Ana Sayfa > Şou-biznes > Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK DETAL - Bir gün əvvəl...

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK DETAL - Bir gün əvvəl...


Bu gün, 21:36. Yazar: vasif
Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK DETAL - Bir gün əvvəl...


Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış teatr və kino aktyoru Serhat Mustafa Kılıç İstanbulda yaşadığı evdə ölü tapılıb.

aia.az xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunun Nurtepe məhəlləsində baş verib. Təxminən 1–2 gündür aktyordan xəbər ala bilməyən sevgilisi onun yaşadığı mənzilə gedib. Kılıç evin qonaq otağındakı divanın üzərində hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Məlumat verildikdən sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəliblər. Aktyorun həyatını itirdiyi müəyyənləşdirilib.

İlkin müayinə zamanı Serhat Kılıçın göz ətrafında, qollarında və ayaqlarında göyərmələrin olduğu bildirilib. Bununla belə, bədənində hər hansı açıq yara, kəsik və ya aşkar zorakılıq izinə rast gəlinmədiyi qeyd olunur.

Türkiyə mediasının məlumatına görə, 51 yaşlı aktyorun qalxanabənzər vəzi ilə bağlı xəstəliyi olub. Son dövrlərdə həddindən artıq spirtli içki qəbul etməsi barədə də iddia səsləndirilib. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib və onun ölümü ilə əlaqələndirilməyib.

Aktyorun dəqiq ölüm səbəbi ekspertiza və yarılmanın nəticələrindən sonra müəyyənləşəcək. Meyitin İstanbul Ədli Tibb Qurumuna göndərilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, faciəli hadisədən cəmi bir gün əvvəl aktyorun səhhətində yaranan problemə görə TRT-nin “Teşkilat” serialından ayrıldığı açıqlanmışdı. Kılıça boyun yırtığı diaqnozu qoyulduğu, həkimlərin ona bir müddət döyüş və hərəkətli səhnələrdə çəkilməyi qadağan etdiyi bildirilirdi. Onun üç həftə fizioterapiya keçəcəyi gözlənilirdi. Bu xəstəliklə ölüm arasında hər hansı əlaqənin olub-olmadığı barədə məlumat yoxdur.

Serhat Mustafa Kılıç kim idi?

Serhat Mustafa Kılıç 8 iyul 1975-ci ildə Ankarada anadan olub. Əslən Malatyadan olan aktyor Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri Fakültəsinin teatr bölümünü yüksək göstəricilərlə bitirib. Daha sonra Hacettepe Universitetində rejissorluq üzrə magistr təhsili alıb, Dövlət Teatrlarında çalışıb və universitetdə dərs deyib.

Aktyor “Seksenler” serialındakı “Ergun Plak” obrazı ilə geniş şöhrət qazanıb. “Maraşlı”, “Kuruluş Osman”, “Söz”, “Tetikçinin Oğlu”, “Kirli Sepeti” və digər seriallarda çəkilib. Serhat Kılıç rejissor Nuri Bilge Ceylanın Kann festivalında “Qızıl palma budağı” qazanan “Kış Uykusu” filmində də rol alıb. O, aktyorluqla yanaşı, musiqi və televiziya layihələri ilə də məşğul olub.
Geri dön