Ana Sayfa > Dünya > 60 milyon dollarlıq sual: Ermənistan Rusiyanın 102-ci bazasına nə qədər pul xərcləyir?
60 milyon dollarlıq sual: Ermənistan Rusiyanın 102-ci bazasına nə qədər pul xərcləyir?Bu gün, 13:39. Yazar: vasif |
![]() Ermənistan Rusiya bazasını çıxarmaqla üzərindəki milyonlarla dollarlıq yükü ata bilər Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının taleyi son günlər hər iki ölkənin mediasında ən çopx müzakirə olunan mövzulardan biridir. Yada salaq ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın Ermənistan istəmədiyi halda bazanı çıxara biləcəklərini, Ermənistanın baş naziri Nikol Paşinyan isə belə bir qərara İrəvanın etiraz etməyəcəyini bildirib. aia.az xəbər verir ki, erməni mediası bu açıqlamalar fonunda “Rusiyanın Ermənistanda saxladığı hərbi bazanın xərclərini kim ödəyir” sualını gündəmə gətirib.Məsələ ilk baxışda göründüyü qədər sadə deyil. Ən diqqətçəkən məqam isə budur ki, Moskva bazanın yerləşdirilməsinə görə İrəvana klassik mənada icarə haqqı ödəmir. Rusiya tərəfinin mövqeyinə görə, baza iki ölkə arasında hərbi və təhlükəsizlik razılaşmalarının tərkib hissəsidir. Başqa sözlə, söhbət Rusiyanın Ermənistanda xarici hərbi obyekt saxlamasına görə Ermənistan dövlətinə illik kirayə ödənişi etməsindən getmir. Əksinə, maliyyə yükünün müəyyən hissəsi Ermənistanın üzərinə düşür. 1996-cı il Rusiya-Ermənistan hökumətlərarası sazişində 102-ci bazanın saxlanılması ilə bağlı əsas maliyyə prinsipləri müəyyənləşdirilib. Sənədə görə, Rusiya tərəfi bazanın saxlanılması xərclərini Rusiya Müdafiə Nazirliyində qüvvədə olan qayda və normalara uyğun olaraq maliyyələşdirir. Yəni bazanın şəxsi heyətinin, hərbi texnikasının, silah-sursatının və Rusiya Müdafiə Nazirliyinin daxili büdcəsi üzrə digər əsas xərclərin maliyyələşdirilməsi Rusiyanın üzərinə düşür. Lakin Ermənistan da bu bazanın saxlanılmasına müəyyən maliyyə töhfəsi verir. 1996-cı il hökumətlərarası razılaşmaya əsasən Ermənistan 102-ci bazanı elektrik enerjisi, su və kanalizasiya kimi kommunal xidmətlərlə təmin etməlidir. Sənəddə həmin kommunal xərclərin bölüşdürülməsi üçün konkret nisbət də göstərilir: 70 faiz Rusiya, 30 faiz Ermənistan. Bu detal xüsusilə maraqlıdır. Amma bəzi açıq mənbələrdə Ermənistanın 102-ci bazanın ümumi maliyyə yükünün təxminən yarısını daşıdığı yazılıb. Məsələn, 2026-cı ilin sentyabrında yayımlanan bəzi materiallarda Rusiya-Ermənistan dövlətlərarası razılaşmasına istinadla Ermənistanın bazanın maliyyələşdirilməsinin 50 faizini ödədiyi qeyd edilib. Lakin ilkin hökumətlərarası sənəddə kommunal xərclər üzrə göstərilən rəqəm 70/30 nisbətidir.Bazanın tərkibində quru qoşunları ilə yanaşı hava hücumundan müdafiə bölmələri və hərbi aviasiya komponenti də var. Açıq mənbələrdə bazanın şəxsi heyətinin təxminən 4 min nəfər olduğu göstərilir. Bazanın hərbi aviasiya hissəsi İrəvandakı Erebuni aerodromunda yerləşir. Ən mühüm suallardan biri isə budur: Ermənistan niyə başqa ölkənin ordusunun mövcudluğunun müəyyən xərclərini öz üzərinə götürür? Məhz bu məqam Ermənistan daxilində 102-ci baza ətrafındakı müzakirələrin ən həssas hissəsidir. İrəvan son illərdə Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşmağa, Avropa İttifaqı və Qərblə münasibətləri gücləndirməyə çalışır. Ermənistanın KTMT-də iştirakını faktiki dondurması, Rusiya sərhədçilərinin bir sıra ərazilərdən çıxarılması və İrəvanın öz təhlükəsizlik modelini diversifikasiya etməyə başlaması bunun əsas göstəriciləridir. Ermənistanda bazanın maliyyə yükü ilə bağlı daha böyük rəqəmlər də səsləndirilir. 2026-cı ilin yayında yayımlanan bəzi analitik materiallarda Ermənistanın 102-ci bazanın saxlanılması ilə bağlı birbaşa və dolayı xərclərinin ildə təxminən 60 milyon dollar olduğu iddia edilib. Bu rəqəm doğrudursa, Ermənistan üçün kifayət qədər ciddi maliyyə yükündən söhbət gedir. Xüsusilə də ölkənin hərbi xərclərini artırdığı və eyni zamanda Qərbdən yeni təhlükəsizlik mexanizmləri axtardığı bir dövrdə. 102-ci bazanın Rusiyaya məxsus hərbi obyekt kimi fəaliyyətinin dayandırılması Ermənistan üçün təkcə geosiyasi deyil, maliyyə nəticələri də yarada bilər. Bir tərəfdən İrəvan Rusiyanın hərbi kontingentinin saxlanılması ilə bağlı üzərinə düşən xərclərdən azad ola bilər. Digər tərəfdən isə həmin ərazilərin, hərbi şəhərciklərin, kommunikasiyaların və infrastrukturun gələcək statusu məsələsi ortaya çıxacaq. Əgər baza ləğv olunarsa, Ermənistan həmin əraziləri öz ordusunun ehtiyacları üçün istifadə edə, obyektlərin bir hissəsini başqa məqsədlərə yönəldə və ya yeni təhlükəsizlik infrastrukturu yarada bilər. Lakin bunun özü də əlavə maliyyə tələb edəcək. Geri dön |