Ana Sayfa > Özəl > Elmə sədaqətin iki 400 səhifəlik imzası

Elmə sədaqətin iki 400 səhifəlik imzası


Bu gün, 18:45. Yazar: azer
Elmə sədaqətin iki 400 səhifəlik imzası

Bəzən insanın gördüyü işin miqyasını sözlərlə ifadə etmək çətin olur. Çünki elə zəhmətlər var ki, onların arxasında yalnız əmək deyil, həm də illərin elmi təcrübəsi, müəllim məsuliyyəti, vətəndaş mövqeyi və Vətənə xidmət duyğusu dayanır. Belə insanların fəaliyyətinə nəzər salanda anlayırsan ki, elm təkcə kitab yazmaq, dərs demək və elmi məqalələr hazırlamaq deyil. Elm həm də düşüncə yaratmaq, gənc nəslə yol göstərmək, cəmiyyətə söz demək və zamanın qarşısında öz məsuliyyətini dərk etməkdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Nadir oğlu Hüseynovun elmi-pedaqoji və ictimai fəaliyyəti də məhz belə bir ziyalı məsuliyyətinin nümunəsidir. Ceyhun Hüseynov siyasi təsisatlar, etno-siyasi proseslər, insan hüquqları, dövlətçilik tarixi və beynəlxalq münasibətlər kimi mühüm elmi istiqamətlər üzrə araşdırmalar aparan alimdir. Onun müəllifi olduğu 100-dən artıq elmi məqalə və tədqiqat işi, 3 dərslik, 2 dərs vəsaiti və 9 monoqrafiya uzun illərin elmi axtarışlarının, mütaliənin, təhlilin və zəhmətin nəticəsidir. Burada xüsusilə bir məqam diqqət çəkir: onun müəllifi olduğu iki dərs vəsaitinin hər biri 400 səhifə həcmindədir. Bu, sadəcə statistik göstərici deyil. 400 səhifəlik bir kitabın arxasında yüzlərlə saatlıq araşdırma, mətn üzərində düşüncə, elmi materialların sistemləşdirilməsi, müqayisə və ümumiləşdirmə dayanır. Amma Ceyhun müəllimin son addımı bu mənada daha çox diqqətəlayiqdir. O, yay boyu, demək olar ki, istirahət etmədən iki yeni fundamental dərslik üzərində çalışıb. “Politologiya” və “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” adlı dərsliklərin hər biri 400 səhifə həcmindədir. Bu gün isə hər iki əsəri tamamlayaraq nəşrə təqdim edib. Yayın istisini, uzun günlərin yorğunluğunu, istirahətin cazibəsini bir kənara qoyub kitab qarşısında əyləşmək hər kəsin bacaracağı iş deyil. Bunun üçün elmə bağlılıq, müəllimlik məsuliyyəti və gördüyün işə inam lazımdır.

800 səhifə həcmində iki dərslik...Əslində isə burada söhbət yalnız 800 səhifədən getmir. Bu 800 səhifənin içində müəllifin illərlə topladığı bilik, elmi təcrübə, siyasi proseslərə baxışı, hüquqi düşüncəsi və tələbələrə ötürmək istədiyi böyük bir bilgi xəzinəsi var. “Politologiya” kimi mühüm bir fənnin sistemli şəkildə təqdim olunması, siyasi təsisatların, siyasi proseslərin, dövlət və cəmiyyət münasibətlərinin elmi əsaslarla izah edilməsi müasir təhsil üçün mühüm əhəmiyyət daşıyır. Eyni dərəcədə “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” dərsliyi də gənclərin hüquqi düşüncəsinin formalaşmasına, dövlətin hüquqi əsaslarını daha dərindən anlamasına xidmət edən əhəmiyyətli mənbədir. Çünki dövlətçilik yalnız dövlət qurumlarının fəaliyyəti ilə möhkəmlənmir. Dövlətçilik düşüncəsi insanın şüurunda formalaşır. Konstitusiyaya hörmət, hüquq və vəzifələri bilmək, dövlətin siyasi institutlarını anlamaq, vətəndaş məsuliyyətini dərk etmək də həmin düşüncənin ayrılmaz hissəsidir.

