Ana Sayfa > Özəl > Əfqanıstanın qızıl mədənləri uğrunda təhlükəli savaş: Çinlilər silahlı hücumların hədəfində
Əfqanıstanın qızıl mədənləri uğrunda təhlükəli savaş: Çinlilər silahlı hücumların hədəfindəBu gün, 18:39. Yazar: vasif |
![]() Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsindən illər keçsə də, ölkədə təhlükəsizlik problemi tam həll olunmayıb. Müxtəlif silahlı qrupların, xüsusilə şimal bölgələrində fəaliyyət göstərməsi həm qonşu dövlətlər, həm də Əfqanıstana investisiya yatıran ölkələr üçün ciddi risk olaraq qalır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, məsələ artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da diqqətindədir. Taliban hökuməti Əfqanıstanın qonşuları üçün təhlükə yaratmadığını bəyan etsə də, ölkə daxilində müxtəlif silahlı qrupların mövcudluğu ilə bağlı narahatlıqlar davam edir. Ən həssas istiqamətlərdən biri Çin şirkətlərinin Əfqanıstandakı fəaliyyətidir. Pekin ölkənin təbii sərvətlərinin hasilatına, o cümlədən qızıl mədənlərinə maraq göstərir. Lakin Şahinoğlunun sözlərinə görə, Əfqanıstanın şimalında Çin vətəndaşlarına və mədən layihələrinə qarşı silahlı hücumlar bu əməkdaşlığın təhlükəsizliyini sual altına qoyur. Politoloq iddia edir ki, hücumların arxasında yalnız Taliban əleyhinə mübarizə deyil, təbii sərvətlərdən əldə olunan gəlirlərin bölüşdürülməsi məsələsi də dayanır. Bəzi yerli qruplar regiondakı qızıl ehtiyatlarının çıxarılmasından əhalinin kifayət qədər faydalanmadığını düşünür. Bu narazılığın silahlı müqavimət üçün əlavə sosial zəmin yaratdığı bildirilir. Şahinoğlunun fikrincə, vəziyyət Talibanın bütün ölkə ərazisində eyni səviyyədə nəzarət imkanlarına malik olmadığını göstərir. Mərkəzi hakimiyyət xarici şirkətlərlə müqavilələr bağlasa da, həmin layihələrin həyata keçirildiyi bəzi ərazilərdə təhlükəsizliyə tam zəmanət verməkdə çətinlik çəkir. Taliban daxilində müxtəlif güc və maraq qruplarının mövcudluğu da vəziyyəti mürəkkəbləşdirir. Pekin isə çətin seçim qarşısında qala bilər. Çin şirkətlərinin təhlükəsizliyini təmin etmək üçün yerli icmalar və nüfuzlu qüvvələrlə daha geniş münasibətlər qurmaq Talibanla əlaqələrdə əlavə problemlər yarada bilər. Yalnız mərkəzi hakimiyyətə arxalanmaq isə investisiyaların təhlükəsizliyinə tam təminat vermir. Beləliklə, Əfqanıstanın şimalındakı mübarizə artıq təkcə silahlı qarşıdurmadan ibarət deyil. Qızıl, xarici investisiyalar, yerli maraqlar və Taliban daxilindəki güc balansı bir-birinə qarışıb. Çin üçün əsas sual isə milyardlarla dəyəri ola biləcək sərvətlərə çıxışdan əvvəl həmin layihələrin təhlükəsizliyinin necə təmin ediləcəyidir. Geri dön |