Ana Sayfa > Təhsil > DİM sədri magistratura üzrə nəticələri açıqladı -

DİM sədri magistratura üzrə nəticələri açıqladı -


Bu gün, 16:23. Yazar: Subhan
DİM sədri magistratura üzrə nəticələri açıqladı -

"Ötən günlərdə ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edildi. Əlavə yerləşdirmədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib və onlardan 508 nəfər magistraturaya qəbul olunub. Qəbul olunanların 82 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq".

aia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, əsas və əlavə yerləşdirmənin nəticələrinəgörə, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq:

"Bu rəqəmlərə yalnız ümumi qəbul göstəricisi kimi deyil, ayrı-ayrı proqramlar üzrə formalaşan müsabiqə vəziyyəti baxımından da nəzər salmaq maraqlıdır.

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub.
Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis və aerokosmik mühəndislik istiqamətlərinə uyğun olan 4, 8, 21, 52, 55, 57 və 60 saylı proqramlar üzrə ayrılmış plan yerləri 100% dolub. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, bəzi proqramlarda plan yerlərinin sayı az olduğundan onların tam dolacağı əvvəlcədən gözlənilən idi.

Digər tərəfdən, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid 29, 41, 43, 45, 47, 59, 66, 69 və 70 saylı proqramlarda ayrılmış yerlərin 50%-i və ya daha çoxu boş qalıb".

Məleykə Abbaszadə vurğulayıb ki, ali təhsil müəssisələri üzrə qəbul planı ölkənin müvafiq sahələrdə mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiqlənir:

" Buna görə də hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru olmaz.\

Eyni zamanda, boş yerlərin qalması yalnız bakalavrların seçimləri ilə də bağlı deyil. Bəzi proqramlar üzrə imtahan nəticələrinə əsasən ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı elə əvvəldən ayrılmış plan yerlərinin sayından az idi. Buna görə həmin proqramlarda qəbul planının tam dolmayacağı müsabiqədən əvvəl də bəlli idi.

Bu mənada magistraturaya qəbulun nəticələrini təhlil edərkən yalnız neçə plan yerinin dolduğuna deyil, həmin sahə üzrə müəyyən edilmiş kadr tələbatına, ayrılmış plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququ qazanan bakalavrların sayına birlikdə baxmaq daha düzgün mənzərə yaradır. Müqayisə üçün ötən ilin imtahan nəticələrinin təhlilinə də nəzər salmaq olar. "Abituriyent" jurnalının ötən ilin nəticələrinə həsr olunmuş 12-ci nömrəsində (səh. 350) təqdim edilən göstəricilər göstərir ki, proqramlar üzrə formalaşmış vəziyyət ümumilikdə bu ilin nəticələri ilə bənzərlik təşkil edir.

Fürsətdən istifadə edərək təhsil sahəsi üzrə mütəxəssislərə və qəbul nəticələrini təhlil edən şəxslərə də bir tövsiyə vermək istərdim. Bu il keçirilən imtahanların nəticələrinin daha ətraflı və müqayisəli təhlili ilə tanış olmaq üçün nəşr olunacaq "Abituriyent" jurnalının 12-ci nömrəsinə nəzər salmağı tövsiyə edirəm. Jurnalda təqdim olunan statistik məlumatlar və təhlillər qəbul prosesində formalaşan tendensiyaları daha dəqiq qiymətləndirmək və əsaslandırılmış nəticələr çıxarmaq üçün faydalı mənbədir.

Magistraturaya qəbul olunan bütün bakalavrları təbrik edirəm. Ümid edirəm ki, magistratura təhsili sizin üçün sadəcə növbəti diplom deyil, seçdiyiniz sahədə biliklərinizi dərinləşdirmək, yeni bacarıqlar qazanmaq və peşəkar istiqamətinizi daha dəqiq müəyyənləşdirmək üçün faydalı bir mərhələ olacaq.

Sonda qəbul olunanlara vacib bir xatırlatma: magistraturaların boş qalan plan yerlərinə qəbul olmuş şəxslər 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər.
Qəbul olunan hər kəsə uğurlar arzulayıram!"

aia.az
Geri dön