Ceyhun Hüseynovun fəaliyyətində elmi istiqamətlə ictimai düşüncə arasında maraqlı bir vəhdət də müşahidə olunur. O, yalnız elmi əsərlərlə kifayətlənmir, ictimai-siyasi mövzulara, insan və cəmiyyət münasibətlərinə, milli-mənəvi dəyərlərə dair düşüncələrini publisistik və fəlsəfi yazılarında da ifadə edir. Onun sosial mediada yaratdığı “Hikmət Akademiyası” səhifəsi də bu düşüncə xəttinin davamıdır. Burada elm, həyat fəlsəfəsi, insan münasibətləri və mənəvi dəyərlər ətrafında düşüncələrin paylaşılması bir növ müasir dövrün maarifçilik missiyasına çevrilir. Bəlkə də onun didaktik əsərlərə və aforizmlərə xüsusi marağının səbəbi də elə budur. Çünki böyük fikri qısa, aydın və yaddaqalan şəkildə ifadə etmək ayrıca bir istedaddır. Yüzlərlə aforizm müəllifi olmaq yalnız yazmaq bacarığı deyil, həyatın, insanın və cəmiyyətin mahiyyətinə müşahidəçi gözü ilə baxmaq deməkdir.
Alimin portretini tamamlayan daha bir mühüm cəhət isə onun ailə həyatıdır. Ailəlidir, iki oğlu və iki qızı var. Deməli, bir tərəfdə elm və pedaqogika, digər tərəfdə ailə və övlad məsuliyyəti dayanır. Bu iki istiqamətin bir-birini tamamlaması isə ziyalı ömrünün ən gözəl tərəflərindən biridir.


Ceyhun Nadir oğlu Hüseynovun fəaliyyətinə bütövlükdə nəzər salanda bir xətt xüsusilə aydın görünür: öyrənmək və öyrətmək. Elmi məqalələr, tədqiqatlar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, didaktik əsərlər, aforizmlər və publisistik yazılar — bunların hər biri eyni məqsədə, insanın düşüncə dünyasını zənginləşdirməyə xidmət edir. Bu baxımdan onun yay boyu tamamladığı iki 400 səhifəlik dərslik yalnız yeni kitabların nəşrə hazırlanması kimi qiymətləndirilməməlidir. Bu, həm də zəhmətə, elmə və müəllimlik missiyasına sədaqətin göstəricisidir. İnsanların çoxu yay aylarını istirahətlə, alimlər isə bəzən kitablarla keçirirlər. Amma bunun da öz gözəlliyi var. Çünki bir alimin masa arxasında keçirdiyi uzun gecələr sonradan yüzlərlə tələbənin oxuduğu səhifələrə çevrilir. Müəllifin çəkdiyi zəhmət tələbənin biliyinə, tələbənin biliyi isə gələcəyin cəmiyyətinə çevrilir. Ona görə də bu gün Ceyhun Hüseynovun “Politologiya” və “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” dərsliklərini nəşrə təqdim etməsi münasibətilə onu yalnız yeni əsərlərin müəllifi kimi deyil, elmə və təhsilə daha bir dəyərli töhfə verən ziyalı kimi təbrik etmək yerinə düşər.

Arzu edək ki, 800 səhifəlik bu iki böyük zəhmət yolu tələbələrin, müəllimlərin, tədqiqatçıların və dövlətçilik düşüncəsinə maraq göstərən hər kəsin yoluna işıq salsın. Çünki kitabın əsl ömrü onun çap olunduğu gün deyil, oxunduğu, düşündürdüyü və insanın həyatında iz buraxdığı gün başlayır. Ceyhun müəllimə isə yeni yaradıcılıq uğurları, tükənməz elmi enerji və qələmindən çıxacaq daha neçə-neçə dəyərli əsər arzulayırıq.

Elm yolunuz açıq, sözünüz işıqlı, kitablarınız çoxömürlü olsun, dəyərli Ceyhun müəllim!


Qalib Rəhimli.
Geri dön