Ana Sayfa > Ölkə > Tarixi abidələrə qarşı vandallıq aktları: Dünyada belə hallarla necə mübarizə aparılır?

Tarixi abidələrə qarşı vandallıq aktları: Dünyada belə hallarla necə mübarizə aparılır?


Bu gün, 16:00. Yazar: vasif
Tarixi abidələrə qarşı vandallıq aktları: Dünyada belə hallarla necə mübarizə aparılır?


Son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri də Şuşaya səfər edən turistlərin şəhərdəki qaya daşlarının üzərini yazmalarıdır. Maraqlıdır ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin müvafiq açıqlamasında belə halların əvvəllər də yaşandığı, maarifləndirmə işlərinin aparılmasına, cərimələr tətbiq olunmasına baxmayaraq, yenidən təkrarlandığı qeyd olunub.
Təbii ki, burada aidiyyəti qurumların çəkindirici tədbirləri ilə yanaşı, həmin vandallıq aktına şahid olan şəxslərin - turistlərin, bələdçilərin və yerli sakinlərin reaksiyası da önəmlidir. Belə hallar işğaldan azad edilmiş ərazilərdə baş verirsə, bu zaman hər kəsdən ekstra diqqət tələb olunur.

Tarixi abidələrə, gəzməli-görməli yerlərdəki qayalara yazıların yazılması, ətrafa zərər vurulması kimi hallar müxtəlif ölkələrdə də tez-tez rast gəlinən hadisələrdir. Oxşar vəziyyətin yaşandığı ölkələrdə qabaqlayıcı tədbirlərlə yanaşı, sərt cəzalar da tətbiq edilir ki, bu da çəkindiriciliyi artırır.

Buna misal olaraq 2021-ci ilin yanvarında Əlcəzairin Batna vilayətində yerləşən Tazult arxeoloji ərazisindəki abidəyə qarşı törədilən vandalizm aktı qeydə oluna bilər. Abidənin divarlarına yazılar yazıldığı müəyyənləşdirildikdən sonra ölkənin Mədəniyyət və İncəsənət Nazirliyi əraziyə təcili araşdırma komissiyası ezam edib.

Nazirliyin bəyanatında qeyd olunub ki, arxeoloji zonadakı qədim tikilinin qalıqlarına divar yazıları vasitəsilə ziyan vurulub. Qanunsuz əməli törədən şəxslərin kimliyi müəyyənləşdirilib və onlar qanunvericiliyə uyğun cəzalandırılıblar.

Nazirlikdən vurğulanıb ki, tarixi obyektlərin cızılma, yazılma və ya dağıdılma yolu ilə korlanması Əlcəzairin mədəni irsi, tarixi dəyərləri ilə uyğun deyil. Həmçinin vətəndaş cəmiyyəti üzvləri, tədqiqatçılar və digər əlaqədar tərəflər qədim abidələrin mühafizəsi prosesində aktiv iştirak etməyə, hər hansı qanunsuz müdaxilə və ya şübhəli fəaliyyət barədə müvafiq orqanları xəbərdar etməyə çağırılıb.

Analoji hadisə 2022-ci ilin mayında İordaniyada da yaşanıb. Qədim Cəraş şəhərindəki tarixi sütunların birinə boya ilə müxtəlif ifadələr yazılıb. Vandalizm halı turistlər və yerli əhali tərəfindən aşkar olunduqdan sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bu olay sosial platformalarda da ciddi rezonans doğurub.

İnsanlar bu kimi insidentlərin ölkənin müxtəlif şəhərlərindəki tarixi məkanlara və ictimai obyektlərə qarşı vandalizmin vüsət aldığını nümayiş etdirdiyini bildiriblər. Vətəndaşlar günahkarların milli irsə qarşı laqeyd münasibət göstərdiyini vurğulayaraq oxşar cinayətlərin qarşısını almaq məqsədilə cərimələrin və hüquqi sanksiyaların daha da sərtləşdirilməsi tələbi ilə çıxış ediblər.

