Ana Sayfa > Özəl > Aİ Ermənistan üçün bazarını açır: İrəvan Rusiyadan iqtisadi uzaqlaşmaya hazırlaşır?
Aİ Ermənistan üçün bazarını açır: İrəvan Rusiyadan iqtisadi uzaqlaşmaya hazırlaşır?Bu gün, 19:47. Yazar: vasif |
![]() Avropa İttifaqı Ermənistanla ticarətin iki il müddətinə müvəqqəti liberallaşdırılmasını nəzərdə tutan təklifi təsdiqləyib. Aİ Şurasının məlumatına görə, yeni rejim Ermənistanın ixrac etdiyi məhsulların təxminən 80 faizini əhatə edə bilər və İrəvanın Avropa bazarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Güzəştlər şərtsiz olmayacaq. Ermənistan məhsulları Aİ-nin sanitar və keyfiyyət standartlarına cavab verməli, coğrafi göstəricilərlə bağlı qaydalara riayət etməlidir. Eyni zamanda, Ermənistan ixracının Avropa istehsalçılarına ciddi zərər vuracağı müəyyən edilərsə, Brüsselin qoruyucu tədbirlər tətbiq etmək imkanının saxlanılması nəzərdə tutulur. Qərarın qüvvəyə minməsi üçün Avropa Parlamentinin də təsdiqi tələb olunur. Prosesin Ermənistan-Rusiya iqtisadi münasibətlərində problemlərin yaşandığı dövrə təsadüf etməsi isə siyasi müzakirələr yaradıb. İrəvan uzun illər ixracının mühüm hissəsini Rusiya bazarına yönəldib. Avropa bazarına daha geniş çıxış əldə edilməsi Ermənistan üçün ixrac istiqamətlərini şaxələndirmək və Moskvadan iqtisadi asılılığı müəyyən qədər azaltmaq imkanı yarada bilər. Professor Fikrət Yusifov hesab edir ki, Brüsselin qərarına yalnız iqtisadi addım kimi baxmaq olmaz. Onun fikrincə, Aİ Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını iqtisadi imkanlarla dəstəkləməyə çalışır. İkiillik müddətin müəyyənləşdirilməsi isə eyni zamanda Ermənistan məhsullarının Avropa bazarına uyğunlaşmasının sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan üçün qərarın birbaşa iqtisadi təsirinin böyük olacağı gözlənilməsə də, onun geosiyasi tərəfi əhəmiyyətlidir. Ermənistanın Aİ ilə iqtisadi inteqrasiyasının dərinləşməsi İrəvanın xarici siyasətində Qərb istiqamətini gücləndirə və Rusiyanın Cənubi Qafqazdakı ənənəvi iqtisadi təsir imkanlarını zəiflədə bilər. Digər tərəfdən, Ermənistanın Avropa bazarına çıxış imkanlarının artması regiondakı nəqliyyat marşrutlarının əhəmiyyətini də yüksəldə bilər. Bakı-İrəvan münasibətləri normallaşarsa və regional kommunikasiyalar açılarsa, Ermənistanın Avropa ilə ticarətinin genişlənməsi gələcəkdə Cənubi Qafqazdakı tranzit və logistika sisteminə də təsir göstərə bilər. Beləliklə, Brüsselin qərarı ilk növbədə Ermənistan üçün yeni iqtisadi qapının açılması deməkdir. Azərbaycan üçün əsas məsələ isə ticarət güzəştlərinin özündən çox, bu addımın Ermənistanın Rusiyadan iqtisadi uzaqlaşmasını və Cənubi Qafqazda Qərbin təsirinin artmasını nə dərəcədə sürətləndirəcəyidir. Geri dön |