Ana Sayfa > Özəl > Putin kommunikasiyalardan danışdı: Rusiya yenidən Bakı-İrəvan prosesinə qayıdır?

Putin kommunikasiyalardan danışdı: Rusiya yenidən Bakı-İrəvan prosesinə qayıdır?


Bu gün, 21:17. Yazar: vasif
Putin kommunikasiyalardan danışdı: Rusiya yenidən Bakı-İrəvan prosesinə qayıdır?



Rusiya Prezidenti Vladimir Putinin Bişkek səfərinin yekununda Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələrə hazır olduqlarını bildirməsi diqqət çəkib. Açıqlama Moskvanın Azərbaycan-Ermənistan normallaşma prosesində yenidən daha fəal rol almaq istədiyi barədə müzakirələr yaradıb.
Xüsusilə 10 noyabr 2020-ci il razılaşmasından sonra Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupunun yenidən fəaliyyətə başlaması ehtimalı gündəmə gətirilir. Lakin Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, hazırkı şəraitdə əvvəlki siyasi formata qayıtmağa ciddi ehtiyac yoxdur.
Deputatın sözlərinə görə, Bakı və İrəvan artıq əsas məsələləri birbaşa müzakirə edə biləcək mərhələyə gəlib. Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə də TRIPP layihəsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, ticarət və qarşılıqlı etimadın gücləndirilməsi kimi məsələlər ikitərəfli formatda müzakirə olunub.
Bununla belə, Rusiyanın prosesdən tamamilə kənarda qalması da mümkün görünməyə bilər. Badamov diqqətə çatdırıb ki, Ermənistanın dəmir yolu infrastrukturu Rusiyanın nəzarətində olan “Cənubi Qafqaz Dəmir Yolları” tərəfindən idarə edilir. Buna görə Azərbaycan və Türkiyə istiqamətində dəmir yolu əlaqələrinin bərpası zamanı Moskvanın iştirakı müəyyən texniki və praktiki məsələlərdə lazım ola bilər.
Lakin bu, əvvəlki Bakı-Moskva-İrəvan siyasi mexanizminin avtomatik bərpası demək deyil. Sərhədlərin delimitasiyası və münasibətlərin normallaşdırılması kimi əsas siyasi məsələlərin Azərbaycan və Ermənistan arasında birbaşa həll edilməsi daha real variant kimi qiymətləndirilir.
Beləliklə, Putinin son mesajı Rusiyanın Cənubi Qafqazdakı kommunikasiya layihələrindən kənarda qalmaq istəmədiyini göstərir. Ancaq hazırkı mənzərədə əsas sual Moskvanın prosesə qayıdıb-qayıtmayacağından çox, Rusiyanın yeni regional düzəndə siyasi vasitəçi, yoxsa yalnız texniki tərəfdaş kimi yer ala biləcəyidir.
Geri dön