Ana Sayfa > Ölkə > Şuşanın qayaları: Xatirə yarat, amma yalnız ayaq izi burax!

Şuşanın qayaları: Xatirə yarat, amma yalnız ayaq izi burax!


Bu gün, 18:33. Yazar: vasif
Şuşanın qayaları: Xatirə yarat, amma yalnız ayaq izi burax!



Şuşaya səfər edən bəzi turistlərin şəhərdə və şəhər ətrafında qayaların üzərinə adlarını və müxtəlif yazılar həkk etməsi yenidən ciddi narazılıq yaradıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sözçüsü Səmayə Məmmədova ictimaiyyətə müraciət edərək bildirib ki, bu cür hallar ilk dəfə baş vermir. Onun sözlərinə görə, dəfələrlə maarifləndirmə işləri aparılıb, inzibati tədbirlər görülüb, cərimələr tətbiq edilib. Buna baxmayaraq, Şuşanın qaya və tarixi məkanları üzərində həkkaklıq davam edir. Qurum vətəndaşları güllə və qan izləri olan Şuşaya hörmət bəsləməyə çağırıb.

Görünən budur ki, hadisə “bir turistin səhvi” məcrasını çoxdan aşıb. Söhbət Azərbaycanın tarixi və mədəni məkanlarından birinə münasibətdən gedir.

Əvvəlcə bir məsələni dəqiqləşdirək: Şuşa Azərbaycan qanunvericiliyi ilə xüsusi status verilmiş dövlət qoruğudur.

2021-ci ildə qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı- Şuşa şəhəri haqqında” Qanun Şuşanın qorunmasının hüquqi əsaslarını müəyyən edib. Həmin qanuna əsasən şəhərin bütün inzibati ərazisi Şuşa Şəhəri Dövlət Qoruğu elan olunub və burada xüsusi mühafizə rejimi tətbiq edilir.

Yəni qaya üzərinə ad yazmaq sadəcə “ədəbsizlik” deyil. Bu, dövlət tərəfindən qorunan qoruğun korlanması kimi qiymətləndirilə bilən hərəkətdir.

Bir çoxları düşünür ki, belə hallarda maksimum cərimə yazılır və məsələ bağlanır. Əslində isə qanun daha geniş yanaşma nəzərdə tutur.

Azərbaycanın “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunu dövlət mühafizəsində olan abidələrə zərər vurulmasını qadağan edir. İnzibati Xətalar Məcəlləsində mədəni irsin korlanmasına görə məsuliyyət nəzərdə tutulur. Zərərin xarakterindən və miqyasından asılı olaraq məsələ Cinayət Məcəlləsi müstəvisinə də keçə bilər.

Şuşa Qoruğu İdarəsinə də qanun xüsusi səlahiyyət verir. Qurum təhlükə yaradan fəaliyyətin dayandırılması barədə göstəriş verə, dəymiş zərərin aradan qaldırılmasını tələb edə və çəkilən xərcləri həmin şəxsdən tələb edə bilər.

Bu səbəbdən “daşdır da, silərlər” təsəvvürü qəbul edilə bilməz. Məsələ yalnız görünüşün pozulması deyil, dövlət mülkiyyətinə və milli mədəni irsə zərər vurulmasıdır.

Şuşanın qayaları geoloji obyekt olmaqdan daha böyük məna daşıyır.

Bu şəhər 28 il işğal altında qalıb. Divarlarında mərmi izləri, qayalarında güllə yerləri, küçələrində dağıntının izləri bu gün də görünür. Onlar muzey eksponatı deyil, Azərbaycanın canlı tarixi yaddaşıdır.
Şuşaya gələn insan əslində memorial məkana daxil olur. Dünyanın müxtəlif ölkələrində müharibə memoriallarının divarına yazı yazmaq, qaya cızmaq və ya abidəyə toxunmaq ciddi qanun pozuntusu hesab olunur. Çünki həmin məkanlar kollektiv yaddaşı qoruyur.

Şuşada qaya üzərinə adlar yazmaq həmin yaddaşın üzərinə kölgə salmaq cəhdidir. Qayalar şəxsi gündəlik deyil. Şuşanın hər daşı minlərlə insanın taleyi ilə bağlıdır: didərgin düşən ailələrin, şəhidlərin, qazilərin və şəhərin azadlığı uğrunda döyüşən insanların taleyi ilə. Həmçinin qaya üzərinə yazı yazmaq ətraf mühitə münasibət məsələsidir. İnsanların ağac qabığını cızması, mağara divarına ad yazması, tarixi tikilinin üzərinə boya çəkməsi eyni davranış modelidir. Bu davranışın kökündə “burada iz qoymalıyam” psixologiyası dayanır. Halbuki inkişaf etmiş cəmiyyətlərdə başqa mədəniyyət formalaşıb: iz qoymaq yox, izi qorumaq!

UNESCO-nun qorunan ərazilərində turistlərə ən çox xatırladılan qaydalardan biri budur:

“Take only memories, leave only footprints.” Yəni yalnız xatirə apar, yalnız ayaq izi burax!

Şuşada isə biz ayaq izi də yox, bəzən fırça izi, çəkic izi buraxırıq…

Bu, artıq ekoloji şüur və vətəndaş mədəniyyəti problemidir, daha betəri, mənəvi kasadlıqdır.

İnsan özünü böyük tarixin mərkəzinə qoyur və hesab edir ki, Şuşanın daşı onun adını daşımalıdır.

Bu, vətən sevgisi deyil.

Vətən sevgisi daşa ad yazmaq deyil, daşı qorumaqdır.

Şuşa yalnız 2020-ci ildəki tarixi qələbəmizin simvolu deyil. O, gələcək nəsillərə ötürəcəyimiz milli yaddaşdır.

Taleh Şahsuvarlı
Geri dön