Ana Sayfa > Özəl > Paşinyanın Avropa planının ən çətin sınağı: Ermənilər referendumda “yox” desə nə olacaq?

Paşinyanın Avropa planının ən çətin sınağı: Ermənilər referendumda “yox” desə nə olacaq?


Dünən, 22:16. Yazar: vasif
Paşinyanın Avropa planının ən çətin sınağı: Ermənilər referendumda “yox” desə nə olacaq?




Ermənistanın Avropa İttifaqına yaxınlaşmaq siyasətinin qarşısında ən böyük sınaqlardan biri referendum ola bilər. Hakimiyyət ölkəni Avropaya inteqrasiya istiqamətində aparsa da, son sözü seçicinin deməsi Nikol Paşinyan üçün gözlənilməz siyasi nəticələr yarada bilər. İslandiyada Aİ ilə bağlı keçirilən son referendum ətrafında yaranan müzakirələr də İrəvanda mümkün səsvermənin risklərini yenidən gündəmə gətirib.
Ermənistanın vəziyyəti isə İslandiyadan xeyli fərqlidir. Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun fikrincə, İslandiya artıq Avropa İqtisadi Zonası və Şengen məkanına daxil olduğundan oradakı seçim sərt geosiyasi istiqamət dəyişikliyi anlamına gəlmir. Ermənistan üçün isə məsələ faktiki olaraq ölkənin uzun illər ərzində formalaşmış Rusiya əlaqıları ilə Avropaya inteqrasiya kursu arasında yeni tarazlıq qurması deməkdir.
Moskvanın referendum məsələsinə xüsusi diqqət göstərməsi də bununla əlaqələndirilir. Rusiya Ermənistanın eyni zamanda həm Avrasiya İqtisadi İttifaqının iqtisadi sistemində qalmasının, həm də Aİ-yə üzvlük istiqamətində irəliləməsinin uzunmüddətli perspektivdə mümkün olmayacağını bildirir. Bu səbəbdən İrəvanın gələcəkdə konkret seçim qarşısında qala biləcəyi ehtimal olunur.
Paşinyan üçün əsas təhlükə isə Avropaya inteqrasiyanı siyasi qərar kimi elan etməklə xalqdan bunun üçün mandat almağın eyni şey olmamasıdır. Referendum keçiriləcəyi halda seçici yalnız “Avropa, yoxsa Rusiya?” sualına cavab verməyəcək. Təhlükəsizlik, enerji qiymətləri, Rusiya bazarına çıxış, iş yerləri, investisiyalar və ölkənin iqtisadi gələcəyi kimi məsələlər səsvermənin nəticəsinə birbaşa təsir göstərə bilər.
Xəyal Bəşirov hesab edir ki, Paşinyan hökuməti Aİ kursuna ictimai dəstək istəyirsə, seçiciyə şüarlardan daha çox konkret nəticələr göstərməlidir. Ermənistan vətəndaşı Avropaya yaxınlaşmanın onun təhlükəsizliyinə, gəlirlərinə, məşğulluğuna və həyat səviyyəsinə nə verəcəyini görməlidir. Eyni zamanda Rusiya ilə mövcud iqtisadi əlaqələrin zəifləməsinin mümkün nəticələri və bu itkilərin hansı mexanizmlərlə kompensasiya ediləcəyi aydınlaşdırılmalıdır.
Digər ciddi risk referendumun Paşinyanın şəxsi siyasi etimad səsverməsinə çevrilməsidir. Belə olarsa, Aİ-yə münasibətdən narazı olmayan seçicilər belə hakimiyyətə etiraz məqsədilə “yox” deyə bilərlər. Üstəlik, referendum kampaniyasının Moskva-Qərb rəqabətinə çevrilməsi Ermənistan cəmiyyətində qütbləşməni daha da dərinləşdirə bilər.
Bu səbəbdən mümkün referendum Paşinyanın Avropa siyasətinin ən riskli mərhələsinə çevrilə bilər. Əgər erməni seçicisi sonda “çe” – “yox” desə, məsələ yalnız bir referendumun uduzulması ilə bitməyəcək. Belə nəticə İrəvanın bütün Avropa strategiyasını yenidən nəzərdən keçirməsinə və Rusiya ilə münasibətlərdə yeni siyasi hesablamalar aparmasına səbəb ola bilər.
Geri dön