüsü yenidən bərpa olundu, Mübarizlə aradıq, görüşdük.

Sonrakı görüşlərimizdə mən Mübarizin həyatında nə qədər böyük dəyişikliklər olduğunu görsəm də, daxilən bircə zərrə də dəyişmədiyinin şahidi olurdum. O, 1981-ci ildə tanıdığım dürüst, qorxmaz Mübariz olaraq qalırdı. Dostluqda sədaqətli, münasibətlərdə saf, yaxınlarına qarşı qayğıkeş və inandığı məsələlərdə mövqeyindən dönməyən bir insan.

Dostluqda da belədir. Mübarizlə dost olan adam bilir ki, o, insanın yaxşı günündə də, darda olduğu anlarda da eyni adamdır. Mən bunu 45 il ərzində hər addımda hiss etmişəm. İnsan haqqında bir neçə il ərzində fikir söyləmək asandır. Amma 45 il bir insanın dəyişməyən mərtliyini görmək üçün bəs edən bir zamandır.

Mübariz Pənahovun həyatında müxtəlif dövrlərin gərginlikləri, çətinlikləri az olmayıb. Müzəffər və görünən həyat yaşayan insan haqqında birrəngli danışmaq mümkün deyil. Amma mənim üçün əsas məsələ həmin insanın həyat yolunu və onun bu ömrə vurduğu silinməz izi anlatmaqdır.

Mübarizin həyatında ən aydın görünən iz elə dostluqdur. Uşaqlıqdan, gənclikdən, hərbi xidmətdən, Naxçıvandan, idmandan və müxtəlif həyat pillələrindən onunla çiyin-çiyinə addımlayan insanlar bu gün də onu böyük ehtiramla xatırlayırlar. Mübariz Pənahov həyatda heç vaxt kənardan tamasaçı olmayıb, hadisələrin tən ortasında durub.

Bəzən bu, onun qarşısına çətinliklər çıxarıb, bəzən qazandığı nüfuz ona yeni qapılar açıb. Amma bütün bunların içində onun xarakteri öz duruluğunu qoruyub saxlayıb. Bəlkə də “Laba” adının mahiyyəti elə bundadır.

Bu adın arxasında yalnız vəzifə sahibi, deputat və ya idmançı dayanmır. Bu adın arxasında gəncliyində Severomorskın soyuq qarında dostluq qazanan, çətinlikdən qorxmayan, Naxçıvanın ən ağır günlərində xalqının yanında olan, idmanı ömrünün sonuna qədər yaşadan və dostluğun qədrini bilən bütöv bir insan dayanır.

İnsan ömrünün ən böyük nəticəsi tutduğu postlar deyil. İnsanın ən böyük mirası onun haqqında danışılan işıqlı xatirələrdir. Mübariz Pənahovla 45 illik dostluğumun yaddaşında qalanlar isə bir insanın mərtdən də mert həyat hekayəsidir. Bu hekayənin ilk səhifəsi 1981-ci ildə Severomorskda açılıb. Orada iki azərbaycanlı gənc bir-birini tapdı. Sonra illər ötdü, dövlətlər dəyişdi, yollar ayrıldı və yenidən qovuşdu. Amma o ilk dostluq işığı heç vaxt sönmədi. Çünki bəzi dostluqlar zamanla ölçülmür. Onların ölçüsü illər deyil, sədaqətdir.

Şərurda başlayan bir ömrün Severomorskdan Naxçıvana, Sədərəkdən Bakıya qədər uzanan yolu, əslində, bir insanın bioqrafiyasından daha böyük mənzərədir. Bu yol bir dövrün də canlı tarixidir. Sovet ordusunun sərt illəri, müstəqilliyin ilk və ən ağır çağları, Naxçıvanın blokada həyatı, dövlət quruculuğunun mürəkkəb mərhələləri, idmanın insan xarakterində yaratdığı mübarizə ruhu və bütün bunlardan süzülüb gələn təmiz dostluqlar...

Mübariz Pənahovun ömrünə baxanda bütün bunları bir yerdə görürəm. Və 45 ildən sonra onun haqqında deyə biləcəyim ən doğru söz budur: İnsan ömrünü illər deyil, qoyduğu izlər uzun edir.Mübariz Pənahovun isə arxasında şərəfli və kifayət qədər dərin bir iz var.

Əziz qardaşım Mübariz! Ad günün mübarək olsun! 45 illik dostunun sənə olan səmimi təbriklərini qəbul et!

Məhəmməd İmanlı,
hüquq elmləri doktoru, professor


Geri dön