Ana Sayfa > Özəl > Paşinyan Avropa kursundan geri çəkilmir: Bakı ilə sülhə təsiri nə olacaq?

Paşinyan Avropa kursundan geri çəkilmir: Bakı ilə sülhə təsiri nə olacaq?


Dünən, 22:16. Yazar: vasif
Paşinyan Avropa kursundan geri çəkilmir: Bakı ilə sülhə təsiri nə olacaq?



Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına yaxınlaşmaq kursundan imtina etməyəcəyini açıqlayıb. O bildirib ki, Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanunun qəbul edilməsi düzgün qərardır və onun ləğvi gündəmdə deyil.
Paşinyanın sözlərinə görə, bəzi tərəfdaşlar İrəvana bu qərardan geri çəkilməyi təklif etsələr də, Ermənistan rəhbərliyi bununla razılaşmır. Baş nazir məsələni yalnız parlamentin siyasi iradəsi deyil, eyni zamanda cəmiyyətin seçimi kimi təqdim edib.
Bu mövqe Ermənistanın xarici siyasətdə Qərbə yaxınlaşmaq xəttini davam etdirəcəyini göstərir. Aİ ilə münasibətlərin genişləndirilməsi İrəvana yeni bazarlar, investisiyalar və iqtisadi imkanlar verə bilər. Digər tərəfdən, Ermənistanın Rusiya ilə dərin iqtisadi və təhlükəsizlik əlaqələri bu keçidin asan olmayacağını göstərir.
Əsas suallardan biri isə İrəvanın Avropa kursunun Azərbaycanla sülh prosesinə necə təsir göstərəcəyidir. Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Ermənistanın hansı inteqrasiya modelini seçməsi onun suveren qərarıdır və bu məsələ Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasına mane olmamalıdır.
Deputatın fikrincə, Azərbaycan üçün əsas məsələ Ermənistanın xarici siyasət istiqamətindən daha çox iki ölkə arasında davamlı sülhün hüquqi əsaslarının tamamlanmasıdır. Bundan sonra kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yarana bilər.
TRIPP layihəsinin reallaşması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kommunikasiyaların açılması Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirə, tranzit gəlirlərini və investisiya imkanlarını artıra bilər. Beləliklə, İrəvanın Avropaya inteqrasiyası ilə regional iqtisadi əməkdaşlıq bir-birinə alternativ olmaq məcburiyyətində deyil.
Paşinyan faktiki olaraq Avropa kursunu davam etdirmək seçimini edib. Lakin bunun Bakı ilə sülhə zərər vurub-vurmayacağını Aİ-yə yaxınlaşmanın özü deyil, Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərə və əldə olunan razılaşmalara necə əməl edəcəyi müəyyənləşdirəcək.
Geri dön