Ana Sayfa > Siyasət > Azərbaycan Avrasiyanın yeni nəqliyyat arxitekturasında strateji qovşaq rolunu gücləndirir
Azərbaycan Avrasiyanın yeni nəqliyyat arxitekturasında strateji qovşaq rolunu gücləndirirBu gün, 17:04. Yazar: azer |
![]() Avrasiyada formalaşan yeni iqtisadi və nəqliyyat arxitekturasında Azərbaycanın rolu gündən-günə güclənir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammiti çərçivəsində Bakının bu nüfuzlu Avrasiya platforması ilə əlaqələrinin dərinləşməsi həm regional təhlükəsizlik, həm də geoiqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət kəsb edir. Bir tərəfdən Çin kimi nəhəng iqtisadi güclə ticarət və investisiya tərəfdaşlığının genişlənməsi, digər tərəfdən Mərkəzi Asiya ölkələri ilə enerji daşıyıcılarının nəqli və multimodal daşımalar sahəsində əməkdaşlıq Azərbaycanın regionun əsas habı kimi mövqeyini daha da möhkəmləndirir. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib. Onun sözlərinə görə, on ildən artıqdır ki, ŞƏT ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycan bu təşkilatla münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Prezident İlham Əliyevin Səmərqənddə, Astanada, Tiencində və Bişkekdə keçirilən yüksək səviyyəli görüşlərdə iştirakı bu əlaqələrin siyasi çəkisini və dinamikasını aydın göstərir. Yüksəksəviyyəli diplomatik təmaslar, o cümlədən Mərkəzi Asiya və qonşu ölkələrin liderləri ilə keçirilən ikitərəfli görüşlər siyasi münasibətlərin, iqtisadiyyat və ticarət, o cümlədən nəqliyyat əlaqələrinin genişlənməsinə və tranzit potensialının artırılmasına xidmət edir. “Ümumilikdə 36 milyon kvadratkilometrdən çox ərazini, dünya əhalisinin 42 faizindən çoxunu, yəni təxminən 3,43 milyard insanı əhatə edən ŞƏT nəhəng iqtisadi potensiala malikdir. Təşkilatın 2035-ci ilə qədər olan inkişaf strategiyasında ticarət-iqtisadi, investisiya, texnoloji və ekoloji layihələrin üstünlük təşkil etməsi Azərbaycan üçün geniş imkanlar pəncərəsi açır. Təşkilat çərçivəsində milli valyutalarda hesablaşmaların genişləndirilməsi və yeni maliyyə mexanizmlərinin yaradılması kimi təşəbbüslər regional ticarətin sabitliyini təmin edən vacib amillərdəndir”, - deyə deputat əlavə edib. O qeyd edib ki, bu strategiyada Çin Xalq Respublikasının yeri müstəsnadır. Pekinin 2013-cü ildən reallaşdırdığı "Bir kəmər, bir yol" təşəbbüsü Avrasiyada biznes və infrastruktura yönəlmiş irimiqyaslı layihələrlə müşayiət olunur. Çinin ŞƏT ölkələrinə yatırdığı investisiyaların həcmi 34 milyard dolları keçib, ikitərəfli ticarət dövriyyəsi isə 500 milyard dolları ötüb. Azərbaycan və Çin arasında imzalanmış Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə Bakının ŞƏT çərçivəsindəki rolunu dəstəkləyir. Təsadüfi deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır və Çinin regionla ticarətinin 40 faizindən çoxu ölkəmizin payına düşür. 2025-ci ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsinin 30,2 faiz artaraq 4,874 milyard dollara çatması, həmçinin Azərbaycanın ümumi xarici ticarətində ŞƏT ölkələrinin payının təxminən dörddə birə bərabər olması iqtisadi təməlin nə qədər möhkəm olduğunu təsdiqləyir. Sərmayə qoyuluşları və texnoloji əməkdaşlıq sahəsində də ciddi irəliləyişlər müşahidə olunur. Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 275-dən çox şirkət qeydiyyatdan keçib, sənaye, IT, sərnişin daşımaları və yaşıl energetika sahələrində birgə layihələr icra olunur. Bütövlükdə Çinin ölkəmizə yatırdığı investisiyaların həcmi 942 milyon dollara çatdığı halda, Azərbaycanın Çin iqtisadiyyatına, o cümlədən Dövlət Neft Fondu vasitəsilə qoyduğu sərmayələr 2,1 milyard dollar təşkil edir. “Bu iqtisadi zəncirin ən kritik halqası isə nəqliyyat və logistika infrastrukturudur. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində əvəzedilməz tranzit qovşağına çevrilib. Xəzər dənizindəki güclü ticarət donanması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi strateji obyektlər yük axınının sürətli və təhlükəsiz daşınmasını təmin edir. Çindən formalaşdırılan konteyner blok-qatarları Orta Dəhliz vasitəsilə 18–20 günə təyinat nöqtəsinə çatır ki, bu da Süveyş kanalı üzrə 40 gündən çox çəkən dəniz marşrutundan iki dəfə sürətlidir. Zaman və xərc baxımından bu üstünlük Çindən, Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya multimodal daşımaların həcmini kəskin artırır, Azərbaycanın Avrasiya ticarət xəritəsindəki geoiqtisadi çəkisini keyfiyyətcə yeni pilləyə qaldırır”, - deyə deputat vurğulayıb. Geri dön |