Cəraş şəhəri üzrə Arxeologiya İdarəsindən qanunsuz hərəkəti həyata keçirən şəxsin kimliyinin aydınlaşdırıldığı və müvafiq tədbir görüldüyü qeyd olunub.İordaniya ərazisindəki qədim və arxeoloji abidələrin zaman-zaman vandalizm qurbanı olması faktlarına rast gəlinir. Bununla yanaşı, ayrı-ayrı şəxslərin qızıl və xəzinə tapmaq niyyəti ilə qeyri-qanuni qazıntı işləri apardığı, həmçinin tarixi artefaktların oğurlanaraq ölkə hüdudlarından kənara çıxarıldığı da qeydə alınır.

2023-cü ilin martında İordaniyanın paytaxtı Əmman şəhərindən təqribən 30 kilometr cənub istiqamətində qərarlaşan Qəsr əl-Müşəttə sarayında da vandalizm aktı baş verib. 743-744-cü illərə aid olan bu tarixi Əməvi sarayının divarları üzərinə sprey boyalar və digər vasitələrlə müxtəlif şüarlar yazılıb.İordaniya Tarixi Abidələr İdarəsindən tarixi tikililərə dəyən bu cür zərərlərin bərpa olunmasının böyük resurs və uzun zaman tələb etdiyi diqqətə çatdırılıb.

İordaniya dövlətinin mövcud qanunvericiliyinə əsasən, arxeoloji məkanlarda icazəsiz qazıntıların aparılması və tapıntıların alqı-satqısı qəti şəkildə qadağan edilib.1988-ci ildə təsdiqlənmiş və 2002-ci ildə redaktə olunmuş "Tarixi abidələr haqqında" qanuna görə, qədim irsə ziyan vuranları müvafiq cəzalar gözləyir. Həmin sanksiyalara üç ilə qədər azadlıqdan məhrumetmə və 5 min ABŞ dollarına qədər cərimə daxildir.

2005-ci ildə İordaniyanın memarlıq və tarixi irsini mühafizə etmək üçün xüsusi Milli Komitə təsis edilib. Buna baxmayaraq, ekspertlər qədim məkanların icazəsiz qazıntılar və vandalizmdən xilas edilməsi yönündə hazırkı mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayırlar.

2026-cı ilin fevral ayında Misirin Sakkara arxeoloji zonasında bir bələdçinin Unas piramidasının divarına təbaşir vasitəsilə nəsə yazmasını göstərən videonun internetdə paylaşılması sosial mediada böyük etirazlara səbəb olub.

İnsident gedişatında bələdçi əcnəbi ziyarətçilərə məlumat çatdırarkən piramida divarının üzərində təbaşirlə müəyyən işarələr cızıb. Həmin şəxs öz əməlini divardakı daşların sonradan bərpa olunduğunu və sadəcə təbaşir işlətdiyini deyərək əsaslandırmağa cəhd göstərib.Misirin Daxili İşlər Nazirliyi baş vermiş vəziyyətlə əlaqədar sözügedən bələdçinin həbs edildiyini açıqlayıb. Qurumun məlumatına əsasən, piramida üzərindəki ləkələr müvafiq mütəxəssislər tərəfindən aradan qaldırılıb. Saxlanılan bələdçi istintaq zamanı qanunsuz hərəkətini etiraf edib.

Qeydə alınan hadisənin ardınca bələdçinin fəaliyyətinin müvəqqəti dayandırılması və onun barəsində müvafiq hüquqi addımların atılması məqsədilə rəsmi araşdırmalara start verilib.

Göründüyü kimi, fərqli səbəblərdən tarixi abidələrə qarşı törədilən vandallıq aktları müxtəlif ölkələrdə də yaşanır. Həmin ölkələrdə cəzaların sərtliyinə baxmayaraq, bir çox hallarda cəza tətbiq olunduğunun bilinməməsi səbəbindən bu kimi hadisələr dəfələrlə təkrarlanır. Buna görə də sadəcə sərt cəzaların həyata keçirilməsi deyil, şüurlu cəmiyyət tərəfindən ictimai qınağın yerində tətbiqi də böyük çəkindirici qüvvəyə malik ola bilər.
Geri dön